Xırdalanda qatar vuran piyadanın adı məlum olub.
Lent.az xəbər verir ki, Xırdalan dəmir yolu stansiyasının ərazisində Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Elşad Möhüb oğlu Camalov idarə etdiyi “ADY” QSC-yə məxsus “Stadler” markalı sürət qatarı ilə paytaxt sakini, 1989-cu il təvəllüdlü Kamran Vasif oğlu Dadaşovu vurub.
K.Dadaşova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Faktla bağlı araşdırmalar aparılır.
***
1 aprel, saat 10:50
Bu gün saat 08:31-də ADY-yə məxsus sərnişin qatarı Xırdalan-Biləcəri istiqamətində hərəkətdə olarkən dəmiryol xəttinin üzərinə qəfil insan çıxıb. Maşinist təcili tormozlama aparsa da, hadisə qaçılmaz olub və piyada xəsarət alıb.
Lent.az xəbər verir ki, bu barədə "oxu.az"a "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev məlumat verib.
O bildirib ki, qəza nəticəsində qatar hərəkətinə gecikmə ilə davam edib:
"Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb".
"ADY bir daha piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır və qanunvericiliyin tələblərini diqqətə çatdırır: Dəmir yolunu nəqliyyat vasitəsi ilə və ya piyada keçməyə xüsusi təchiz edilmiş yerlərdən istifadə etməklə yol verilir. Bu zaman xüsusi təchiz edilmiş piyada keçidlərindən, körpülərdən, tunellərdən, dəmiryol keçidlərindən, yol ötürücülərindən istifadə edilməli, texniki vasitələrlə və ya dəmiryol nəqliyyatı işçiləri tərəfindən verilən işarələr (siqnallar) diqqətlə izlənilməli, piyadalar keçid döşənəyindən keçməmişdən əvvəl yaxınlaşmaqda olan hərəkət tərkibinin olmadığına, həmçinin dəmir yolunu keçmək üçün hərəkət tərkibi yaxınlaşdıqda dayanaraq gözləməli və yalnız qatar keçib getdikdən və qonşu dəmir yollarında hərəkətdə olan hərəkət tərkibinin olmadığına əmin olduqdan sonra keçməlidirlər", - deyə məlumatda bildirilir.