Soyuq havalarda dərimizdəki qan damarları daralır, bu isə dərinin quruması və soyulması ilə nəticələnir. Ona görə də qış aylarında daha baxımlı olmalı, kremlərimizi mütəmadi olaraq çəkməliyik.
Lent.az Türkiyə mətbuatına istinadən bildirir ki, dermatoloq Arda Eminzade qış fəslində xüsusilə əl, üz, ayaq dərisinə qulluq etməli olduğumuzu vurğulayıb. Bəzi qaydalara əməl etsəniz, qışda da gözəlliyinizi və sağlamlığınızı qorumağa nail olacaqsınız.
İsti sudan istifadə etməyin!
İsti su dərinin üstündəki yağ təbəqəsinə zərər verir. Əlləri və üzü soyuq və ya ilıq su ilə yumaq məsləhətdir. Çimərkən də ilıq sudan istifadə edin, hamamda 15 dəqiqədən artıq qalmayın. Əks təqdirdə dəriniz quruyacaq. Kremlərdən istifadə etsəniz də onlar dərinin təbi yağ təbəqəsini bərpa edə bilmirlər. Ona görə də dərini qurumaqdan qorumalıyıq.
Təbii tərkibli sabunlardan istifadə edin!
Ətirli və tərkibində spirt olan sabunlardan uzaq durun. Daha çox təbii tərkibli sabunlara üstünlük verin.
Üzərində “PH” dəyəri 5,5 yazılmayan sabunlar almayın.
3 dəqiqə ərzində nəmləndirici çəkin
Hamamdan çıxdıqdan dərhal sonra nəmləndirci çəkmək lazımdır. Qurulandıqdan sonra 3 dəqiqə ərzində çəkilən nəmləndiricinin təsiri artır. Bu həm bədən, həm də üz kremləri üçün keçərlidir.
Pilinq etmək üçün ən uyğun mövsüm
Yaz və yay aylarında Günəşin mənfi təsirləri artdığı üçün pilinq etməmək məsləhətdir. Pilinq üçün ən uyğun fəsil qışdır. Payız və qış aylarında sızanaq izlərindən, nazik qırışlardan xilas olmaq üçün pilinq etdirə bilərsiniz.
Günəş kremi çəkməyi unutmayın!
Çoxumuz elə bilirik ki, günəşdən qoruyucu vasitələri ancaq yay aylarında istifadə etmək lazımdır. Halbuki hava şəraitindən asılı olmayaraq, günəşin zərərli şüaları bizə təsir etməyə davam edir. Ona görə də il boyu günəş kremi çəkmək vacibdir. 30 SPF faktorlu günəş kreminizi evdən çıxmadan 15 dəqiqə öncə üzünüzə, əllərinizə çəkin. Bu dərinizin tez qocalmasının qarşısnı almaq üçün ən yaxşı vasitədir.
Soyuq havanın mənfi təsirindən qorunmaq üçün qış aylarına uyğun əlcək, corab, ayaqqabı, şərf və papaqlardan istifadə edilməlidir.
Saçlara qulluq vaxtıdır
Yay mövsümündə günəşin və dəniz suyunun təsiri ilə saçlarımız korlanır və qırılıb tökülməyə başlayır. Qış fəslində saçlarınızı yenidən gücləndirməyə çalışın. Bunun üçün saç tipinizə uyğun maska və balzamlardan istifadə edə bilərsiniz. Təbii vasitələrdən istifadə etmək də olar.
Vitaminlər
Həkimə müraciət edərək hansı vitaminlərin sizdə azlıq təşkil etdiyini öyrənin. A, E, C kimi vitaminləri təbii meyvə və təvəzlərdən almaqla yanaşı vitamin həbləri şəklində də qəbul edə bilərsiniz.