“Nəsimi rayonu 3-cü Alatava deyilən ərazidə 23:34 dəqiqədə yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal yanğın yerinə yağından mühafizə bölmələri cəlb olunub. Yanğının mürəkkəbliyi və evlərin bir-birinə bitişik olduğu nəzərə alınaraq əlavə qüvvələr də cəlb edilib”
Bunu Lent.az-a açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəis müavini Taleh Babayev deyib.
O qeyd edib ki, yanğın təxminən yarım saat ərzində söndürülüb: “Mənzilin birinci mərtəbəsində təxminən 50 kv.m, ikinci mərtəbədə isə 100 kv.m sahə yanıb. Ərazidə olan sakinlər təxliyə edilib və bitişik evlər mühafizə edilib. Verilən məlumata görə, bir nəfər xəsarət alıb. Yaralı təcili yardıma təhvil verilib. Yanğının başvermə səbəbi araşdırılır”.
***
00.46
Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsində yerləşən evdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Lent.az xəbər verir ki, yanğının mürəkkəbliyinə, o cümlədən ərazidə bitişik evlərin yerləşməsi səbəbindən yayılma riskinin yüksək olmasına baxmayaraq, hadisəyə operativ reaksiya və yanğınsöndürənlərin peşəkarlığı sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Əlavə məlumat veriləcək.
***
00.29
Bakının Nəsimi rayonunda yerləşən evdə yanğın hadisəsi baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, yanğın 3-cü Alatava küçəsində qeydə alınıb. Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Mühafizə Xidmətinin maşınları və əməkdaşları əraziyə cəlb edilib. Yanğın söndürülüb.
Əraziyə polis əməkdaşları cəlb edilib. İlkin məlumata görə, bir nəfər xəsarət alıb. Yanan binanın sakinləri təxliyə edilib.