Ötən il Azərbaycan müdafiə sənayesi tərəfindən 96 milyon manat (123 milyon 077 min ABŞ dolları) məbləğində məhsul ixrac olunub ki, bu da 2012-ci illə müqayisədə 5,4 dəfə çoxdur.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2013-cü ildə fəaliyyətinə dair hesabatında bildirilib.
Hesabatda Azərbaycan müdafiə sənayesinin ixracat həyata keçirdiyi ölkələr və ixracın strukturu barədə məlumat verilməyib.
Ötən il Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən 121,2 milyon manat dəyərində müdafiə təyinatlı məmulat istehsal edilərək sifarişçilərə çatdırılıb. Bununla yanaşı, müdafiə təyinatlı məmulatların və əmlakın təmiri üzrə 1 milyon 179,9 min manatlıq, utilizasiyası üzrə 315,7 min manatlıq iş yerinə yetirilib.
Hazırda istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 900-ü ötüb.
MSN tərəfindən 2014-cü ildə müxtəlif çaplı minaatanlar, snayper tüfəngləri, zirehli transportyorlar üçün tırtıllar, prizmatik binokllar, snayper tüfəngi üçün optik nişangahlar, minaatanlar üçün müxtəlif atəş yığımları, dəzgahlı avtomatik qumbaraatanlar üçün təlim və döyüş atəş yığımları, 2.5 metr dərinlikdə metal axtarmaq və seçmək qabiliyyətli minaaxtaran, patrul maşınları istehsalı nəzərdə tutulur.