ƏRƏB “SUNAMISİ”:  Ağa kübarlar, yoxsa deleqativ demokratiya? - TƏHLİL
10 iyul 2013 18:02 (UTC +04:00)

ƏRƏB “SUNAMISİ”: Ağa kübarlar, yoxsa deleqativ demokratiya? - TƏHLİL

Bəşər tarixi öz səhifələrində müxtəlif hadisələr, adlar, faktlar, rəqəmlər yazıb. 11 sentyabr 2001-ci il dünya tarixində terrorizmin yeni səhifəsi oldu. Və bu hadisədən sonra kifayət qədər müxtəlif sahələr üzrə “11” simvolu  rəqəminə aid müxtəlif fikir və yanaşmalar söylənildi. 2011-ci il isə nəinki Ərəb Müsəlman dünyası tarixinə, həmçinin dünya siyasi tarixinə yeni politoloji deyim - “Ərəb baharı” leksikonu ilə daxil oldu.

Keçmiş müstəmləkə və yarımmüstəmləkələrin özünüifadəsi, özünüdərketməsi, milli hökümətə, demokratik dəyərlərə doğru can atması XXI əsr Yeni Dünya düzəninin  Ən yeni Tarixini meydana çıxardı.

Qlobal dünya siyasi mənzərəsi “məxməri”, “qızılgül”, “narıncı” yəni müxtəlif “rəngli inqilablarla” XXI əsr politologiya elminə geniş bir siyasi sosioloji terminlər gətirmişdi, “Ərəb baharı” isə tamamilə yeni bir siyasi anlam idi. Bəlkə də bu ƏRƏB «SUNAMİSİ»dir. Hadisəyə qısa baxış edək: Hər şey adi (bəlkə də qurulmuş) bir olaydan başladı. Tunisdə sadə qadın ticarətçinin (xüsusi qeyd edək ki, bu prosesin, inqilabın başlanma faktorunun da səbəbkarı Qadın oldu) təhqir edilməsi ilə dünyaca qədim tarixli Qahirə küçələrinə minlərlə insan çıxdı. Və onlar getdikcə artıq Siyasi dəyişiklər fonunda tələblər səsləndirməyə başladılar... Suallar burada çoxdur. İnqilab yetişmişdimi? Ya Sərhəddən kənarda gizli hazırlanmışdı? Cavab birmənalı deyil... Ya yetişmiş, ya da xaricdən idarə olunurdu (1979-cu il fevral İran inqilabı kimi)...

Tarix hələ ki, yalnız Görünən faktı yazır... Sirrlər arxivdə qalır! Bu da aşılacaq, lakin Zamanı bəlli deyil... Bir ərəbinsə Tunisdə (Məhəmməd Buazizi) özünü yandırması artıq ölkədə geniş bir «tufanlar» dalğası yaratdı. Bu dalğa məhz ötürücü “sunamiyə” çevrildi, Misirin sərhədlərindən ötüb, Liviyaya, Yəmən və Bəhreyinə keçdi, Suriyaya çatdı… «Bahar bitdi», yay, qış gəldi. Dalğa bitmədi… Demək əsil «Sunamidir». Nədir bu, müsəlman dünyası öz “şah”larına qarşı Asimi çıxırdı?.. Beynəlxalq Aləmsə sakit izləyirdi... Media müxtəlif təhlillər edir, TV kanalları ən qaynar nöqtələrdən canlı yayımlar verir, müsahibələr növbənöv idi... Bütün bu  prosesin dünya siyasi kuluarlarında yeni bir adı vardı “Ərəb baharı”. (Bizim yanaşmamızda Ərəb «sunamisi»)

Regionda getdikcə fəallaşmaqda olan modernizm tərəfdarlarının inkişaf+istiqlal çağırışı başladı. İSTİ Torpaqda (iqlimdə) məskunlaşan Ərəblərin özünəməxsus öz KİM-liyinin tanınmasına, Yeni Zamana məxsus formalaşmasına isə hadisələr təkan verdi. Bu bir danılmaz aksiomadır ki, TARİX bu Məkanda elə Şəxsiyyətlər yetişdirib ki, onlar məhz Dünyanın mədəni-mənəvi  məhvərinə təsir ediblər. İlk dəfə Əlcazairdə olanda, azyaşlı kənd uşağının da sərbəst fransızca danışdığını eşidəndə zənn etdim: Yarım müstəmləkə adı ilə Qərb bu məkanda kiçik Avropa yaradıb. Və… Şərqdən SİVİL TARİX aparıb… Məhz Ərəblərdə Yeni Tarixi şəraitdə Yeni mərhələ üçün milli hərəkat ideologiyasını formalaşdırmaq istədi. Yəqin ki, Ərəb dilində nazil edilən Müqəddəs Qurani Kərim Məkanı, öz TARİXİ ilə Bəşər inkişafında olan Mənəvi Yerinə Haqq istəyirdi…

  Müsəlman dünyası XX əsrdə stabil susqunluq məkanı idi. Qloballaşma “sunamidən” də betər dünyanı bürümüşdü... vurur, dağıdır, inteqrasiya adı ilə Vahidləşdirirdi. Müsəlman qlobalizm və bu «izm»lər Aləmində öz “şah”ına qarşı müti idi... Qəfil gələn oyanış, qəfil çoxsaylı nümayişlər, sanki miflərdə deyilən kimi “yer altında yatan öküzün” silkələnməsinə bənzədi. Müsəlman aləmi kükrədi, bəzən kortəbii, bəzən də təşkilatlanmış formada nəinki siyasi, həm də sosial-iqtisadi, hüquqi zəmində dəyişiklər istədi. Bu istək isə mövcud İdarə edənlər tərəfindən çox kəskin qarşılandı. Adi İnsan Böyük Siyasi Tələblərə keçdi... Onda məhz Adi insana qarşı Zorakılıq başladı... Yatmış müsəlman dünyası “qızmış Şirə” dönmüşdü. Ağa Qəzzafilər, Hüsnü Mübarəklərin də həmçinin Qəddarlığının ölçüsü yox idi... Minlərlə zəhmətkeş (əzabkeş) öldü, yaralandı, küçələrdə «əsir» oldu…

XXI əsrdə modernləşən dünyada öz haqqını istədiyi üçün saysız hesabsız insanlar yaralandı (qadın, uşaq, əlil)... BMT-nin 1948-ci il İnsan Hüquqları Bəyannaməsi Ərəb Müsəlman dünyasına sanki aid deyildi... Sanki Ərəb Müsəlman Aləmi öz Məkanı çərçivəsində Zamanı saxlamış, Müstəqil diktat siyasi rejimində yaşayırdı. Müsəlman dünyası zəngin, parıltılı, çal-çağırlı, eyş-işrətli, bər-bəzəkli idi, nağılvari idi....

Professor Ə.Həsənov yazdığı kimi: «Müasir beynəlxalq münasibətlərin ümumi vəziyyəti…. Müasir dünya güclərinin – ABŞ, NATO, Rusiya, Çin və Avropa Birliyinin qarşılıqlı münasibətlərinin xarakterindən, BMT Təhlükəsizlik Şurasında qəbul etdikləri qərarlardan və həmin qərarların yerinə yetirilməsindən, digər tərəfdənsə həmin dövlətlərin və təhlükəsizlik maraqlarına toxunulan konkret məkanların, ayrı-ayrı regionların, ölkələrin əhalisinin və cəmiyyətinin yürüdülən təhlükəsizlik siyasətinə münasibəti və reaksiyasından asılı olaraq formalaşır və dəyişir» (Bax: Strategiya.az 01.iyun 2013)  

Bu mənada Soyuq Qərbdən fərqli olaraq, İsti Şərqin Günəşi “Ərəbin baharı” nı gözlənilmədən «boranı», «tufanı», insan seli ilə gətirdi. Ərəb hadisələri həm də Qərbə özünü Kübar, alicanab, Allah nümayəndəsi kimi təqdim edən Rəhbərin öz ölkəsinin vətəndaşına – Adi İnsanına qarşı amansız zorakı hərəkətlər əmri də  onun “Kübar» Ağalığının əsil həqiqət simasını açdı... Ərəb Müsəlman dünyası idarəetmə sistemində “ağalıq” ölənədək idi, adi insanların siyasi idarəetmədə yeri Yox idi... Ağa Kübarlar yalnız qohumluğu, əksəri Qərb əsilli ilə “nigah müqaviləsini” üstün tuturdu. Və dostluq xətti ilə Qanundan da üstün mövqedə - Ali Hakim idilər. Adi insanlar səfalət, cəhalət, xəstəlik icrə zəngin ölkələrinin Ərəb «sunamisi» dalğasında Asi olmuşdular. Zəngin Məkanı öz «Ağalığı» ilə idarə edənlər isə Qərblə qohumluq (dostluq) mövgelərindən istifadə edərək, müəyyən islahatlara getməyə cəhd etdilər. Lakin bu artıq qəflətdən Oyanmış «Sunami» dalğasında gecikmiş bir metod idi. Adi insan da öz həyat tərzində köklü islahat, tam dəyişiklik, bürokratik Ağalığın ləğvini tələb edirdi. Uzun illər ərəb müsəlman aləmində hökm sürən Ağalıq rejimi deformasiyaya doğru gedirdi. Despot Ağalar adi insan maraqlarını yenə də öz Kübar- cah-cəlallı həyatlarını itirməmək mənafeyindən həll etməyə cəhd edirdilər. Düzdür, Qərblə heç bir zaman   azad ticarət axınına qadağa yox idi. Lakin bu xalqın yaşam tərzinə təsir edən faktor ola bilmirdi. Rejim Adi insana ağır və çətin məşəqqətdən savayı heç nə verməmişdi. «Kübar» Ağa Sistemi idarə olunmaz vəziyyətə çatmışdı.  Böyük, Real Tələblər Həqiqətində Dəyişiklər labüd idi. Bəs nə baş verirdi... Bir qisim bu Ərəb «sunamisi»ndən çəkinib müəyyən hakimiyyət, parlament və s. istiqamətlərdə dəyişikliklər edərək, müəyyən müddətə ictimai sabitlik yaratdı. Belə ki, Liviya müsəlman dünyasında belə bir ölkə oldu ki, orada rejim dəyişdi... Tunis küçələri isə “qan gölünə” dönmüşdü... Bu gün Suriyada, yaxud Adi Liderin rəhbər olduğu və artıq dəyişən Misirdə belə  insanlar zorakılıq «xərçəngi» ilə üzbəüzdür.... Elə bil ki, zorakılıq Ağaya da, Adi Liderə də «metaztaz» vermişdi, yayılmışdı… xərçəng kimi kəsib atmaq  mümkün deyildi…

Dünya, əsasən də Qərb dövlətləri qitədə əsaslı dəyişmələr: siyasi, hüquqi, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması, Qərbin azadlıq dəyərlərini, sekulyarizm, dinin dövlətdən ayrı olmasını, son yekunda demokratikləşmənin bərqərar olmasına səsləyirdilər. Uzun onilliklər ərzində G.Donnelin göstərdiyi kimi: “... bu ölkələrin çoxuna əvvəlki avtoritar rejimlərdən miras qalmış dərin sosial-iqtisadi böhran siyasi hakimiyyətdən düzgün istifadə etmək və istifadə praktikası haqqında müəyyən təsəvvürləri elə tərzdə möhkəmləndirir ki, bu ölkələr təmsilçi demokratiya yox, deleqativ de-mokratiya istiqamətində irəliləyir” (bax:www.  Politnauka.orq). Deleqativ demokratiya təmsilçi demokratiyanın bir formasıdır, liberallığı azdır, Prezidentə böyük səlahiyyət verir. Məhz Ərəb «sunamisinin»də meydana çıxardığı yeni qüvvələrə, natiq Liderlərə xalq onun maraqlarının əsas ifadəçisi, biləni və qoruyanı kimi baxırdı. Adi Liderə xilaskar “donu” geyindirir, Yeni Özünkü olan «Ağa»  sanırdılar.

Ərəb «sunamisi» sindromu göründüyü kimi hadisələrin interperetasiyasının sonrakı gedişatında “sarsılma”, “aldanma” və ya hələ də gələcək “xoş həyat” nağılında məyusluq hissini də meydana çıxardı . Qərbin də «dəstəklədiyi» Ərəb hadisələrinin müxtəlif böhran amillərinə (siyasi, iqtisadi, hüquqi, mədəni, mənəvi və s.) qarşı münasibəti heç də bir mənalı deyildi. Ərəb Müsəlman aləminin dirçəlişi də elə Qloballaşmanın bəhrəsidir. Belə ki, Qlobalizm həm Qərb, həm də Şərq nüfuz resurslarının dünyada yenidən bölünməsi prosesinə rəvac verdi. Burada Ölkələrarası açıq və gizli rəqabət mühiti meydana çıxır və hər cəmiyyətin inkişafında milli dəyər oriyentirləri önə keçirdi. Bu mənada Amerika politoloqu Z. Bjezinskinin dediyi kimi: “Avropa və Asiya donuna bürünmüş antiamerika reaksiyasının yaranması istisna deyil. Belə ki, panavropa və panasiya hərəkatları Amerikanı ümumən təhlükəli bilsələr, hamını öz bayrağı altına yığsa, bu ehtimal reallaşar” (Z.Bjezinskiy. Vıbor: mirovoe qospodstvo ili qlobalğnoe liderstvo. M.2004,s 169).

Buradan belə nəticə çıxır ki, XX əsrin sonu “rəngli inqilablar”ın dünya geosiyası məkanında etdiyi yeniliklər, yeni “demokratik dalğalar” bir zaman  F.Nitsenin yazdığı kimi: “kiçik siyasətin dövrü geridə qalmış, qarşıdakı dövr özü ilə bütün Yer kürəsi üzərində hökmlük uğrunda mübarizə - böyük siyasətə zorən qatılmaya səbəb olacaq” (F. Nitşe. Soç. 1t.M,1990, səh. 332).

Məhz böyük siyasətin gətirdiyi Ərəb «sunamisi» küçələrə yaşından asılı olmayaraq nəinki kişiləri, həm də qadınları, müsəlmanlarla yanaşı xristian, yəhudi və s. dini inanclıları, fəhlə, kəndli, ziyalı və s. təbəqəni də çıxartdı. Məqsəd tək mövcud hakim siyasi rejimi devirmək yox, həm də bütün sosial imtiyazların bərpasını, iqtisadiyyatın inkişafını, yeni iş yerlərinin açılmasını, daha mütləq olaraq isə İslamı sistemin əsaslarının saxlanması idi.

Diqqətə yetirək ki, uzun əsrlər Qərb müsəlman dünyasına daxilən “öz ərazisi” kimi yanaşaraq, gələcəkdə öz maraqları üçün istifadə edəcək xammal resursları kimi baxırdı. Akademik R.Mehdiyev yazdığı kimi: “Müstəmləkələrin istismar edilməsinin forma və metodları dəyişsədə, bu proses istismarın azalmasının intensivliyinin azalması ilə müşaiyət olunmurdu. Metropoliyaların müstəmləkələrdən daşıyıb apardığı külli miqdarda sərvətdən metropoliyaların öz iqtisadiyatlarına investisiyalar şəklində istifadə edilməsi Avropada və Şimali Amerikada sosial-itisadi və sənayenin inkişafının sürətlənməsinə səbəb olmuşdur». (R.Mehdiyev Demokratiya yolunda: İrs haqqında düşünərkən. B. 2008, s 251).

Təbii ki, bu yöndə müəyyən demokratik dəyərlərə (qadın hüququ, azlıqların hüququ, cekulyarist istiqamətdə islam fəlsəfəsinin öyrənilməsi və s.) də yer verilirdi. Qərb «Tabe» müsəlman dünyası üçün ayrıca «özləşdirdiyi» liderləri də yetişdirmiş, gizli də olsa zaman-zaman daxildə başqa adlar altında siyasi təşkilatlar da qurmuşdu. Əsl «ssenaridə» də Ərəb hadisələri Qərbin öz demokratiyasını tətbiq etməsinə istiqamətləndirilmişdi.

 

2. “ Demokratiya ixracı” və ya Neoeksport.

 

Tunisdə, Misirdə, Liviyada, Yəməndə və s. Yarım əsrədək, yəni XX əsrdən davam edən siyasi rejimə çox az müddətdə Son Qoyulması məsələsi sual doğurur…? Bu yalnız xalq hərəkatı idimi…? Yaxud, daxildə formalaşan gizli müxalifətin gücü idimi…? Təhlillər - hadisə və proseslərin xronoloji ardıcıllığı göstərir ki, bu Xarici Qüvvələrin “unudulmuş” ölkələrə Yeni Demokratik Eksportu, belə desək, Ən Yeni demokratikləşmə dalğası ixracı idi. Faktlar və çoxsaylı zəncirvari hadisələr həlqəsi də göstərir ki, bu Yeni Cərəyanın hazırlanması prosesi Xarici Qüvvələrdən guman ki, “dəstək” alıb. Ən yeni “demokratik ixrac” adı ilə həmin ölkələrin hakimiyyətdə olmayan qüvvələrinə verilən dəstək nəticəsində Ərəb «sunamisi» başladı və Dəstək rejimin dəyişilməsində həlledici faktor oldu. Burada diqqət çəkən məqamın əsas Sualı belədir: Axı Qərb (ABŞ) bu ölkələrin rəhbərləri ilə “Dost” münasibətində idi…? Cavab – Qərb dövlətləri ( və ya ABŞ) uzun illər idi ki, öz Geosiyası, Geoiqtisadi maraqları naminə  Ərəb Müsəlman Dünyasında Din bayrağı ilə olsa belə, stabilliyi qoruyan rejimlə “Dost”luq edir, hətta “nigah müqaviləsi”nə də həssas yanaşırdı. Bəs nə oldu? Qərb (və ya ABŞ) demokratiyanı özünün Əsas Baş Dəyəri kimi Qəbul etdiyi üçün Səhv etdiyi “Dost” münasibətini “gizli”mi pozdu…? Səbəbi məlum idi. Bu kimi “dostluq” həmin ölkələrin xalqlarında Qərb dəyərlərinə qarşı münasibətdə üç faktorla şərtlənir:

1) Belə xalqlarda Qərbin bu “dostluğuna”, qəzəb hissi formalaşır. 2) Terrorçu təşkilatlar bu kimi hallardan geniş istifadə edir. 3) Hüquqları tanınmayan, əzilən belə xalqların öz hakimiyyətinə qarşı, “Asi” olması yetişir. Belə “dostluq” siyasəti də adətən çox getmir. Bu keçmiş SSRİ timsalında çoxmillətli, geniş həlqəli “Dostluq və Qardaş” adı ilə Müttəfiq olan sosial (ist) İttifaqlarında göründü. Keçmiş SSRİ daxilən qapalı rejim adı altında, nə qədər xaricə Bərabərlik humanistliyini göstərsə də, sonda XX əsrin 80-ci illərində bir Yenidənqurma “Perestroyka bombası” ilə partladı. Bu hadisə XXI əsrin birinci onilliyində Yaxın Şərqdə də baş verdi. Faktorlar, səbəblər göz önündə idi: Adi insan Əsil insani Həyat tərzi, modernlilik, sivillik istəyirdi. Və bu da Ərəb «Sunami»si dalğası dəyişikliklərini labüd etdi. Bu prosesləri yetişdirən səbəblərə dəstək olan ən yeni Demokratiya dəyərləri adı ilə Neogepolitik maraqlarında paralelləşməsi idi. Adi insana hörmət etməyən rejimin çökməsi, dəyişilməsinə artıq  Gözə görünməz «dəstək» tərəfindən Start verilmişdi. Təbii, illərdir yığılan, toplanan Daxili problemlər Ərəb «sunami»sinin əsas faktoru idi. Sadəcə olaraq, bu faktor istiqamətləndirildi. Digər bir fakt isə, proses mütəşəkkil və ardıcıl xarakter daşıdı. Bu faktların da təminatçısı «Dəstəkçi» oldu. Başqa məqam isə odur ki, bu proseslərin “bomba” kimi partlayacağını Qərb analitik Mərkəzləri, Siyasi Fikir İnstitutları öncədən hesablamamış deyildi. Yaxın Tarix göstərdi ki, XX əsrin son qərinəsi İranda Şah rejiminin Qərblə «dostluğu» da xalqın qəzəbinə doğru yönəldildi. Bəs onda nə baş verdi? Qərb, həmçinin ABŞ da daxil olmaqla İrana yatırılan milyardlarla investisiya batdı. Bu artıq Siyasi də yox, məhz Geopolitik yanlışlıq idi, ciddi səhv, belə deyək ki, Qərb (ABŞ) üçün ciddi «demokratik» Dərs oldu. Artıq Qərb (və ya ABŞ) öz tərəfdaş və ya tərəfimizdən deyilən yeni politoloji termində baxsaq görərik ki,  «Uzaq Qonşuluq» paradiqmasından («Yaxın Qonşuluq» yox!) “dostluq” etdiyi ölkələrdəki prosesləri daxildən öyrənir. Hər bir vəziyyətdə yaranacaq situasiyanı izləyərək, öncədən artıq baş verəcək məqamların hansı istiqamətə yönələcəyini Proqnozlaşdırır, Priventiv tədbirlərə hazır olur, proseslərin öz Geosiyası, Geoiqtisadi maraq və mənafeləri baxımından yönəldilməsi üçün “Startda” dayanır.

 

3. Şərqin «oyanışı»

Belə yekun alınır: 1) Ərəb hadisələri (yaxud Ərəb «Sunamisi») Yaxın Şərqdə Adi insanların daxili problemlərinin ümumi təzahürüdür; 2) İnqilab və ya inqilabçılara dəstək verən “Qüvvə” var; 3) İnqilablar olursa, bu demokratik islahatları reallaşdırmalıdır; 4) Ssenarilər müxtəlif yox, vahid «rejissor» tərəfindən «Demokratik ixrac səhnəsi» üzərində qurulur; 5) Burada Lider yoxdur, proseslərin gedişatı ərəfəsində Adi Lider meydana çıxır. 6) Hakimiyyət müvəqqəti, keçid formasında formalaşır. 7) Ən əsas fakt isə, Terror amili stimullaşdırılır, terrora «guya ki» Son qoyulur; 8) Dünyanın vahid-qlobal demokratik inkişafına əngəl olan despotik rejimlərə xitam verilir; 9) Xalqların öz hakimiyyətinə qarşı etirazının vətəndaş müharibəsinə çevrilməsinə imkan verilmir; 10) Avtoritar hakimiyyətə yönəlik təzyiqlər gücləndirilir; 11) Və Şərq «oyandı»… (Bu oyanışda İNTERNET «sunamisinin» Rolu danılmazdır).

P.S. Niyə bu təhlili etdik… Əsrarəngiz, ekzotik, Zəngin, nağıl Misir, necə deyərlər «Nə Gündəsən???» Bu idimi «Ərəbə Bahar gəlir» adlı Böyük Zümrənin Keçid Höküməti… və Xalq Nə Etsin?... «Ağa Kübarı» elə, «Adi Lideri» belə…

Əvvala, təhlildə Ərəb Hadisələrinə Dünya Tarixində Yeri, Rolu olan bir Regionun özünəməxsusluğuna siyasi-mənəvi «pəncərədən» nəzər yetirdik… Sonrada, nəzərə alınmalıdır ki, hazırda bütün cəmiyyətlərdə az və ya çox, dərəcəsindən asılı olmayaraq Dünyəviliklə bahəm Dini ideyalar da vardır. Ərəb Dünyasında isə İslam Güclüdür. Lakin…. hətta «Ərəb inqilabı»da  adi şüurun və ictimai davranışın, sosial-siyasi həyatın müxtəlif sahələrində Milli+Dini+Dünyəvi ideya birləşməsi zəminində Demokratiya istəyir. Niyə…?

- Ərəb millətçiliyinin siyasi mədəniyyətinin formalaşmasında maraq doğuran hal odur ki, İslam Dünyasında din ilə siyasətin qarşılıqlı əlaqəsi digər Mədəni-Mənəvi Konfessional (bəlkə də Qərb) mühitində olduğundan daha sabit-möhkəm, yəni QÜVVƏLİ olmuşdur.

- İslam ictimai həyata dərin nüfuz etmişdir. İslam müsəlman icmasında müstəqil bir sosial-siyasi status kimi öz mövcudluğunu təsdiqləmiş, başlıca PRİNSİP-lərini əsaslandırmağa cəhd etmişdir.

- Ərəb –İslam Aləmində baş verən bu yeni proseslər «sunamisi» Dünya Siyasətində, Dünya xəritəsində, Dünya Düzənində siyasi maraqlar, həm insan resursu, həm də maddi sərvətlər qaynağı kimi yeni Şərq – Qərb toqquşmasına dönür… VƏ … Dünya ağırlıq Mərkəzi Qərbdən Şərqə keçir,

P.S.S. Sonda nöqtə yoxdur… Niyə…? Müsəlman ölkəsi olan, Avropa ilə Asiya arasında körpü olan, XX əsrin əvvəlində Şərqdə Qadınına ilk seçim hüququ tanıyan, 1991-ci ildən müstəqil olan, Bütün Demokratik təsisatların (siyasi partiya, QHT, özəl sektor və s.) fəaliyyətini Ali Qanunnamə – Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit edən və tanıyan, Dünayda öz Yeri, öz Rolu, öz Mövqeyi olan Azərbaycanın ən əsas Suverenliyini, ictimai-siyasi sabitliyini  qorunmaq hər bir ölkə vətəndaşının borcudur!

XX əsr 85-ci illərinin Yenidənqurma «Sunamisində» Təcavüzə –Zorakılığa-İşğala məruz qalan Qarabağ həqiqətlərinin çözülməsi, 1 milyonadək əsir-itkin- köçkün-qaçqın Sosium Demoqrafiyasının, 20% itirilən Torpaq Davamızın Qələbə Yolu vacibdir.

- Müstəqil Respublikamızın İnkişafa Gedən YOlunu, Tərəqqisini Qorumalıyıq, Problemlər DİALOQLA, Kompromislə yekunlaşmalıdır.

Ən Son… Mən Anayam! Sülh istəyirəm Dünyamıza, Barış diləyirəm… Ərəb Anasını Balası ilə əsir-yesir görəndə isə… Bax onda, Mən də Qarabağda döyüşmək istəryiəm ki, bu Qarabağ «Sunamisini» Balalarımıza «hədiyyə» qoymayaq…

 

  

Rəna Mirzəzadə

fəlsəfə elmləri doktoru

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 858

Oxşar yazılar