Əhmədinijatdan yeni hədə
17 fevral 2010 14:15 (UTC +04:00)

Əhmədinijatdan yeni hədə

“Cavabımız elə sərt olacaq ki...”

İran hakimiyyəti atom-nüvə proqramı ilə bağlı beynəlxalq ictimaiyyətlə dil tapmağı gecikdirdiyindən ona qarşı iddialar da sərtləşir.

Lent.az-ın İran KİV-nə istinadən xəbərinə görə, ötən gün İran prezidenti Mahmud Əhmədinijat bildirib ki, onlar istənilən yeni sanksiyaya cavab verəcəklər: “İrana qarşı fəaliyyət göstərənlərə bizim cavabımız elə sərt olacaq ki, onlar bu əməllərinə görə peşman olacaqlar”. Onun sözlərinə görə, yeni sanksiyalar ölkəsinə zərər yetirməyəcək.

Qətərə səfəri çərçivəsində İran İslam Respublikası ilə bağlı verdiyi bəyanatda ABŞ-ın dövlət katibi Hillari Klinton bildirmişdi ki, bu ölkənin rəhbərliyi “hərbi diktatura yaratmağa yönəlik fəaliyyət göstərir”. Bu məsələyə münasibət bildirən Əhmədinijat deyib ki, amerikalı diplomatın bəyanatını ciddi qəbul etmir: “Biz bu şərhləri ciddi qəbul etmirik. Ona qalsa, ABŞ-ın hərbi büdcəsi İranınkından 80 dəfə çoxdur”.

M.Əhmədinijatın “biz uranı 80 faizə qədər zənginləşdirə bilərik” bəyanatından beynəlxalq ictimaiyyət narahat olmaqdadır.

ABŞ silahlı qüvvələri qərargah rəisləri komitəsinin sədri, admiral Maykl Mallen bildirib ki, İslam Respublikası atom silahı ələdə etməyə çox yaxındır. İordaniya paytaxtında çıxışı zamanı o deyib ki, İrandakı rejimin nüvə silahı əldə etməsi beynəlxalq ictimaiyyəti haqlı narahat edir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin təkliflərini qəbul etməyə çağırıb: “Məsələ burasındadır ki, BMT Təhlükəsizlik Şurasının qərarına əməl edərək, İran uranını zənginləşdirilməsi istiqamətində fəaliyyətini dayandırmalıdır”.

Xatırladaq ki, 2009-cu ilin oktyabrında ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin İrana təklif etmişdilər ki, əldə etdiyi 3,5 faizlik zəif uranı xaricdə 20 faizədək zənginləşdirilmiş nüvə yanacağı ilə mübadilə etsin. İran isə indiyədək bu təklifə cavab verməyib.

Sədrəddin Soltan
# 391

Oxşar yazılar