Rəfsəncaninin oğlu casus imiş?
20 fevral 2010 14:00 (UTC +04:00)

Rəfsəncaninin oğlu casus imiş?

İranın indiki prezidenti Mahmud Əhmədinijat hələ 2005-ci ildə prezident seçkisi qabağı təbliğat kampaniyası zamanı bəyan edirdi ki, ölkənin neft nazirliyini “mafiyadan qurtaracaq”. O ad çəkməsə də, bunu deyərkən İslam Respublikasının keçmiş prezidenti, hazırda Dini Ekspertlər Şurasının sədri (ölkənin bu ən ali qurumu həm də İranın ali rəhbərini) Rəfsəncani ailəsini nəzərdə tutduğu ölkədə hər kəsə bəlli idi. İş elə gətirdi ki, həmin il Əhmədinijatla Rəfsəncani seçkinin ikinci turuna qaldılar və birinci oyunu uddu.

Elə həmin vaxt İran mətbuatında Haşimi-Rəfsəncaninin neft şirkətində çalışan oğlu Mehdi Rəfsəncaninin “Statoyl” neft şirkətinə 30 milyon dollarlıq rüşvət verdiyi barədə xəbərlər yayıldı. Sonradan şirkətin rəhbərliyindəki həmin şəxsin tutduğu vəzifədən azad olunması barədə məlumatlar çap olundu.

Beləliklə, Əhmədinijat-Rəfsəncani qarşıdurması aşkar şəkildə 6 ilə yaxındır davam etməkdədir. 2009-cu ilin yayındakı prezident seçkisindən sonra bu proses daha qabarıq görünməkdədir. Sözügedən siyasi kampaniyada Rəfsəncani açıq-aşkar başqa namizədi dəstəkləyirdi. Hətta seçkinin rəsmi nəticələrinə etiraz aksiyası zamanı keçmiş prezidentin qızı Faizənin adı həbs olunanlar arasında çəkilirdi.

Ötən ilin sonunda İranın baş prokuroru bildirmişdi ki, Rəfsəncaninin oğlu barəsində cinayət işi var və o, ölkəyə gəlib, suallara cavab verməlidir. Onda keçmiş prezident bildirmişdi ki, oğlunun heç bir suçu yoxdur və o, təhsil almaq üçün xaricə gedib.

Fevralın əvvəlində isə “Fars” xəbər agentliyi İran məhkəmə sistemi rəhbərinin birinci müavini İbrahim Rəisiyə istinadən bildirmişdi ki, Şura sədrinin övladlarına qarşı irəli sürülən ittihamlar baxılmaq üçün Tehran məhkəməsinə verilib. Rəisi demişdi ki, ölkənin yüksək vəzifəli şəxslərinə qohum olduqlarına görə kiminsə cinayət işinə baxılmayacağını düşünənlər yanılır.

Fevralın 19-da islam-azeri.az saytı İran mətbuatına istinadən bildirib ki, Haşimi-Rəfsəncaninin oğlu “casusluq” maddəsi ilə həbs edilə bilər. Məlumata görə, İran təhlükəsizlik xidmətinin adının açıqlanmasını istəməyən yüksək vəzifəli əməkdaşı bildirib ki, Rəfsəncaninin oğlu Mehdi İngiltərəyə İran-İraq savaşı və İrandakı sonuncu seçki ilə bağlı məlumatların toplandığı 10 ədəd CD verib. Məlumata əsasən, Mehdi Rəfsəncani bildirib ki, ailəsinə İran hakimiyyəti tərəfindən təzyiqlər artıracağı halda, bu CD-ləri Britaniyada yayacaq.

Haşimi-Rəfsəncani oğlunun “təhsil aldığı” ölkənin adını açıqlamasa da, qeyri-rəsmi məlumatlara görə, Mehdi Rəfsəncani Britaniyadadır.

Sədrəddin Soltan
# 592

Oxşar yazılar