Türkiyə 33 gündən sonra ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin ən çox axtardığı şəxslər siyahısında yer alan “Əl-Qaidə” terror təşkilatının sözçüsü və ikinci adamı sayılan Süleyman Abu Gaitlə bağlı problemdən çıxış yolu tapıb.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, İran sərhədindən qanunsuz yolla Türkiyəyə gəlib, Ankarada bir oteldə qalarkən saxlanılan Süleyman Abu Gait Türkiyədə hər hansı bir cinayət törətmədiyi üçün məhkəmə tərəfindən sərbəst buraxılıb.
“Əl-Qaidə” terror təşkilatının öldürülən lideri Üsamə Bin Ladenin də kürəkəni olan Süleyman Abu Gait daha sonra Türkiyə Daxili İşlər Nazirliyində xarici ölkə vətəndaşları ilə bağlı şöbəsinə gətirilib. Süleyman Abu Gait Küveyt vətəndaşlığından çıxarıldığı üçün onun hansı ölkəyə göndərilməsi problemi yaranıb. Türkiyə əvvəlcə Süleyman Abu Gaiti İrana göndərmək istəyib. Lakin “Əl-Qaidə” ilə problem yaşamaq istəməyən İran Süleymanı qəbul etməkdən imtina edib.
ABŞ Xarici İşlər Nazirliyi Türkiyədən Abu Gaiti Vaşinqtona təslim edilməsini istəyib. Lakin Türkiyə də “Əl-Qaidə”nin hədəfi olmaq istəmədiyi üçün bu təklifə müsbət yanaşmayıb.
Ancaq ABŞ-ı da narazı salmaq istəməyən Türkiyə rəhbərliyi orijinal çıxış yolu tapıb. Türkiyə Süleyman Abu Gaiti İordaniya üzərindən vətəndaşlıqdan çıxarıldığı Küveytə göndərməyə qərar verib. ABŞ dövlət katibi Con Kerri Türkiyəyə gəldiyi gün, martın 1-də Süleyman Abu Gait İordaniyaya göndərilib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Türkiyədən çıxdıqdan sonra Süleyman Abu Gaiti addım-addım izləyib. O, İordaniyadan Küveytə keçərkən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb və ABŞ-a aparılıb...