Dünən Qətərdə keçirilən dünya çempionatının final oyununda Argentina Fransanı məğlub edərək dünya kubokunu qazanıb. Beləliklə, argentinalı ulduz Lionel Messinin uzun illər gözlədiyi arzusu gerçəkləşib. O, çoxdan istədiyi kuboku başı üzərinə qaldırıb. Onun bu özəl və xoşbəxt günündə futbol sevərlərlə yanaşı, ailəsi də yanında olub. Messini ən çox həyat yoldaşı 34 yaşlı Antonella Rucozzo dəstəkləyib. Demək olar ki, Leonun çıxdığı bütün oyunlarda Antonella onu yalnız buraxmayıb.
Bəs, onlar necə tanış olub?
Uzun illərdir belə bir mif var ki, Lionel Messi və Antonella Rucozzo uşaqlıqdan birlikdədirlər.
Lent.az bu miflərlə bağlı kiçik bir araşdırma aparıb.
Araşdırma nəticəsində məlum olub ki, onların münasibətlərinin bu yerə gəlməsi elə də asan olmayıb.
Onlar həqiqətən uşaqlıqdan tanışdılar. Hətta Messi 11 yaşı olanda yaxın dostlarından birinə bir gün Rucozzo ilə evlənəcəyini deyib. Amma Leo 13 yaşında ailəsi ilə birlikdə İspaniyaya köçdüyü üçün onların münasibətləri yarımçıq qalıb.
Həmin ərəfələrdə böyümə hormon pozğunluğu xəstəliyindən əziyyət çəkən futbolçunun müalicəsini "Barselona" futbol komandası öz üzərinə götürüb.
Uzun illər görüşməyən cütlük sonda 2007-ci ildə bir araya gəliblər. Bu zaman Leo 19, Antonella isə 20 yaşında idi. Həmin vaxt Rucozzonun yaxın dostlarından biri avtomobil qəzasında ölür. Bunu eşidən Messi ona dəstək olmaq üçün Argentinaya qayıdır. Beləcə, bundan sonra onların münasibətləri yeni mərhələyə qədəm qoyur. O zamanlar sevgilisi olan Antonella Messi ilə birlikdə olmaq üçün ondan ayrılır. Onun keçmiş sevgilisi müsahibələrin birində belə deyir:
“Ən azından o, məni Messi üçün tərk etdi. Hər hansı qoca biri üçün yox”.
Antonella və Messi 2017-ci ilin iyununda Argentinada evləniblər. Toyda Messinin komanda yoldaşları, bir çox tanınmışlar, həmçinin Şakira və keçmiş əri Jerar Pike də iştirak edib.
Bəs, Antonella kimdir və hazırda nə ilə məşğuldur?
Antonella Rucozzo Argentinada Rosario Milli Universitetində Humanitar və Sosial elmlər ixtisası üzrə təhsil alıb və stomatologiya üzrə aspiranturaya başlayıb. Amma Messi ilə münasibətə başladıqdan sonra universiteti tərk edib.
2016-cı ilin noyabrında Rucozzo tanınmış dizayner Riki Sarkani ilə modellik üzrə müqavilə bağlayıb. 2017-ci ildə rəfiqəsi, futbolçu Luis Suaresin həyat yoldaşı Sofiya Balbi ilə Barselonada “Sarkany” ayaqqabı brendi butikini açıb.
Antonella “Adidas” və “Stella McCartney” də daxil olmaqla bir sıra fitness brendləri və şirkətləri ilə də əməkdaşlıq edib.
Cütlüyün üç oğlan övladı var. 2012-ci ildə ilk övladı Tiaqo, 2015-ci ildə Mateo və 2018-ci ildə ən kiçik oğlu Çiro dünyaya gəlib.
Messi müsahibələrinin birində ailəsi ilə bağlı bu sözləri deyib:
“Həyatın böyük sahələrində özünü inkişaf etdirirsən, nələrisə öyrənirsən, təcrübə qazanırsan. Amma bir insan olaraq üç övladımın olması mənim həyata baxışımı, düşüncə tərzimi dəyişdi və böyüməyimə kömək etdi”.
O, ailəsi ilə birlikdə vaxt keçirməkdən zövq aldığını da xüsusilə vurğulayıb:
“Üç uşaqla evdə istirahət üçün çox vaxtımız olmasa da, onlarla televizora baxmaq, oyun oynamaq, ümumilikdə onlarla keçirdiyim hər saniyədən zövq alıram. Biz evdə qalmağı və birlikdə vaxt keçirməyi çox sevirik”.