Türkiyənin Qahirədəki səfiri Ankaranın bu ölkənin «daxili işlərinə qarışması» və orada baş verən hadisələrə dair ritorikası ilə bağlı Misir XİN-ə çağırılıb.
Lent.az-ın «İTAR-TASS»a istinadən məlumatına görə, XİN-də Türkiyə səfiri Hüseyn Auniyə bildirilib ki, Misir hakimiyyəti «son günlər Türkiyədə BMT-nin Təhlükəsizlik Şurası və digər bölgə oyunçularına Misirin sırf daxili işlərinə müdaxilə edilməsi ilə bağlı səslənən çağırışlardan dərin təəssüf hissi keçirir».
«Bu nəinki Misirin siyasi arenasında baş verənlərin yanlış və səhv anlanmasını göstərir, hətta ölkənin daxili işlərinə müdaxilə deməkdir. Misir Ərəb Respublikası 2013-cü ilin iyunun 30-da meydanlarda baş verdiyi kimi toplaşma və dinc ifadə azadlıqlarına dair beynəlxalq prinsiplərə tam sadiq olduğunu bir daha təsdiq etdi»- deyə XİN-də qeyd olunub.
Qurumda vurğulanıb ki, Türkiyəni “eləcə də başqa dövlətləri Misirə qarşı kökləməyə çalışırlar».
Qeyd edək ki, Ankara Misir prezidenti Məhəmməd Mursinin devrilməsini kəskin tənqid edib. Türkiyə rəhbərliyi bəyan edib ki, demokratik yolla seçilmiş «dövlət rəhbərinin hakimiyyətdən kənarlaşdırılması qanuna ziddir və ölkəyə, istər onun iqtisadiyyatına, istərsə də demokratik proseslərinə, ciddi zərbə vuracaq».