Vilayət Eyvazov Qubada qəbul keçirdi - VİDEO
25 may 2022 12:57 (UTC +04:00)

Vilayət Eyvazov Qubada qəbul keçirdi - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov mayın 24-25-də Quba Rayon Polis Şöbəsində növbəti qəbul keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Daxili işlər naziri əvvəlcə Ümummilli lider Heydər Əliyevin Quba şəhərindəki abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib, önünə gül dəstəsi qoyub.

Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Quba, Qusar, Şabran, Siyəzən, Xızı, Xaçmaz rayonlarından gələn 72 vətəndaşı qəbul edən nazir onların müraciətlərini dinləyib, problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.

Qəbula gələn vətəndaşlar onlara göstərilən diqqət və qayğıya, dövlət qurumlarının rəhbərləri tərəfindən ərizə və müraciətlərinə operativ yanaşılmasına görə ölkə Prezidentinə minnətdarlıq ediblər.

Daha sonra general-polkovnik V.Eyvazov şimal bölgəsi üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib.

Xidmətə qəbulun şərtlərinə uyğun gələn 101 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 37-si Vətən müharibəsi iştirakçısı, 7-si isə şəhid ailələrinin üzvləri olublar.

Sonda daxili işlər naziri, general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha effektiv tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.

# 1836
avatar

Mehman Nəbiyev

Oxşar yazılar