Ərzincanda iş adamı Yavuz Peker bütün əraziyə baxan təpədə tikdirdiyi fırlanan evdə mənzərədən zövq alır. 70 ton ağırlığında olan ev 3 aya tamamlanıb.
Türkiyənin Ərzincan bölgəsində iş adamı Yavuz Peker böyük ərazini əhatə edən ev tikdirib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 70 ton ağırlığı olan ev 3 aya tamamlanıb.
Bildirilir ki, bu evin əsas üstünlüyü 360 dərəcə fırlana bilməsidir.
Məlumata görə, 1959-cu ildə Kemah mahalının Özdamar kəndindən İstanbula işləməyə gedən 78 yaşlı Yavuz Peker uzun illər işlədikdən sonra kəndinə qayıdıb və aldığı torpaqlarda əkinçiliklə məşğul olmağa başlayıb. Təxminən 15 ildir qoz istehsalçısı olan Peker bütün əkin sahələrini görə biləcəyi bir ev tikdirib.
Uzun illərdir mexanik və metal işləri ilə məşğul olan Yavuz Peker hazırladığı layihə ilə evini öz ətrafında 360 dərəcə fırlatdırıb. Ev tək topun üzərindəki elektrik mühərriki sayəsində fırlanmasını tənzimlənən sürətlə tamamlayarkən, Ərzincanlı iş adamı torpağını seyr edərək, evində qonaqlarını qəbul edərək günün yorğunluğunu çıxarır.