Bidzina İvanişvili Gürcüstanın baş naziri təsdiq edildi
25 oktyabr 2012 18:39 (UTC +04:00)

Bidzina İvanişvili Gürcüstanın baş naziri təsdiq edildi

Gürcüstanın yeni parlamenti bu gün ölkə hökumətinin yeni tərkibini təsdiq edib. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, baş nazir postuna seçkilərdə qalib gələn “Gürcü arzusu” koalisiyasının lideri, milyarder Bidzina İvanişvili təsdiq edilib.

Parlament yeni hökumətin “Güclü demokratik və vahid Gürcüstan üçün” adlı proqramını da bəyənib. Bu proqramda müxtəlif sahələrdə islahatlar həyata keçirmək nəzərdə tutulur.

Yeni hökumət və onun proqramının lehinə parlamentin 150 deputatından 88-i səs verib. Xatırladaq ki, seçkilərin nəticəsinə əsasən, “Gürcü arzusu” 85 deputat yeri qazanıb. Daha 65 deputat yeri isə Gürcüstan prezidenti Mixail Saakaşvilinin rəhbəri olduğu “Vahid Milli Hərəkat”a məxsusdur. Bu partiyadan parlamentə keçən 5 deputat Saakaşvilinin partiyasının parlament fraksiyasına qoşulmayacağını bəyan edib. Bundan sonra “Vahid Milli Hərəkat” “Gürcü arzusu”nu deputatları ələ almaqda ittiham edib.

Tiflisdə doğulan Bidzinə İvanişvili 1990-cı illərin əvvəlində Rusiyada bizneslə məşğul olub. O, 2000-ci illərin əvvəlində vətəninə qayıdıb. Uzun müddət siyasətdən kənarda qalan və ümumiyyətlə ictimailəşməkdən yayınan İvanişvili 2011-ci ilin payızında gözlənilmədən Saakaşvilinin əleyhinə çıxış edib və müxalifətlə bir olduğunu bəyan edib. Sonradan onun ətrafında bəzi müxalifət partiyaları birləşib və “Gürcü arzusu” koalisiyası yaradılıb.

“Forbes” 2012-ci ilin yazında onun 6,4 milyard dollar varidatı olduğunu yazıb.

Saakaşvili və tərəfdarları yeni baş naziri Rusiyanın adamı olduğunu bildirirlər. İvanişvili özü bu iddianı rədd edir.
# 1930

Oxşar yazılar