ABŞ İranın 4 törəmə şirkətinə sanksiya tətbiq etdi
11 fevral 2010 15:30 (UTC +04:00)

ABŞ İranın 4 törəmə şirkətinə sanksiya tətbiq etdi

ABŞ prezidenti Barak Obama beynəlxalq ictimaiyyəti İrana qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb.

ABŞ-ın Maliyyə Nazirliyi İran İnqilab Keşikçiləri Qvardiyasının inşaat bölümünün rəhbərliyinə və bu qurumun 4 törəmə şirkətinə qarşı sanksiya tətbiq edib. Lent.az-ın “Reuters”ə istinadən məlumatına görə, nazirliyin məsələ ilə bağlı yaydığı bəyanatda bildirilir ki, qvardiyaya və onun tabeçiliyində olan “Xatəmül-Ənbiya” şirkətinə ABŞ şirkətləri və ya onun hüquqi nəzarətində olan bütün firma, müəssisələrlə ticari işbirliyi qadağandır. Bildirişə əsasən, “Xatəmül-Ənbiya” çeşidli tikinti layihələrini gerçəkləşdirir və onun gəliri İran İslam Respublikasının nüvə və raket proqramının həyata keçməsinə sərf edilir.

İslam Respublikası hökumətinin sözçüsü Ramin Mehmanpərəst Tehrana qarşı gözlənilən sanksiyalara cavab olaraq, bildirib ki, bu sayaq qadağalar İranın qabaqcıl texnologiyalar əldə etməsinə yardım edəcək. Onun sözlərinə görə, ABŞ təklif edir ki, İranın atom texnologiyasını tibb sahəsində dayandırsın və onkoloji xəstələr üçün Amerikadan dərmanlar alsın. Sözçünün fikrincə, İran ABŞ-dan bu cür dərmanlar almaq niyyətində deyil.

Sədrəddin Soltan
# 652

Oxşar yazılar