Rusiyanın Murmansk sakini 61 yaşlı qadın hər dəfə oğlu ilə məişət zəminində mübahisə edirdi.
Oğlunun 39 yaşı olsa da, özünü “uşaq” kimi aparırdı, hər dəfə anasına qarşı aqressiv hərəkətləri dava-dalaşa səbəb olurdu.
Lent.az Rusiya İstintaq Komitəsinin regional idarəsinin yaydığı məlumata istinadən xəbər verir ki, ana-oğul münasibətləri dərinləşərək faciə ilə sonlanıb.
İstintaq materiallarında göstərilib ki, növbəti münaqişə zamanı spirtli içkinin təsiri altında oğul anasının başına 7 dəfə bərk əşya ilə zərbə endirib. Bu azmış kimi, 31 dəfə də bədənin digər nahiyələrinə xəsarət yetirib. Sonra anasının bədənini parçalara ayıraraq başını, əllərini və şəxsi sənədlərini Planernaya küçəsində yerləşən bağ kooperativinin yaxınlığındakı meşədə gizlədib.
İdarənin nümayəndəsi Alina Aleksandroviçin sözlərinə görə, hadisəni törətdikdən sonra oğul polisə müraciət edərək Zelenaya küçəsindəki ünvanda birlikdə yaşadığı anasının itkin düşdüyünü bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları onun evinə baxış keçirərkən otaqdakı divanın içərisindən qadın bədəninin hissələri olan 6 bağlama aşkar ediblər.
İstintaq zamanı həmin şəxs əvvəlcə cinayətdə iştirakını inkar edib. Hadisə ilə bağlı maddi sübutlar üzə çıxdıqdan sonra etiraf etməkdən başqa çarəsi qalmayıb.
O, psixoloji-psixiatrik ekspertizanın nəticələrinə görə, sağlam hesab edilib.
Cəzasını ciddi rejimli həbsxanada çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilib.