İsrail “Mavi Mərmərə”də ölən hər türkün ailəsinə 100 min dollar verəcək
09 dekabr 2010 16:16 (UTC +04:00)

İsrail “Mavi Mərmərə”də ölən hər türkün ailəsinə 100 min dollar verəcək

İsrail Qəzza sektoruna humanitar yardım aparan “Mavi Mərmərə” gəmisinə hücum və 9 türkün öldürülməsindən sonra Türkiyə ilə pozulan münasibətlərini bərpa etmək üçün konkret təkliflə çıxış edib.

Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Cenevrədə Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Feridun Sinirlioğlu və İsrail baş nazirinin xüsusi təmsilçisi Yosef Ciechanover arasında keçirilən 2 turdan ibarət görüşdə sonuncu Təl-Əvivin “Mavi Mərmərə” olayında ölən hər türkün ailəsinə 100 min dollar təzminat ödəməyi qəbul etdiyini bildirib.

“Mavi Mərmərə” olayına görə Türkiyədən rəsmən üzr istəmək niyyətində olmayan İsrail olaya görə məsuliyyəti üzərinə götürməyərək, atdığı addımın sadəcə, insani bir jest kimi qəbul edilməsini istəyir. İsrail donanmasına qarşı beynəlxalq səviyyədə aparılan araşdırmaların da dayandırılması üçün Türkiyədən yardım istəyib. “Reutrers” agentliyinə açıqlama verən bir İsrail rəsmisi deyib ki, təzminat təkliflərini səsləndiriblər və türklərdən də hüquqi problemlərin həlli üçün addımlar atmalarını istəyiblər: “Biz həm də Türkiyənin İsraildən geri çağırdığı səfirini geri göndərməsini istəyirik. Eyni zamanda Türkiyəyə yeni səfir təyin etmək niyyətindəyik. Ancaq bu məsələlərin həllini tapması yönündə hələ də böyük əngəllər var”.

O da məlum olub ki, İsrail Türkiyə dövlətindən yox, ölənlərin yaxınlarından üzr istənilməsini qəbul edir. Ancaq məsələyə Cenevrədə görüş keçirən diplomatların geri qayıdaraq baş nazirlərlə görüşməsindən sonra aydınlıq gələcək. Məhz bundan sonra tərəflər razılaşmanın son mətnini hazırlayacaqlar.

Qeyd edək ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan son açıqlamasında İsrailin Türkiyə dövlətindən üzr istəməli olduğu barədə şərti bir daha təkrarlayıb. Radikallığı ilə seçilən İsrail xarici işlər naziri Edviqor Liebermanisə Türkiyənin üzr istəməli olduğunu söyləyib.
# 537

Oxşar yazılar