Dövlət Departamenti casus qalmaqalına şərh vermək istəmir
15 may 2013 02:39 (UTC +04:00)

Dövlət Departamenti casus qalmaqalına şərh vermək istəmir

 

ABŞ Dövlət Departamenti ümid edir ki, Amerika səfirliyinin əməkdaşının Moskvada saxlanılması Rusiya ilə münasibətlərə xələl gətirməyəcək. Bununla belə, Dövlət Departamenti məsələnin təfərrüatlarını şərh etməkdən boyun qaçırır.

 

“Mən yalnız onun saxlanıldığını, sonra isə buraxıldığını təsdiq edə bilərəm. Məsələ ilə bağlı məndə başqa bir məlumat yoxdur”. APA-nın xəbərinə görə, bu barədə brifinqdə  ABŞ Dövlət Departamentinin sözçüsü Patrik Ventrel deyib.   

 

Hadisənin ikitərəfli münasibətlərə mənfi təsiri ilə bağlı suala Patrik Ventrelin cavabı isə belə olub: “Biz Rusiya ilə geniş məsələlərə dair əməkdaşlıq edirik və bu əməkdaşlığı davam etdirmək niyyətindəyik”.  

 

Xəbər verildiyi kimi, Rusiya əks-kəşfiyyatı ötən gecə ABŞ-ın Moskvadakı səfirliyinin 3-cü katibi adı altında fəaliyyət göstərən Amerika casusunu ifşa edib.

 

APA-nın Rusiya mətbuatında istinadən verdiyi məlumata görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə əlaqələr mərkəzinin açıqlamasında bildirilib ki, mayın 13-dən 14-nə keçən gecə Rusiya xüsusi xidmət orqanlarından birinin nümayəndəsini əməkdaşa cəlb etməyə cəhd göstərən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı, ABŞ-ın Moskvadakı səfirliyinin siyasi şöbəsində 3-cü katib adı altında fəaliyyət göstərən Foql Rayan Kristofer saxlanılıb. Kristoferin üzərində xüsusi texniki vasitələr, əməkdaşlığa cəlb olunan Rusiya vətəndaşı üçün yazılı təlimatlar, iri məbləğdə pul və xarici görünüşü dəyişmək üçün vasitələr aşkarlanıb.   

 

Saxlanılan şəxs Rusiya Federal Təhlükəsizlik Xidmətinin qəbul bölməsinə aparılıb və müvafiq prosedurlar həyata keçirildikdən sonra ABŞ səfirliyinin rəsmi nümayəndələrinə təhvil verilib.

 

Qeyd edək ki, Moskva Foql Rayan Kristoferi “persona-non qrata” elan edərək, onun tez bir zamanda ölkəni tərk etməyini tələb edib.  APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN bəyanatla çıxış edib.

 
# 530
avatar

Oxşar yazılar