Mari El Respublikasında 6-cı sinif şagirdi qardaşı ilə yuyulmamış qab-qacaq üstündə mübahisə etdikdən sonra intihar edib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Morki kəndində baş verib. Böyük qardaş 12 yaşlı oğlandan qabları yumağı xahiş etsə də, o, imtina edib. Nəticədə onlar arasında mübahisə yaranıb. Bu zaman kiçik qardaş böyüyü çubuqla, böyük isə cavab olaraq onun üzünə şillə ilə vurub.
Kiçik qardaş ağlamağa başlayıb. Böyük onu sakitləşdirməyə çalışsa da, sonra çıxıb gedib. Qayıdanda isə qardaşının öldüyünü görüb. Hadisə yerinə təcili tibbi yardım əməkdaşları gəlsələr də, uşağı xilas etmək mümkün olmayıb.
Uşağın ailəsinin qeyri-funksional kimi qeydiyyata alındığı, ananın əvvəllər valideynlik öhdəliklərini yerinə yetirmədiyinə görə cərimələndiyi məlum olub.