O, həmin gün hamını heyrətə gətirmişdi. Hə, sözün həqiqi mənasında dünya xəbər məkanının trendinə çevrilmişdi. Baş nazir ölkəsində keçirilən festivala, ən qədim Avropa açıq hava festivalı “Ruistock”a qısa şortla qatılmışdı.
37 yaşı hələ noyabrda tamam olacaq baş nazir barəsində sonradan finlər belə yazacaqdı:
“Bu mənim baş nazirimdir, ona görə burada yaşayıram. Cəmiyyəti daha yaxşı gələcəyə apara bilən insanların görünüşü belədir və Finlandiya üçün indiki zamanda lider olmaq budur”.
Sanna Marindən danışacağıq sizlərə, “Onu Tanı”da...
Sanna 1985-ci il noyabrın 16-da Helsinkidə anadan olub. O, 2004-cü ildə, 19 yaşında Pirkkala liseyini bitirib. 2017-ci ildə Tampere Universitetində inzibati elmlər magistri dərəcəsinə yiyələnib.
Hələ 21 yaşındaykən siyasətə qoşulub. Sosial Demokrat Partiyasının üzvü olub. 23 yaşında isə artıq Finlandiya bələdiyyə seçkilərində namizəd idi, amma seçilə bilməmişdi. 2012-ci il seçkilərində, 27 yaşında Tampere Bələdiyyə Məclisinə seçilib və bu, siyasi karyerasında bir irəliləyiş olub.
5 il sonra yenidən uğurunu təkrarlayıb. Marin 2014-cü ildə Sosial Demokrat Partiyası sədrinin ikinci müavini seçilib. Bir il sonra isə Finlandiya parlamentinə üzv olub. Eyni zamanda Marin, nəqliyyat və rabitə naziri təyin edilib.
2019-cu ilin dekabrında Anti Rinnenin Finlandiyanın baş naziri vəzifəsinə keçmək üçün Sosial Demokrat Partiyasından namizəd göstərilib. Amma eyni zamanda namizədliyini verən Sanna Marin əsas rəqibinə 3 səslə qalib gəlib. Nəhayət, 32 səslə ölkənin baş naziri seçilib.
Sanna Marin kabinetdəki 18 nazirdən 12-nin qadındır. Yeni seçilən baş nazir ətraf mühitin və təbiətin qorunması, qaz yanacaqlarından istifadə edən nəqliyyat vasitələrinin qadağan edilməsi yönündə fəaliyyəti ilə də tanınır. Qeyd edək ki, ilk günlərdən baş nazir Marin, Finlandiyanın NATO üzvlüyü mövzusunda da sərt fikirlər səsləndirirdi. Və sonucda buna nail olub.
Marin eyni cinsli valideynlərin (iki qadın) övladı olduğu üçün özünə “göy qurşağı ailəsi”ndən gəldiyini deyir.
O, məşhur fin futbolçu Markus Rayikkönen ilə ailəlidir. Bir qız övladı var.
Sanna Marin tez-tez fin mediasının gündəminə düşür. Məsələn, COVID-19 riskinə baxmayaraq, həftəsonu səhər saatlarına qədər gecə klubunda əyləndiyi fotosunun üzə çıxmasından sonra xalqdan üzr istəmişdi.
“Həyat yoldaşımla yemək yeməyə, alış-veriş etməyə getdik. Dostlarla görüşdük, axşamdan və gecə həyatından həzz aldıq”.
Finlandiyanın MTV3 TV telekanalının sorğusu nəticəsində məlum olub ki, respondentlərin üçdə ikisi Marinin gecə əyləncisini “ciddi səhv” kimi qiymətləndirib. Amma sonradan Marin özünü təcrid edib, çünki mobil proqram onun koronavirusa yoluxa biləcəyini göstərib.
Necə deyərlər, bəzi şıltaqlıqlarına baxmayaraq, xalq onu sevir. Axı niyə də sevməsin? Dünyanın ən gənc baş naziri insanlara ailəsinə daha çox vaxt ayırmasını istəyir. Marin işləyənlərin ailələri ilə daha çox zaman keçirməsi üçün həftədə 4 gün, 6 saatlıq iş rejiminə keçid etməyi təklif edib. O düşünür ki, bu yolla insanların sosial həyatları üçün ayırdıqları zaman da artacaq. “Məncə ailələrin sevdiklərinə, hobbilərinə, mədəni istirahətə daha çox zaman ayırmağa haqları çatır. Bunun üçün də Finlandiyada iş saatlarının yenidən tənzimlənməsi önəmlidir”.
İndi finlər bu Sannanı niyə sevməsin ki? Məşhur filmdə deyildiyi kimi, cavandır, gözəldir və nəhayət, baş nazirdir?