Göyçayda Telman İsmayılovun ata-baba yurdu satılır
18 yanvar 2010 18:15 (UTC +04:00)

Göyçayda Telman İsmayılovun ata-baba yurdu satılır

Bu barədə Lent.az-a mülkün hazırkı sahibi Vidadi Babayev məlumat verib. O, Göyçay rayonunun mərkəzində – Hacı Zeynalabidin Tağıyev küçəsində (keçmiş Karl Marks küçəsi) yerləşən evi 1958-ci ildə aldıqlarını bildirib: “Həmin vaxt atam Həsən Babayev bu mülkü Telman müəllimin rəhmətlik atası Mərdan İsmayılovdan almışdı. Mərdan kişi bu evi bizə sataraq Bakıya köçdü. Sonradan mənim atam da rəhmətə getdi. Hazırda bu evdə mən ailəmlə yaşayıram. Ancaq mülkü sataraq Bakıya köçmək istəyirəm. Mülk 14 sot topaq sahəsi, üçotaqlı və şüşəbəndi olan evdən ibarətdir”.

T.İsmayılovla tanışlığı olduğunu deyən V.Babayev bir müddət əvvəl Moskvada olarkən İsmayılovun qardaşı oğlu Zaurla görüşdüyünü bildirib: “Mən qışda gedəndə Zaurla “Praqa” restoranında görüşdüm. Dedim ki, vəziyyət belədir, yəni evi satıram. Dedi ki, satma, saxla, qoy Telman müəllimə deyək sonra. Ondan sonra Telman İsmayılov Moskvadan getdi Türkiyəyə, əlaqələr də kəsildi. İndi mən Telman İsmayılova mətbuat vasitəsilə evi satmaq istədiyimi bildirirəm. Düzdür, mən indi evi satıram, yəni satışa çıxarmışam. Ancaq istərdim ki, Telman müəllim bilsin, sonra sataq. Çünki rəhmətlik böyük qardaşı Ramiz də bu evi almaq istədiyini bildirib, qardaşı oğlu Zaur da onun bu məslədən xəbər tutmasını istəyirdi”.

V.Babayev mülkü hansı qiymətə satdığını açıqlamayıb: “O qədər də baha deyil”.

Qeyd edək ki, hazırkı milyarder İsmayılov Telman Mərdan oğlu 1956-cı il oktyabrın 26-da Göyçay rayonunda anadan olub. 1989-cu ildən AST (Alik (Ələkbər), Sərxan və Telman) şirkətlər qrupunun prezidentidir. Moskvadakı Çerkizovo, Varşavski bazarlarının, “Praqa” restoranının, “Qof” mehmanxanasının, AST nəşriyyatlar qrupunun sahibidir.
İsmayılovlar ailəsində 12 uşaq dünyaya, Telman onuncu övlad olub.
1973-76-ci illərdə Azərbaycan Xalq Təsərrüffatı İnstitutunda ali təhsil alıb. Hərbi xidmətini başa vurduqdan sonra isə Moskvadakı Plexanov adına Xalq Təsərrüfatı İnstitutunu bitirib.
O, 18 yaşında - Azərbaycan Xalq Təsərrüfatı Institutunun (indiki Iqtisad Universiteti) birinci kursunda təhsil alarkən mağaza sahibi olub.
“Forbs” jurnalının versiyasına görə, Rusiyanın ən varlı adamları sırasında yer alır və varidatının həcmi 700 milyon dollar civarında qiymətləndirilir (baxmayaraq ki, təkcə “Mardan Palace” otelinə bundan iki dəfə çox pul xərcləyib.)
Ümumrusiya Azərbaycanlıları Konqresinin və Avrasiya Yəhudiləri Konqresinin vitse-prezidentidir.
2009-cu ildə Türkiyədə “Mardan Palace” otelini tikdirib.
Hobbisi qiymətli saat yığmaqdır. Kolleksiyasında təxminən 2 mindən çox qiymətli saat var.
Evlidir, Alik (Ələkbər) və Sərxan adlı iki oğlu və iki nəvəsi var.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2379

Oxşar yazılar