Dünyada ən aşağı doğumun olduğu ÖLKƏ  - yox olma təhlükəsi ilə ÜZ-ÜZƏDİR
07 mart 2024 18:18 (UTC +04:00)

Dünyada ən aşağı doğumun olduğu ÖLKƏ - yox olma təhlükəsi ilə ÜZ-ÜZƏDİR

Bütün dünyada doğum sayında azalma tendensiyası müşahidə olunur. Amma bəzi ölkələrdə doğumun düşüş tempi o qədər yüksək olur ki, dövlətin mövcudluğu sual altında olur. Bu ölkələrin başında Cənubi Koreya gəlir.

Lent.az xatırladır ki, Cənubi Koreyada ölkə əhalisinin sayı dördüncü ildir ki, azalmaqda və yeni antirekordlar vurmaqda davam edir.

Koreya Statistika Komitəsinin məlumatlarına görə, ölkədə doğuş koeffisienti yəni, bir qadının həyatı boyu dünyaya gətirəcəyi uşaqların orta sayı 2023-cü ildə 0,72 təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə bu əmsal 0,78, 2021-ci ildə 0,81, 2020-ci ildə 0,84 olub. Bu, ölkənin indiki 51 milyonluq əhalisini sayını stabil saxlamaq üçün tələb olunan 2,1 uşaq əmsalından 3 dəfə aşağıdır.

2018-ci ildən etibarən Cənubi Koreya İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) yeganə üzvüdür ki, doğuş nisbəti 1-dən aşağıdır. Bundan əlavə, Cənubi Koreyalı qadının ilk övladını dünyaya gətirdiyi orta yaş 33,6 təşkil edir.

Mütəxəssislərin hesablamalarına görə, aşağı doğum səviyyəsi davam edərsə, Asiyanın beşinci ən böyük iqtisadiyyatı hesab edilən Cənubi Koreyanın əhalisi 2100-cü ilə qədər demək olar ki, yarıya qədər azalaraq 26,8 milyon nəfərə çatacaq.

Ölkədə 2022-ci ildə yeni doğulanların sayı 250 min idisə, 2025-ci ildə bu rəqəm 220 minə düşəcək, 2072-ci ildə isə bu göstərici kritik 160 min nəfərə qədər azalacaq.

Daha bir məsələ isə ondan ibarətdir ki, yaşı 65-dən yüksək olan şəxslərin sayı 17,7% idisə, 2072-ci ildə bu rəqəm 47,7%-ə çatacaq. Beləliklə, ölkə əhalisinin yarısı qocalardan ibarət olacaq.

2006-cı ildən bu yana ölkə hökuməti aşağı doğum səviyyəsi probleminin həllinə 270 milyard dollara yaxın vəsait ayırıb, lakin bu, nəticə verməyib. Uşaq doğumu üçün stimullara cütlüklər üçün pul subsidiyaları, uşaq baxımı xidmətləri və sonsuzluğun müalicəsi üçün dəstək daxildir.

Dövlət uşaqlı cütlüklərə aylıq müavinətlərdən tutmuş subsidiyalı mənzil və pulsuz taksilərə qədər maddi dəstək verilir. Dövlət xəstəxana xərclərini də qarşılayır.

Bununla belə, maddi təşviqlər nəticə verməyib və siyasətçilər daha “yaradıcı” həll yolları axtarırlar: Cənub-Şərqi Asiyadan aşağı maaşlı dayələrdən tutmuş, 30 yaşınadək üç uşaqlı kişilərin hərbi xidmətdən azad edilməsinə qədər geniş güzəşt kampaniyaları mövcuddur.

Koreyalılar özləri siyasətçiləri gənclərin, xüsusən də qadınların fikirlərini dinləməməkdə, ehtiyaclarını nəzərə almamaqda ittiham edirlər.

Qeyd olunur ki, cütlüklər uşağın tərbiyəsi və baxımı üçün xərclərinin, daşınmaz əmlak qiymətlərinin artmasını, yüksək maaşlı iş yerlərinin azlığını və təhsil sistemindəki şiddətli rəqabəti çoxuşaqlı ailələrin yaradılmasına maneələr kimi göstərirlər.

Mütəxəssislər həmçinin, mədəni amillərin rolunu, o cümlədən qadınların iş və analığın tarazlaşdırılmasında üzləşdikləri çətinlikləri, ev işləri və uşaq baxımı üçün ilk növbədə onların məsuliyyət daşımasını doğum tempinə mənfi təsir göstərən amillər sayır.

Cənubi Koreyada hiper-rəqabət mühitinin hökm sürdüyü, 4 yaşından etibarən uşaqların adətən riyaziyyat və ingilis dilindən musiqi və taekvondoya kimi müxtəlif bahalı məktəbdənkənar fəaliyyətlərə cəlb edildiyi vurğulanır.

Bu təcrübə o qədər yayılıb ki, uşağı həmin hazırlıqlara göndərməmək onun uğursuzluğa düçar olması kimi qəbul edilir. Məhz bu rəqabət mühitinə görə, Cənubi Koreya uşaq böyütmək üçün dünyanın ən bahalı ölkəsinə çevirilib.

2022-ci ildə aparılan araşdırma, valideynlərin yalnız 2%-nin övladlarının özəl təhsili üçün pul ödəmədiyini, 94%-nin isə bu ödənişləri özləri üçün maliyyə yükü olduğunu bildirib.

Demoqrafik böhran Cənubi Koreyanın iqtisadi artımı, sosial təminatı və milli təhlükəsizliyi üçün ən böyük təhlükə hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4722
avatar

Vüqar İsmayılov

Oxşar yazılar