Torpaq alqı-satqısına dair Rüfət Səfərovla bir nəfər arasında yaranan münaqişənin təfərrüatları məlum olub.
Lent.az APA-ya istinadən xəbər verir ki, Rüfət Səfərovun atası Eldar Səfərovun mülkiyyətində olan və Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən 11,3 sot torpaq sahəsinin bir hissəsi 2024-cü ilin mart ayında notarial qaydada N.İmanquliyevə 58 800 manata satılıb.
Bir müddət sonra torpaq sahəsinin qalan hissəsinin rəsmiləşdirilməsi ilə bağlı tərəflər arasında anlaşılmazlıq yaranıb. Vətəndaşın iddiasına görə, bununla bağlı Rüfət Səfərov anlaşılmazlıqda pul vəsaitinin bölünməsinin ailədaxili narazılığa səbəb olduğundan atası E.Səfərovu qalan torpaq sahəsini satmağa razı saldığını N.İmamquliyevə deyib. Bir neçə gün sonra notarial qaydada alqı-satqını rəsmiləşdirəcəklərinə dair vəd verib 60 000 manat məbləğində pul vəsaitini ələ keçirib.
Dekabrın 3-də Binəqədi rayonunda R.Səfərov yaşadığı binanın avtodayanacağında görüşən N.İmanquliyev 60.000 manat pulunu geri qaytarmasını ondan tələb etdikdə münaqişə yaratmaqla ona xəsarət yetirib.
Zərərçəkmiş N.İmamquliyevin müraciəti əsasında faktla bağlı Polis İdarəsində başlanan cinayət işi üzrə R.Səfərov Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.