Paytaxtda mənzildə 72 yaşlı kişinin meyiti aşkarlanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə Nəsimi rayonunda 1942-cı il təvəllüdlü Blesun Valeriy Vasilyeviç mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını kilidini açaraq daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində B. Vasilyeviçin öldüyü müəyyən edilib.