Tehran hakimiyyəti zəlzələyə kömək edir, yoxsa qurbanlara? - ŞƏRH
16 avqust 2012 15:32 (UTC +04:00)

Tehran hakimiyyəti zəlzələyə kömək edir, yoxsa qurbanlara? - ŞƏRH

Yerli müşahidəçilərin fikrincə, Azərbaycanın bir çox yerlərindən insanlar könüllü olaraq, zərərçəkənlərə əllərindən gələn yardımı edir. Təbriz və Urmiya şəhərlərindəki qanköçürmə mərkəzlərində uzun növbələr müşahidə olunur.

Ərdəbildəki Azərbaycan türklərinin zəlzələ bölgəsinə yardım etməyə cəhd etməsi təhlükəsizlik qüvvələrini narahat edib.

Yerli informasiya vasitələrinin məlumatına görə, zəlzələdən bir neçə saat sonra Ərdəbildəki ictimai fəallar zərərçəkənlərə kömək məqsədi ilə zəruri yardımları toplayıb və hər gün 3-4 maşınla təbii fəlakət bölgəsinə göndərirlər.

Milli Hərəkat təəssübkeşlərinin bu səmimi fəaliyyəti və əhalinin İran rejiminin biganə münasibətindən narazılığı təhlükəsizlik qüvvələrində narahatlıq yaradıb. Onlar adi insanların da bu yardımlaşmasının qarşısını bacardıqları qədər almağa çalışır.

Qeyd edək ki, Güney Azərbaycanda əhalinin çoxu rəsmi dövlət qurumlarına etimad etmədikləri üçün yardımlarını özləri zərərçəkənlərə çatdırırlar. Bundan ötrü onlar hətta bank hesabları da açıblar.

«Radio-Zamaneh» adlı saytın məlumatına əsasən, hakimiyyət Güney Azərbaycanda tanınmış, etibar edilən insanların adına açılmış bank hesablarını da bağlatdırır. Mərhum tarixçi-alim, doktor Səməd Sərdariniya qızı Sanazın, tanınmış musiqiçi, Azərbaycan milli musiqisinin təbliğatçısı Həsən Azərbaycani və başqa hüquq müdafiəçilərinin, tanınmış vəkillərin adına zəlzələdən zərərçəkənlərə yardım məqsədi ilə banklarda açılmış hesab nömrələrini hakimiyyət artıq bağlayıb.

Bu əməliyyatı həyata keçirən zaman uyğun qurumların təmsilçiləri bankda məlum məsələ ilə bağlı hesabları olanlardan «pul haradan gəlir?», «onu göndərən kimdir?» kimi dolaşıq suallar verir, az qala həmin adamlara yardım etmək istədikləri üçün cinayət işi açmağa səy göstərirlər.

Güney Azərbaycanın Urmiya şəhərindən olan ictimai fəal Həsən Şahidi zəlzələ bölgəsinə yardım apararkən həbs edilib. Yerli informasiya vasitələrinin məlumatına görə, o, ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları tərəfindən Əhər üçyolunda tutulub. Mənbənin bildirdiyinə əsasən, onunla birlikdə həbs olunan daha iki yardım aparandan da xəbər yoxdur. Onların da təhlükəsizlik qüvvələri tərəfindən yaxalandığı ehtimal edilir.

Tehran hakimiyyətinin davranışından belə görünür ki, onlar zəlzələ bölgəsindəki gerçək vəziyyətdən Azərbaycan ictimaiyyətinin xəbər tutmasında maraqlı deyillər. Çünki Güney Azərbaycan türkləri İslam Respublikası rəhbərliyinin onlara münasibətini yaxşı bilir.

Hakimiyyət rəsmiləri avqustun 12-də zəlzələdən 24 saat sonra axtarış-xilasedici əməliyyatları başa çatdığın və sağ qalanların xilas edildiyini bildirmişdi (İSNA).

«Azoh» («Azərbaycan Öyrənci Hərəkatı») saytının məlumatına görə isə, uçqun və dağıntı altında qalanları hakimiyyət kütləvi şəkildə quyularda basdırır.

Yerli sakinlər də rəsmi qurumların ucqar kəndlərdə axtarış-xilasetmə işləri aparmasına şübhə ilə yanaşır. «Asr-e-İran» qəzeti yazıb ki, yeraltı təkandan 24 saat sonra da bir sıra kəndlərə yardım edilməsi üçün uyğun tapşırıq verilməyibmiş. Sakinlər əksər kəndlərin dağıldığını, o yerlərə bir çadır belə göndərilmədiyini, bəzilərinə isə zəlzələ ilə bağlı yaradılmış Komissiyanın ümumiyyətlə, getmədiyini bildiriblər.

Yeri gəlmişkən, Şərqi Azərbaycan əyaləti icra başçısının müavini Məhəmməd Əşrəfin açıqlamasına əsasən, ilkin hesablamalara görə, zəlzələnin vurduğu ziyan 650 milyon dollardır. O, 307 kənddə dağıntının olduğunu, zəlzələ bölgəsindəki 4 şəhərdə binaların çatladığını da söyləyib.

Sədrəddin Soltan
# 1542

Oxşar yazılar