“Hicab” aksiyasının təşkilatçıları bəlli oldu
08 oktyabr 2012 12:52 (UTC +04:00)

“Hicab” aksiyasının təşkilatçıları bəlli oldu

Oktyabr 5-də Təhsil Nazirliyi qarşısında keçirilmiş razılaşdırılmamış aksiyada tutulanlardan 4-ü Maştağa sakinidir. Bu barədə APA-ya Sabunçu Rayon Polis İdarəsindən bildirilib. Saxlanılan Maştağa sakinləri – Fuad Bakir oğlu Manafov, Ceyhun Ağalətif oğlu Rəşidov, Seymur Tərlan oğlu Aslanov və Mirzəağa Ağarəfi oğlu Rəşidovdur. Adıçəkilən şəxslərin oktyabrın 5-də Təhsil Nazirliyi qarşısında keçirilən qanunsuz aksiyanın təşkilatçılarından olduğu bildirilir. Məlumata görə, həmin şəxslər Suriyada dini təhsil alıblar və radikal dini təriqətin üzvüdürlər.


Qeyd edək ki, oktyabrın 5-də ümumi sayı 200 nəfərədək olan radikal yönümlü dindar müxtəlif istiqamətlərdən Təhsil Nazirliyinin qarşısında toplaşaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. Hadisə ilə bağlı yayılan rəsmi məlumatda bildirilir ki, polisin xəbərdarlığına baxmayaraq, aksiya iştirakçıları hüquqazidd əməllərini davam etdiriblər. Onların cəmiyyətə acıqca hörmətsizlik ifadə edən, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan aqressiv hərəkətləri nəticəsində nəqliyyatın hərəkəti təxminən 40 dəqiqə ərzində pozulub, vətəndaşlara məxsus onlarla avtomobilə ziyan vurulub: “Xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinin qanunsuzluqlara son qoyulması barədə təkrar xəbərdarlığına və tələbinə məhəl qoymayan aksiya iştirakçıları qabaqcadan hazırlanmış silah qismində istifadə etdikləri ucu mismarlı taxta parçaları və dəyənəklər ilə onlara qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstəriblər. Nəticədə 20 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.

Asayişi mühafizə qüvvələrinin gördüyü qətiyyətli tədbirlərlə ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərin qarşısı alınaraq 65 nəfər saxlanılıb.

Faktla bağlı Bakı şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə cinayət işi başlanıb. İstintaqın tam və hərtərəfli aparılması üçün prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb”.
# 5023

Oxşar yazılar