İran böhran marağında
26 fevral 2010 18:30 (UTC +04:00)

İran böhran marağında

Martın 1-i yaxınlaşdıqca İranın atom-nüvə proqrammı ətrafında gərginlik artır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, İslam Respublikasının nüvə proqramının hərbi xarakterli olmasına dair sübut yoxdur. Bununla belə, rusiyalı diplomatın sözlərinə görə, İran hakimiyyəti uyğun beynəlxalq qurumlarla lazım olan dərəcədə əməkdaşlıq etmir.

S.Lavrov İrana S-300 zenit-raket qurğularının verilməsi üçün uyğun şəraitin olmadığını da söyləyib.

Rusiya Xarici İşlər Nazirliyinin təmsilçisi Oleq Rıjkov isə bu günlərdə vurğulayıb ki, Moskva İrana qarşı sanksiyaların sərtləşdirilməsini dəstəkləməyəcək. Onun sözlərinə görə, Rusiya İslam Respublikasının maliyyə və energetika sektorunun iflicinə gətirib çıxaracaq qadağalarla bu ölkənin nüvə silahı əldə etməsinə qarşı mübarizənin arasında heç bir əlaqə görmür.

Rusiya prezidenti Dmitri Medvedev İran ətrafında yaranmış şəraitlə bağlı narahatlığını dilə gətirərək, Tehranı “məsuliyyətli davranmağa” çağırıb: “Fikrimcə, vəziyyətdən çıxış yolu İranın əlindədir. Biz İranın atom–nüvə proqramının Atom Enerjisi üzrə Beynəlxalq Agentlik kimi beynəlxalq qurumların tələbələrinə uyğun olaraq gerçəkləşməsinin tərəfdarıyıq. Digər tərəfdən isə bu sahədə fəaliyyət nəzarət üçün şəffaf olmalıdır. Hələlik məsələ ilə bağlı çoxlu problem mövcuddur. Ona görə də biz danışıqların iştirakçısı olan əsas dövlətlərlə məsləhətləşmə aparırıq” - deyə, Rusiyanın lideri Fransalı jurnalistlərə müsahibəsində söyləyib.

D.Medvedev bildirib ki, İran Rusiya ilə qonşudur və orada baş verəcək istənilən hadisə ilk növbədə ciddi humanitar faciə yaradacaq: “Mən hələ onun bölgədə yarada biləcəyi başqa problemləri demirəm”.

İran prezidenti Mahmud Əhmədinijat isə Suriyaya səfəri zamanı “Həmas”ın təmsilçisi Xalid Məşəl və “İslami-cihad”ın başçısı Ramazan Şalahla görüşüb.

Onu da qeyd edək ki, İranla Suriya arasında viza rejimi bu səfər öncəsi ləğv edilib.

Əhmədinijatın səfəri ərəfəsində ABŞ-ın dövlət katibi Hillari Klinton rəsmi Dəməşqi Tehran hakimiyyəti ilə əlaqələri kəsməyə çağırmışdı.

Xatırladaq ki, Livanın baş naziri Rafiq Həriri öldürüldükdən sonra 2005-ci ildə ABŞ-ın o vaxtkı prezidenti Corc Buş ölkəsinin Suriyadakı səfirini geri çağırmışdı. Bu yaxınlarda isə Amerika bu ölkəyə yeni səfirini göndərib.

Rusiya rəsmilərinin İranla bağlı məsələdə çıxışından və davranışından yumşaldıqları, yaxud Qərbin mövqeyinə yaxınlaşdıqları görünür. Zenit-raket qurğularının göndərilməsinin gecikdirilməsi, Buşəhr AES-də işlərin təhvil verilməməsi də bundan xəbər verir. İslam Respublikasının atom-nüvə proqramına aid problemin həllində Çin Xalq Respublikası “yola gəlmir”.

Ötən gün H.Klinton bildirib ki, rəsmi Pekinlə yeni sanksiyanın qəbulu ilə bağlı müəyyən anlaşma əldə olunub. Bundan başqa, amerikalı diplomat söyləyib: “Yaxın 30-60 gün ərzində yeni sanksiya görəcəyimizə əminik”.

Lent.az-ın “Associated Press”ə istinadən məlumatına görə, bu ilin yanvarında Çin İrana qarşı yeni sanksiyanın tətbiqini dəstəkləməyəcək. Pekinin BMT-dəki təmsilçisi onda demişdi ki, yeni qadağaları üçün “uyğun vaxt deyil”.

Baş verənlərə əsasən İran İslam Respublikasının ətrafında yaranmış həlqənin yavaş-yavaş daraldığını ehtimal etmək olar. Başqa sözlə, vəziyyətdən çıxış yolu, eləcə də Yaxın Şərqin yeni böhrana düşməməsi daha çox Tehran hakimiyyətindən asılıdır. Bunu İran rəhbərliyi də yaxşı anlayır. Elə ona görə daha iddialı görünür. Çünki bölgədə yaranacaq istənilən böhran və ya qarışıqlıq bu hakimiyyətin əlinə oynayır.

Sədrəddin Soltan
# 569

Oxşar yazılar