Kadırovdan inquş prezidentə sərt ittihamlar: “O, yaraqlılarla dostluq edir”
13 noyabr 2012 17:09 (UTC +04:00)

Kadırovdan inquş prezidentə sərt ittihamlar: “O, yaraqlılarla dostluq edir”

Çeçenistan prezidenti Ramzan Kadırov inquşetiyalı həmkarı Yunus Bek Yevkurovun ünvanına sərt ittihamlar səsləndirib. Lent.az-ın Çeçenistan prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Kadırov Yevkurovu Şimali Qafqazda döyüşən yaraqlılarla dostluq etmək də ittiham edib.

“Heç kimə sirr deyil ki, Yevkurov öldürülmüş yaraqlıların dəfnində iştirak edir, onların qohumlarına “keçmiş olsun” deyə başsağlığı verir. Bununla da İnquşetiyada öz reklamı ilə məşğuldur. O, həmişə adının mənim adımla yanaşı çəkilməsini arzulayıb” - deyə Kadırov bildirib.

Lent.az-ın məlumatına görə, Yevkurovun cavabı da çox gecikməyib. İnquşetiya prezidenti öz Tvitter səhifəsində bildirib ki, onun öldürülmüş adamlarla təkrarən döyüşmək fikri yoxdur. “Mən neyləməliyəm? Ölülərlə vuruşmalıyam? Bitdi, onlar artıq həyatda yoxdurlar. Mən həmişə öldürülən bu şəxslərin dəfn edilməsinin tərəfdarı olmuşam. Bu, islam qaydalarına da uyğundur. Onları Çeçenistandakı kimi duzlu çəlləklərə yığıb saxlamağın mənası yoxdur” - deyə inquş lider bildirib.

Yevkurov bu tip bəyanatların verilməsinin də əleyhinə olduğunu deyib.

“Bütün məqamlarla bağlı mənə zəng etmək çətin deyil. İndi daha gecdir. Mən sadəcə Kadırovun gözlərinin içinə baxmaq istəyirəm”.

Xatırladaq ki, hər iki prezidentin münasibətləri neçə vaxtdır ki, normal müstəvidən çıxıb. Zaman-zaman bir-birinə qarşı ittihamlar səsləndirilən Kadırov və Yevkurovun bu hərəkətləri barədə Kremldə də xəbərdardırlar.

Səbuhi Məmmədli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1241

Oxşar yazılar