<b>"Qara cilddə çap eləyin kitabımı" </b>- <span style="color:red;">MƏMMƏD ARAZ - 81
14 oktyabr 2014 11:40 (UTC +04:00)

"Qara cilddə çap eləyin kitabımı" - MƏMMƏD ARAZ - 81

 

Bu gün xalq şairi Məmməd Arazın doğum günüdür. Lent.az-ın məlumatına görə,  Məmməd Araz 1933-cü ildə Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1954-cü ildə ali təhsilini başa vurandan sonra doğulduğu kəndin orta məktəbində müəllim işləyib. Daha sonra isə Bakıya köçüb. Burada o, Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarının müdavimi olub. Sonra “Ulduz” Jurnalinin məsul katibi, “Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olub.

 

!974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni, bir medalla və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilib. Hacı Zeynaalabdin Tağıyev adına milli mükafatın laureatıdır. Onun adına “Məmməd Araz” mükafatı təsis olunub.

 

Xalq şairi 2004-cü il, dekabrın 1-də 71 yaşında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn edilib.

 

 

Lent.az Məmməd Arazın son şerini təqdim edir.

 

 

Qara cilddə çap eləyin kitabımı 
 

Məndən sonra.
Qara cilddə.
Tünd qara. 
Qoy qara kağızım olsun 
O kitab dostlara, tanışlara.
Mən o rəngi sevərdim; 
Boynu bükülü dərdim, 
Pardaxlı sevincim 
O rəngdə geyinərdi 

Mən o rəngi sevərdim.
O rəngdəydi varaqlarda
Fikrimin yazı geyimi...
O rəngə hörmətimdir, 
Şəvəgözlülər, qarabuğdayılar. 
O rəngli kirpiklərin kölgəsində 
Əksim yaşardı.
O rəngin bir ev dolusunda
Vəslim yaşardı.
O rəngin ən durusu,
Safıdır
Məni oxşayan ağılar.
Qızlarımın gözündə
O rəngin özü ağlar.
Qara cilddə çap eləyin kitabımı,
Məndən sonra
Tünd qara.
Fəqət soy -- adımı
Süd rəngiylə həkk edin ora.
Daha nə deyim, 
Qoy mən 
Qara torpaq üstündə
Üfüqə doğru gedən 
Ağ yola bənzəyim.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1308

Oxşar yazılar