Ramiz Mehdiyevin vaxtında baş verən qanunsuzluqlarla bağlı CİNAYƏT İŞİ AÇILDI
21 oktyabr 2024 14:51 (UTC +04:00)

Ramiz Mehdiyevin vaxtında baş verən qanunsuzluqlarla bağlı CİNAYƏT İŞİ AÇILDI

Milli Elmlər Akademiyasında baş vermiş qanun pozuntusu faktları ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş material əsasında Milli Elmlər Akademiyasının fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə bağlı aparılmış araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Sözügedən qurumun 2020-2023-cü illərə dair fəaliyyəti üzrə təyin edilmiş audit yoxlamaları nəticəsində vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi, habelə digər qanun pozuntularının törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı aparılmış araşdırma üzrə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***

18 oktyabr, saat 17:10

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə Kollegiya iclası keçirilib.

Lent.az xəbər verir ki, iclasda bir çox məsələlər, eyni zamanda “Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi”nin nəticələri müzakirə olunub.

Müzakirələrin nəticəsinə əsasən, 2020-2021-ci illərdə dövlət vəsaitindən və əmlakından istifadədə aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Baş Prokurorluğa göndərilməsinə dair qərar qəbul olunub.

Qeyd edək ki, sözügedən dövrdə AMEA-nın prezidenti Ramiz Mehdiyev olub. O, 2019-2022-ci illərdə bu vəzifəni icra edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4092
avatar

Oxşar yazılar