Düz bir il əvvəl, 2021-ci il aprelin 9-da Kraliça Yelizavetanın əri şahzadə Filip vəfat edib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Edinburq Sarayı Hersoqun anım günündə arxiv fotoşəkillərini paylaşıb.
Möhtərəm Edinburq hersoqu 100 illik yubileyinə bir neçə ay qalmış 99 yaşında vəfat edib.
Hersoqun anım günündə kral ailəsinin rəsmi hesablarında şahzadə Filip və ailəsinin arxiv fotoları yayılıb.
Fotoların birində Kraliça Yelizaveta və Edinburq hersoqu Müqəddəs Mixail və Müqəddəs Georgi ordeninin 150 illiyinə həsr olunmuş ibadətdən sonra Müqəddəs Pavel Katedralini tərk edirlər.
Başqa bir fotoda şahzadəni qayğıkeş ata kimi görə bilərsiniz. Arxiv fotosunda o, uşaqları və həyat yoldaşı ilə gəzintiyə çıxaraq əylənir.
Kral ailəsinin digər arxiv və nadir görüntüləri "The Patriarchs – An Elegy" ilə müşayiət olunan təsirli videoda toplanıb.
Kraliça Yelizaveta ərinin xatirəsini Vindzor qəsrində sükutla yad etməyə üstünlük verib. Şahzadə Filipin həyatının son illərində qala onun iqamətgahı olub.