Qadın hüquq müdafiəçisi, yeniyetmə qızın sağlığı yaxşılaşır
27 oktyabr 2012 01:51 (UTC +04:00)

Qadın hüquq müdafiəçisi, yeniyetmə qızın sağlığı yaxşılaşır

Pakistanda talibanın güllələdiyi 15 yaşlı Malala Yusifzainin atası qızının müvəqqəti olaraq fəaliyyətsiz qaldığını və onun tez zamanda işini davam etdirəcəyini deyib.

Ziyəddin Yusifzai əlavə edib ki, Malalanı vuranlar onu öldürmək istəyiblər, ancaq onun vəziyyəti sürətlə yaxşılaşır və ailəsi buna görə özünü xoşbəxt hiss edir.

Malalanın Pakistandan Britaniyaya səfər etmiş ailə üzvləri onu Birmingem şəhərində kraliça Yelizaveta adına xəstəxanada ziyarət edib.

Ziyəddin Yusifzai bundan əvvəl qızının müalicəsi bitdikdən sonra Pakistana qayıdacağını demişdi.

Oktyabrın 9-da Svat vadisində talibançılar tərəfindən güllə ilə vurulmasından sonra onun atası ilk dəfə olaraq mətbuata açıqlama verib. O, deyib ki, Malala məktəb yoldaşlarının vəziyyətini soruşub və ona xəstəxanaya dərsliklərini gətirməsini xahiş edib.

Malala Yusifzai Pakistanda qız və qadınların təhsil hüquqlarını müdafiə etdiyi, onları savada almağa çacırdığı üçün taliban qrupu tərəfindən dəfələrlə hədələnib. Sonuncu dəfə terrorçular onu qətlə yetirmək məqsədi ilə güllələyiblər.

Vaşinqtonda ABŞ Konqresinin qadın üzvü Şila Cekson Le qanunvericilərlə Malalaya Konqresin Qızıl medalının təqdim edilməsi üzərində işləyəcəyini elan edib.

Texas ştatından demokrat qanunverici «Amerikanın səsi»nin Devaa radiosuna müsahibədə yeniyetmə qızın belə gənc yaşında böyük cəsarətə malik olduğunu deyib. O, gənc qızı «cəsarət nümunəsi» adlandıraraq, onun işini dünyanın qiymətləndirilməsinin əhəmiyyətini vurğulayıb.
# 996

Oxşar yazılar