Qətl törədildi: Nazirlik Ovçular Cəmiyyətini suçladı, prokurorluq ehtiyatsızlıq dedi - YENİLƏNİB
21 oktyabr 2012 21:50 (UTC +04:00)

Qətl törədildi: Nazirlik Ovçular Cəmiyyətini suçladı, prokurorluq ehtiyatsızlıq dedi - YENİLƏNİB

Beyləqan rayonunda qanunsuz ov edənlərin Ovçular Cəmiyyətinin Beyləqan rayon şöbəsinin rəisini qətlə yetirməsinə Beyləqan Rayon Prokurorluğundan münasibət bildirilib.

Rayon prokurorluğundan APA-nın Qarabağ bürosuna verilən məlumata görə, oktyabrın 21-də, gecə saat 00:30 radələrində Beyləqan rayon sakini Süleymanov Allahyar Əli oğlu, rayonun Dünyamalılar kənd sakini Alxanov Ruslan Əkbər oğlu və Eyvazalılar kənd sakini Cəfərov Əbülfət Nəsib oğlu müxtəlif dərəcəli xəsarətlərlə Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırlıblar.


Rayon prokurorluğunun böyük müstəntiqi Bilal Məmmədovun sözlərinə görə, aparılan ilkin araşdırma zamanı müəyyən olunub ki, 20 oktyabrda saat 23.00 radələrində Beyləqan şəhər sakini Mahmudov Ruhi Mirzə oğlunun idarə etdiyi “Niva” markalı minik maşınında olan Beyləqan şəhər sakinləri Əliyev Mahir Allahverdi oğlu, Hüseynov Mahir Əvəz oğlu, Əsədov Vasif Fərzi oğlu, Muradxanov Vaqif Qənimət oğlu rayonun Yeni Mil qəsəbəsi yaxınlığında ov ediblər. Onlar ov edərkən, Ovçular Cəmiyyətinin Beyləqan rayon şöbəsinin sədri Allahyar Süleymanov həmin şəxslərə qanunsuz ov etdiklərini bildirib və mübahisə edib. O, ov silahlarını təhvil vermələrini tələb edib: “Allahyar Süleymanov özü maşından ov tüfəngini götürmək istəyib. Maşında olanlar silahı vermək istəməyib və mübahisə edərək, silahı özlərinə tərəf çəkiblər. Bu zaman silahdan açılan atəşlə A. Süleymanov, həmçinin yaxınlıqdakı R. Alxanov və Ə. Cəfərov müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Allahyar Süleymanov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü maddəsi ilə (ehtiyatsızlıqdan adam öldürmə) cinayət işi açılıb.

***
20.14
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu gün Beyləqan rayonunda brakonyerlərlə Ovcular Cəmiyyəti arasında yaşanmış insidentə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilib ki, ötən gecə Beyləqan rayonu ərazisində Ovçular Cəmiyyətinin nümayəndələri ilə ov etmək istəyən bir qrup şəxs arasında ölümlə nəticələnən hadisənin baş verməsi barədə mətbuatda məlumat yayılıb.

Nazirlik ölümlə nəticələnən hadisənin “Azərbaycan Ovçular Cəmiyyəti rəhbərliyinin qanunsuz olaraq həyata keçirdiyi əməllərin nəticəsi” kimi qiymətləndirib: “Belə ki, Ovçular Cəmiyyəti dəfələrlə ölkə ərazisində saxta müfəttiş biletləri paylayıb, saxta müfəttişlər vasitəsilə özbaşına reydlər keçirib, həmçinin heç bir əsas olmadan SSRİ dövründən qalmış mülkiyyətdən, yəni indiki dövlət mülkiyyətindən istifadə etməyə və onu özününküləşdirməyə cəhdlər göstərib.. Qeyd edək ki, bütün bunlar Ovçular Cəmiyyətinin özünə aid olmayan səlahiyyətləri mənimsəmək cəhdidir və saxtakarlıq faktıdır”.

Nazirlik açıqlamasında xatırladıb ki, 2004-cü ildə “Ovçuluq haqqında” qanunun qəbul edilməsindən sonra ölkədə ovçulugun təşkili, ovçuluq fəaliyyətinin tənzimlənməsi, ovçuluq təsərrüfatlarının və mülkiyyətinin idarə olunması kimi səlahiyyətlər ETSN-ə verilib.

Nazirlik sonuncu hadisənin məsuliyyətinin Ovçular Cəmiyyəti rəhbərliyinin üzərinə düşdüyünü də qeyd edib.


***
14.38
Beyləqan rayonunda qanunsuz ov edən şəxslər Ovcular Cəmiyyəti Beyləqan rayon şöbəsinin sədrini qətlə yetiriblər.

Yerli sakinlərin APA-nın Qarabağ bürosuna verdiyi məlumata görə, hadisə gecə baş verib.

Beyləqan sakini Ruhi Mahmudov dostları ilə birgə rayon ərazisində qadağan olunmuş ərazidə ov edərkən oraya gəlmiş Ovcular Cəmiyyəti Beyləqan rayon şöbəsi əməkdaşlarının ərazini tərk etmək və silahları təhvil vermək tələbinə məhəl qoymayıb.

Yaranan mübahisə R. Mahmudovun atəş açması ilə nəticələnib. Açılan atəş nəticəsində başından güllə yarası alan Ovcular Cəmiyyəti Beyləqan rayon şöbəsinin sədri Allahyar Süleymanov Beyləqan Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib. Onun güllə yarası almış digər iki həmkarı isə Bakıya çatdırılıb.

Yerli sakinlərin APA-ya bildirdiyinə görə, brakonyerlər 5 nəfər olublar. Onlardan ikisi Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Hüquq-mühafizə orqanlarından ətraflı məlumat verilmədiyi üçün hadisədə iştirak edən və xəsarət alan digər şəxslərin adını müəyyən etmək hələlik mümkün olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9991

Oxşar yazılar