İqbal Ağazadənin evinə basqın edildi: ARAŞDIRMA BAŞLANILDI
27 noyabr 2019 11:37 (UTC +04:00)

İqbal Ağazadənin evinə basqın edildi: ARAŞDIRMA BAŞLANILDI

Ümid Partiyasının sədri İqbal Ağazadənin evinə basqın edilməsi ilə bağlı araşdırmaya başlanılıb.

Bu barədə Lent.az-a Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. O qeyd edib ki, araşdırmaların nəticəsi ilə bağlı əlavə məlumatlar veriləcək.

***

11:15

Ümid Partiyasının sədri İqbal Ağazadənin yaşadığı evə basqın edilib.

Lent.az məlumat verir ki, bu barədə onun özü sosial şəbəkə hesabında yazıb. O bildirib ki, evinə hücum edən şəxsin əlində xüsusi kəsici alət və özünü müdafiə üçün idman çubuğu olub:

“Təxminən ay yarım öncə gecə saatlarında naməlum şəxs evimə gələn əsas elektrik xəttini xüsusi alətlə kəsib, qaz sayğacından evə qaz dolmasını xəbərdar edən xətt sıradan çıxarıb. Bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət ərizəsilə müraciət edərək olayın araşdırılmasını xahiş etmişdim. Ərizəmə video görüntüləri də əlavə etmişdim. Hadisəni törədən şəxsin kimliyini müəyyən etmək o qədər də çətin deyildi. Lakin keçən günlər ərzində bununla bağlı ciddi bir nəticə əldə edilmədi.

Bu gün yenə də gecə saatlarında qəflətən işıqlarımız söndü. Qonşuların işıqlarının yanması məndə olayın təkrarlandığı qənaəti yaratdı. Mən dərhal küçəyə çıxdım və işığı kəsən adamın qaçdığının şahidi oldum. Uzun təqibdən sonra şəxsi yaxaladım. Əlində xüsusi kəsici alət və özünü müdafiə üçün idman çubuğu var idi. Müqavimət göstərsə də, onu saxlamağa müvəffəq oldum. Şəxs rus millətindən olan, idmanla professional məşğul olduğunu deyən birisi idi. Heç bir sualıma cavab vermədi. Danışdırmağa cəhd etsəm də, sadəcə susdu. Bu hərəkətini niyə edib, məni və evimi necə tanıdığı barədə heç bir cavab vermədi”.

İ.Ağazadə qeyd edib ki, baş verən hadisə sıradan deyil:

“Məni tanımayan, o cümlədən mənim tanımadığım birinin belə hərəkəti səbəbsiz və sifarişsiz deyil. Qənaətlərimi hələ bölüşmək niyyətində deyiləm. Çünki şəxsi hüquq-mühafizə orqanlarına təhvil vermişəm (Xətai rayon 37-ci polis bölməsinə). Heç kim, o cümlədən istintaq aparan şəxslər bu olayın təsadüf və ya adamın psixoloji problemi olması ilə izah etməyə çalışmasın. Bizə də məlum olan bəzi məsələlər var artıq.

Hüquq-mühafizə orqanlarından, xüsusilə cənab nazir Vilayət Eyvazovdan hadisənin professional araşdırılması üçün gərəkilən tapşırıq verməsini xahiş edirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3980

Oxşar yazılar