Hesen Erbil Baş Prokurorluqda olub
12 iyun 2013 17:34 (UTC +04:00)

Hesen Erbil Baş Prokurorluqda olub

Azərbaycan və Türkiyə Respublikası prokurorluqları arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə Türkiyənin baş prokuroru Hesen Erbilin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun dəvəti ilə iyunun 11-də ölkəmizə səfərə gəlib. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyunun 12-də Türkiyə Respublikası Prokurorluğunun nümayəndə heyəti Fəxri Xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülmüşdür. Şəhidlər Xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarı üzərinə tər çiçək dəstələri düzüb, “Əbədi Məşəl” və türk əsgərlərinin xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyub. Daha sonra nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunda görüş keçirilib.

 

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

 

Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olublar. Muzeydə Azərbaycan Prokurorluğunun zəngin tarixi, Azərbaycan-Türkiyə münasibətlərini özündə əks etdirən ekspozisiyalar, eyni zamanda Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş guşə və eksponatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi hazırlanmış guşə onlarda xüsusi təəssürat oyadıb. Nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

# 403
avatar

Oxşar yazılar