16 yaşlı məktəbli qızın intihar hekayəti - FOTO
14 oktyabr 2010 20:30 (UTC +04:00)

16 yaşlı məktəbli qızın intihar hekayəti - FOTO

...Əllərini yana açıb, ayaqlarını barının kənarından üzdü. Ömründə ilk dəfəydi ki, özünü bu qədər azad, sərbəst, yüngül hiss edirdi. Az əvvəl 16 mərtəbəli göydələnin damına çıxarkən aşağıda qoyub getdiyi həyata doğru uçdu. Ruhunu yuxarıda qoyub gəldi – yaşasın, sevsin deyə... Bədənini aşağı atdı - ölmək üçün... Hər şeyin yerini beləcə müəyyənləşdirdi. Ruh göydə, bədən yerdə...

Axşam atasından istədiyi iki qoğalın dadını, tamını yadına saldı. Az əvvəl məktub yolladığı sevgilisinin baxmaqdan doymadığı gözlərinin rəngini xatırladı... “Rəfiqəmgilə gedirəm” deyib gözündən yayındığı anasının üzünü, evinə gedib çıxmadığı rəfiqəsinin incik baxışını təsəvvür elədi...

Hər şey yadındaydı... Qəfil tappıltıya qədər...

***

Cəmi 16 yaşı vardı Xalidənin. 11-cu sinifdə oxuyurdu. Düşünürdü ki, bu həyatda hər şeyi qazana bilər. Məktəbdə, ailədə, məhəllədə hamı onu ağıllı-tərbiyəli bir qız kimi tanıyırdı. İndi isə o qaynar, istiqanlı qızın soyuq bədəni Maştağa qəbiristanlığında uyuyur…

Xalidə oktyabrın 11-də Şərifzadə küçəsindəki 16 mərtəbəli binanın damından atıb özünü. Həmin vaxt onun telefonundan bir oğlana yazdığı və qəbul etdiyi SMS-lər də tapılıb. Xalidə SMS-ləri Faiq Nurməmmədov adlı oğlana yazıbmış: “Bir saat sonra gəl bax, meyitimi yerdə görəcəksən”. Faiq isə Xalidəni sakitləşdirmək istəyib: “Ağıllı ol Xalidə, ayıbdır, özünü atma, hər şey yaxşı olacaq”.

Bunlar hamısı “daha bir intihar hadisəsi” kimi mediada yayılan xəbərin ilkin detallarıdır...

“Qızım Faiqi sevdiyini mənə demişdi”

Faiq bu ilə kimi Xalidə ilə birgə 53 saylı məktəbdə oxuyub. Yeni dərs ilindən isə məktəbini dəyişib. Onlar arasında sevgi münasibətinin kökü isə bir neçə il əvvələ gedib çıxır. Faiqlə Xalidə əhd-peyman kəsiblər ki, bir-birini ömür boyu sevəcəklər.
Xalidənin sevgisindən çox adamın xəbəri olub. Başda qızın atası olmaqla. Atası Rizvan Əlibabayev Lent.az-a açıqlamasında deyir ki, Xalidənin Faiqdən xoşu gəldiyini bilirmiş: “Özü Faiqin şəklini mənə göstərmişdi, deyirdi yaxşı, ağıllı oğlandı. Biz Xalidə ilə həm də dost idik. Heç nəyi gizlətməzdi məndən, oturub tez-tez söhbət edərdik. Ayın 10-u axşam dedi ki, ata, sabah işdən gələndə 2 dənə qoğal gətir mənimçün... Gətirmişdim, sabahı günü işdə olmuşam, dərsdən çıxıb gəlib evə, otağına girib 2 saat yatıb. Sonra anasına yalandan deyib ki, rəfiqəsi var - Ayşə - onlara gedir. Amma ora getməyib”.

“Bir də gördüm zəng gəlir, tanımadığım nömrədən, deyirlər ki, dur gəl... Dedim nə olub axı? O da dedi ki, dur təcili gəl, qızının başına iş gəlib. Getdim gördüm ki, binanın qarşısında üstünü də örtüblər, üstünü açanda tanıdım, qanın içindəydi, qollarıma alıb qaldırdım, ürəyim yerindən çıxdı. İşdən çıxanda Xalidənin qoğallarını da götürmüşdüm, əlimdə idi, sonra bilmədim hara yox oldu qoğallar...”

Rizvan Əlibabayevin 3 qızı var, deyir hamısı ağıllıdı, Xalidə böyük olduğuna görə o başqa idi hamımız üçün: “Adını da özüm qoymuşdum. Qabiliyyətli idi, muncuqlardan cürbəcür şeylər düzəldirdi. Mənim ən yaxın dostum idi. Ürəyimizi bir-birimizə açırdıq”.

Atası Xalidənin Faiqdən xoşu gəldiyini bilirmiş: “Mənə demişdi. Amma o oğlanı həyatda görməmişdim. Bilmirəm qızıma neyləyib, ancaq cavab verəcək, mən bu işi belə qoymayacam. Mənim qızımı necə bədbəxt elədi o da cəzasını alsın”.

Nəvəsini axtaran baba

Xalidənin babası Yavər kişi sevimli nəvəsinin öldüyünə hələ də inanmır. Qız öləndən sona baba nəvəsini axtarmaq üçün onun oxuduğu məktəbə gedib, Xalidəni tapa bilməyib. Şərəf lövhəsinin qarşısında dayanıb xeyli, Xalidənin lövhədən boylanan şəklinə baxıb, yavaş-yavaş evə qayıdıb.

Amma indi Xalidə bu dünyada olmadığı kimi həmin şəkil də şərəf lövhəsində qalmayıb. 53 nömrəli məktəbin direktoru Firəngiz Həsənova dedi ki, Xalidənin şəkilini, onun sənədləri ilə birgə prokurorluğa veriblər.

Qanunun soyuq üzü

Əlibabayevlər ailəsi bu işlə bağlı vəkil də tutub. Zərərçəkmişlərin hüquqi nümayəndəsi Ramazan Bağırov ekspertizanın rəyini gözlədiklərini dedi: “Bizə deyiblər ki, ekspertizanın rəyi bir həftədən sonra məlum olacaq. Bunda sonra cinayət işinin hansı istiqamətdə davam etdirilməsi bilinəcək. Biz bu işin ədalətli və obyektiv aparılması üçün əlimizdən gələni edəcəyik. Əgər görsək ki, qeyri-obyektivlik var, baş prokuror Zakir Qaralova və ölkə başçısına müraciət edəcəyik”.

Xalidə Əlibabayevanın intiharı ilə bağlı cinayət işini Yasamal rayon prokurorluğunun müstəntiqi Azər Mirsalamov aparır. Müstəntiq də ekspertizanın rəyini gözləyir: “Bu hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə iş başlanılıb. Hələlik heç kim məsuliyyətə cəlb olunmayıb. Amma istintaqın gedişi zamanı kiminsə məsuliyyətə cəlb olunması da istisna deyil. Əgər döyülmə və sair kimi özünü öldürmə həddinə gətirmə halları aşkar olunsa, həmin şəxs mütləq məsuliyyətə cəlb olunacaq. İndi isə bizə ekspertizanın rəyini gözləmək qalır. Ekspertizanın qarşısına qoyduğumuz suallardan biri də bakirəliyin pozulub-pozulmamasıdır. Rəy isə 3-4 həftəyə məlum olacaq”.

Son uçuş

Xalidədən bu dünyada nə şərəf lövhəsindəki şəkli, nə atasının həvəslə qoynuna qoyub gətirdiyi iki qoğal, nə də çəkdiyi, onu son addıma gətirib çıxaran iztirablar qaldı... Qalan bir tumurcuq sevgi, bir övlad yanğısı, bir də əbədi bir həsrət olacaq...


Nizam RZA

[email protected]

Foto Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2620

Oxşar yazılar