25 hərbçiyə mənzil verildi
10 oktyabr 2013 15:28 (UTC +04:00)

25 hərbçiyə mənzil verildi

Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və ondan çox xidmət etmiş daha 25 nəfər hərbi qulluqçunun mənzillə təmin olunması ilə bağlı qərar qəbul edilib.

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

 

Maliyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Komissiya qarşısında qoyulan vəzifələrin icra vəziyyəti barədə danışan Komissiyanın sədri, maliyyə naziri Samir Şərifov deyib ki, müvafiq meyarlara uyğun olan hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması prosesi uğurla davam edir.

 

Komissiyanın mütəmadi olaraq keçirilən iclaslarında 20 təqvim ilini dolduran və fərmanla müəyyənləşdirilmiş meyarlara cavab verən hərbi qulluqçular mənzil növbəsinə qəbul olunurlar. Qəbul edilən qərarlarda müvafiq meyarlara cavab verməklə döyüş bölgəsində xidmət etmiş və döyüşlərdə yaralanmış hərbçilər ilk növbədə nəzərə alınır. İclasda Komissiya tərəfindən mənzil növbəsinə qəbul olunmuş hərbi qulluqçulardan 25 nəfərin dövlət vəsaiti hesabına Bakı və Naxçıvan şəhərlərində mənzillə təmin olunmasına dair qərar qəbul edilib. Bununla da, bu günə qədər Komissiya tərəfindən 462 nəfər hərbi qulluqçunun Bakı şəhəri daxil olmaqla respublikanın müxtəlif regionlarında mənzillə təmin olunması ilə bağlı qərarlar qəbul edilmiş və artıq müvafiq mənzillər 213 hərbi qulluqçunun mülkiyyətinə verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1453

Oxşar yazılar