İngiltərəli azarkeşlər Uruqvay millisinin onların qapısından keçirdiyi 2 qolda futbolçulardan əlavə baş məşqçi Roy Hocsonu da günahlandıra bilərlər. Apasport.az saytının məlumatına görə, bunu hər iki qolun müəllifi olan Luis Suares etiraf edib.
Suares bildirib ki, Uruqvay və İngiltərə millilərinin görüşündən əvvəl Hocsonun onu Messidən zəif hesab etdiyi və ümumiyyətlə dahi futbolçu hesab etmədiyi ilə bağlı sözlər onu əsəbiləşdirib: “Bu, qisas deyildi. Amma İngiltərədə mənim zədəm barədə çox danışırdılar. Onların baş məşqçisinin sözləri isə məni əməlli-başlı əsəbiləşdirdi. Mənim 2 qolumda məni dəstəkləyən uşaqlarım və həyat yoldaşım, eləcə də məni sağaldan fizioterapevtim də günahkardırlar. Qollarımı onlara həsr etdim”.