Lənkəranda ağır qəza, 4 nəfər yaralandı
02 mart 2025 03:39 (UTC +04:00)

Lənkəranda ağır qəza, 4 nəfər yaralandı

Lənkəranda "VAZ-2107" markalı minik avtomobilinin yük avtomobilinin qoşqusuna çırpılması nəticəsində 4 nəfər xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə Lənkəran-Boradigah-Masallı avtomagistralının Lənkəran rayonunun Veravul kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yolda hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili, yol kənarında hərəkətsiz dayanan, içərisi mişar daşı ilə dolu olan yük avtomobilinin qoşqusuna çırpılıb.

Qəza nəticəsində minik avtomobilində olan Lənkəran rayonunun Separadi kənd sakinləri 2008-ci il təvəllüdlü F.Əhmədzadə, 2004-cü il təvəllüdlü Ziya Mübariz oğlu Canıyev, 1997-ci il təvəllüdlü Şahrza Həsrət oğlu Rzayev və 1998-ci il təvəllüdlü Fərid Qədir oğlu Əzimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Xəstəxanadan verilən məlumata görə F.Əhmədzadəyə sağ qulağın sıyrılmış yarası, Z.Canıyevə alının sağ payının əzilmiş yarası, Ş.Rzayevə sağ dirsək oynağının çıxığı və sınığı, F.Əzimova isə sağ qaş üstü nahiyəsinin əzilmiş-didilmiş yarası, sağ göz yuvasının əzilmiş yarası, qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Xəsarət alanlardan Fərid Əzimovun vəziyyəti ağır olduğundan, reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə qəzanın baş verməsinə səbəb yolun buzlu olması və sürücünün idarəetməni itirməsi olub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1034

Oxşar yazılar