Mətanət İsgəndərli həbs oluna bilər
09 noyabr 2012 10:16 (UTC +04:00)

Mətanət İsgəndərli həbs oluna bilər

Fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin oğurlanması üzrə qaldırılan cinayət işinin istintaqında artıq 3 nəfər haqqında həbs-qətimkan tədbiri seçilib.

Tutulan şəxslərdən biri Elşad Abdullayevin 3 milyon dollar verdiyini iddia etdiyi iş adamı Arzu Kazımov, digəri isə 3 il öncəyə qədər baş nazirin müavini Elçin Əfəndiyevin köməkçisi işləyən Vaqif Hüseynovdur. Onlar haqqında CM-nin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət işi açılıb. Qeyd edək ki, tutulan şəxslər ayrı-ayrı vaxtlarda Elşad Abdullayevdən qardaşının azad edilməsi üçün “yuxarılara” verəcəkləri adı ilə bir neçə milyon dollar alıb.

Baş verənləri Mahir Abdullayevin oğurlanması faktının açılması üçün önəmli gəlişmə adlandıran E.Abdullayevin hüquqi nümayəndəsi və bacısı oğlu Azad Mürsəliyev “Yeni Müsavat”a açıqlamasında deyib ki, məsələnin obyektiv araşdırılması üçün E.Abdullayevin adını çəkdiyi digər şəxslər - müğənni Mətanət İsgəndərli, onun bacısı Təranə, Sənan İbrahimov, Qulu Cəfərov, skripkaçı Asif, İsgəndərlinin sürücüsü Teymur, prodüseri Ələddin, mühafizə xidmətinin rəhbəri Fazil istintaqa cəlb edilməlidirlər.

Dünən Mətanət İsgəndərli ilə əlaqə saxlamaq və istintaqa çağırılıb-çağırılmamasını öyrənmək üçün onun mobil telefonuna zəng vurduq.
Telefon zənginə müğənninin bacısı Təranə İsgəndərli cavab verdi. İndiyə qədərki telefon zənglərimizdə suallarımızı səbirlə dinləyib cavab verən Təranə İsgəndərli bu dəfə bizimlə olduqca əsəbi tonda danışdı. Qısa telefon söhbəti zamanı T.İsgəndərli bildirdi ki, Mətanət İsgəndərli heç kimə açıqlama vermək fikrində deyil, bir daha onları narahat etməyək.

Yada salaq ki, Elşad Abdullayev dönə-dönə Mahir Abdullayev oğurlanan gün müğənninin evində olduğunu deyib. “Yeni Müsavat”a göndərdiyi açıqlamalarda E.Abdullayev iddia edib ki, Mahir Mətanət İsgəndərlinin evinə israrlı telefon zəngləri ilə dəvət edilib, burada dava olub, davadan sonra Mahir Abdullayev Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb, bir neçə gün sonra MTN-ə gətirilib və bundan sonra ondan heç bir xəbər almaq mümkün olmayıb. Keçmiş rektor Mahir Abdullayevin Mətanət İsgəndərlinin evinə gəlməsini təsdiq edən sənədi - “Azercell” mobil operatorundan alınan telefon qeydlərini də “Yeni Müsavat”a təqdim edib. E.Abdullayevin sözlərinə görə, mobil telefonla Mahirin yerinin müəyyən edilməsi üzrə izləmə sənədlərini ona istintaqı o zaman aparan MTN əməkdaşları təqdim edib.
Sonradan həmin MTN əməkdaşları belə bir sənədi E.Abdullayevə verdikləri haqqında istintaqa ifadə də veriblər. Sənəddə Mahir Abdullayevin oğurlanan gün təxminən 6 saat Mətanət İsgəndərlinin yaşadığı ünvanda olduğu bildirilir. E.Abdullayev israrla iddia edir ki, müğənni və həmin gün evdə olan şəxslər Mahir Abdullayevin oğurlanmasının təşkilatçılarındandır və dərhal həbs edilməlidirlər.

Bir neçə həftə öncə haqlarında səslənən iddiaları “Yeni Müsavat”a şərh edən T.İsgəndərli demişdi ki, əgər belə bir məsələ olsaydı, onları da istintaqa dəvət edərdilər. Bir məsələni də vurğulayaq ki, hələlik istintaq orqanları nə Mətanət İsgəndərli, nə Təranə İsgəndərli, nə də onların adıçəkilən digər qohumlarının dindirilməsi ilə bağlı açıqlama yaymayıb.

Adının çəkilməsini istəməyən ekspertin sözlərinə görə, Arzu Kazımovun və daha iki nəfərin həbsi faktın araşdırılması üzrə ciddi irəliləyiş sayılsa da məsələ üzərində uzun illər davam edən sirr pərdəsinin götürülməsi üçün qısa zamanda digər əməliyyat tədbirləri də həyata keçirilməlidir. Çünki vaxt itkisi bu işin açılmamasında maraqlı olan tərəflərin kontur-addımlar atmasını stimullaşdırır. Bu işdə açar rolunu oynayacaq məsələ isə məhz Mətanət İsgəndərli və onun ətrafındakı adıçəkilən şəxslərin dindirilməsi, eləcə də polkovnik Hacı Məmmədovun “Qarabulaq” İstirahət Mərkəzi ərazisində axtarış tədbirlərinin həyata keçirilməsidir.

Yada salaq ki, Azərbaycanın keçmiş daxili işlər naziri İsgəndər Həmidov Mahir Abdullayevinin izlərinin “Qarabulaq”da axtarılması məsələsini gündəmə gətirib. Onun fikrincə, Mahir Abdullayevin də bir sıra yüksək rütbəli məmurlar kimi indi MTN-də təkadamlıq kamerada saxlanan Hacı Məmmədovun qurbanlarından biri olma ehtimalı böyükdür. Hələlik istintaq orqanları bu haqda heç bir açıqlama vermir.

Yeni Müsavat
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6296

Oxşar yazılar