“İnsan üçün kiçik olan bu addım, bəşəriyyət üçün nəhəng bir sıçrayışdır”. Belə demişdi o. Düz, 384 min 401 km yol qət edəndən sonra. Çox sözlər deyəcəkdi hələ ondan sonra. Hətta bir dəfə adından yalan da danışacaqdılar.
Bir elmi konfransda iştirak etmək üçün Misirə gəlir. İclas vaxtı azan səslənir. Bu səsi eşidərkən guya şok keçirir.
- Bu nə musiqidir?
- Azan səsidir.
- Mən ora ayaq basanda bunu eşitmişəm.
Hə, əməllicə uydurmuşdular adından. Təkcə bu da yox. O qədər əfsanə kii. Və bu da təsadüfi deyildi. Çünki Aya, Yerdən, ayağınızın altından düz 384 min 401 km uzaqlıqda yerləşən bu məkana insan oğlu kimi məhz o ayaq basmışdı. Bu gün “Onu tanı” da məhz ondan danışacağıq. 53 il əvvəl iyulun bu günü, 21-i Aya ayaq basan Nil Olden Armstronqdan.
O, 1930-cu ildə avqust ayının 5-də ABŞ-ın Vapakoneta şəhərində dünyaya gəlib. 1947-ci ildə orta məktəbi həmin şəhərdə bitirib. Daha sonra aviasiya texnikası ilə bağlı tədqiqatlar aparılan Perdyu Universitetinə daxil olub.
1950-1952-ci illərdə o, Koreya müharibəsində iştirak edib. Daha sonra Armstronq Perdyu Universitetinə qayıdıb və aviasiya texnikası üzrə bakalavr dərəcəsini alaraq uğurla həmin universiteti bitirib. Sonradan NASA-nın eksperimental pilotlar qrupuna daxil edilib. “Cemini” və “Apollo” proqramları üzrə uçuş hazırlıqları keçib. 1966-cı ilin mart ayının 17-də Nil Armstronq “Cemini 8” kosmik gəmisinin komandiri kimi özünün ilk kosmik uçuşunu həyata keçirib. Və nəhayət, 1969-cu il iyul ayının 21-də o, Apollon 11 kosmik gəmisində milyonlarla canlı yayımda milyonlarla tamaşaçısının gözləri qarşısında Aya eniş edir. O, gəmidən kənarda 2 saat 21 dəqiqə keçirir. 3 gün sonra isə Yerə qayıdır.
Əslində, Aya ilk çıxan NASA-nın qaydalarına görə, gəminin komandiri Endryü Oldrin olmalı idi. Amma NASA-da Oldrinə münasibət o qədər də yaxşı deyildi. Armstronq isə sakit, təmkinli, bir şəxs idi. Buna görə də, NASA qaydaları dəyişdi və Armstronq Aya ayaq basan ilk insan oldu.
Aya ilk qədəm qoyan astronavt adından məhrum olsa da, amma Aya ilk sidik ifraz edən insan adını qazana bildi!
Yeri gəlmişkən, missiya ərəfəsində Armstronq az qala həlak olacaqdı. Onun təlim keçdiyi aparatda nasazlıq yarananda, son saniyədə ejektor düyməsini basmasaydı, astronavt imitasiya enməsi zamanı öləcəkdi.
Aya uçuşundan sonra Armstronq 1969-1971-ci illərdə NASA-nın aeronavtika şöbə rəhbərinin müavini vəzifəsində çalışdı. Cənubi Kaliforniya Universitetinin aerokosmik texnikası üzrə elmlər magistri dərəcəsini alıb. 1974-cü ildə NASA-dan istefa verib şəxsi bizneslə məşğul olmağa başlayıb. 2000-ci ildən Armstronq müdafiə və aerokosmik sənaye üçün müxtəlif cihazlar istehsal edən “EDO Corp” şirkətinin direktorlar şurasının sədri seçildi. Ömrünün sonuna qədər burada çalışdı.
2012-ci ilin avqust ayının 9-da Nil Armstronq ürəyindən əməliyyat keçirib. 16 gün sonra isə dünyasını dəyişdi. Onun adı ABŞ astronavtlarının şöhrət zalına (U.S. Astronaut Hall of Fame) daxil edilib. 2009-cu ildə Armstronq ABŞ Konqresinin Qızıl medalı ilə təltif edilib.
Bir maraqlı fakt: Prezident Nikson Aydan qayıdan astronavtları təbrik etmişdi. Amma onun üçün iki çıxış hazırlanmışdı. Əgər missiya faciə ilə bitsəydi, Nikson deyəcəkdi: “Tale belə gətirdi ki, Aya dinc məqsədlərlə getmiş insanlar Ayda dinc uyuyacaqlar. Amma bundan sonra, Aya baxan hər bir insan övladı biləcək ki, başqa bir dünyanın bir küncü əbədi olaraq insan tərəfindən fəth edilib”.