Pedro Alonso Lopez
25 yanvar 2022 20:15 (UTC +04:00)

Pedro Alonso Lopez

Dünyanın ən amansız qatilinin TÜKÜRPƏDƏN HEKAYƏSİ: Anası "Qəddar Fahişə" olub - Cinayət DOSYESİ

Cinayət DOSYESİ – 002

Əvvəlki yazı

Vəhşətin zirvəsi... 300-dən çox insanı tək-tək qətlə yetirən, yeniyetmə qızların kabusuna çevrilən şəxsin istintaq ifadəsini oxuduqdan sonra ağlıma gələn ilk fikir bu oldu. 

“Mən Ekvadordan olan qızları sevirəm. Onlar çox məsum, mülayim və insana daha tez güvənirlər”.

Lənətlənmiş sevgi... Çünki bu sevginin hədəfinə çevrilənlər min-bir əzabla ölürlər. “Seri qatil”  “SEVDİYİ” qızlara təcavüz edib öldürürmüş, dərisini soyurmuş. Bəs görəsən, qurbanın məsumluğu onun nəyinə lazımıymış?

Yəqin fikirləşirsiniz ki, onun içində bir şeytan var və ya dəlidir. Əslində heç də haqsız sayılmırsınız. Onun barəsində bu cür düşünənlər çoxdur.

Aramızda yaşayıb, normal insanlar kimi gəzirlər, amma...

Lent.az-ın “Cinayət Dosyesi” layihəsində bu dəfə sizə gəlib keçmiş tarixin ən amansız qatillərindən hesab edilən Pedro Alonso Lopez və onun törətdiyi vəhşətlərdən söhbət açacağıq. O insandan ki, 300-dən çox qıza təcavüz edib və sonra da qətlə yetirib.

Sual – 1

Niyə belə amansız, acımasız olub bəs? 

Suallar həddən artıq çoxdur. Onların bir çoxunun cavabı tapılıb. 

Beləliklə, qarşınızda dünyanın ən təhlükəli və amansız manyakının heyrətamiz hekayəsi var.

Bu adam dünyanın ən qəddar manyakı kimi Ginnesin Rekordlar Kitabında ilk yerdədir. Üzərindən nə qədər zaman keçsə də onun “rekord”unu yeniləyən olmayıb, “vəhşi”liyi rəsmi formada dəlillərlə sübut olub.

Sual – 2

Lopez "ən qəddar" statusunu necə qazanıb?

O, Peruda gənc və həssas qrupa daxil olan yeniyetmə qızları “ovlayırdı”. Demək olar ki, bütün amansız qətllərini eyni qaydada həyata keçirir – Qurbanlarının güvənini qazanır, sonra aldadaraq tənha yerlərə aparır, zorlayır, sonda... Boğaraq öldürürdü. Bir çoxunun dərisini belə soyurdu.

Sual – 3

Onun ilk çirkin əməli hansı olub? 

Kolumbiyalı “seri qatil” 8 oktyabr 1948-ci ildə anadan olub. Pedro Lopez on üç uşaqlı ailənin yeddinci övladıdır. Anası barədə söylənilən fikir – “Çox qəddar fahişə”.

Pedronun anası ilə fotosu

Lopezin ilk tərbiyəsizliyi (əgər yüngül formada ifadə etsək – red.) elə ailənin içində aşkarlanır - 8 yaşındakı oğlan öz bacısı ilə cinsi əlaqədə olarkən tutulur. Qız qardaşından bir yaş kiçik idi. Hadisənin üstü açılanda Pedro “razılıqla cinsi əlaqədə olduq” deyib vəziyyətdən çıxmağa çalışır.

Sual – 4

Lopezin ilk cəzası necə olur?

Şahidlər bildirirlər ki, bu cəza olduqca qəddarcasına verilib. Anası onu zibilliyə atır və geri dönməsini qadağan edir. Anaya nədən qəddar dedikləri indi anlaşılır.

Lopez uzun müddət anasının onu buraxdığı yerdə - zibillikdə yaşayır. Zibil qutularındakı qida qalıqlarını yeyib həyatda qalır.

Sonradan Lopezi tanıyanlar deyir ki, bu ağır cəza onun həyatında dərin iz buraxıb və qadınlara qarşı münasibətinə ciddi təsir edib.

Sual – 5

Zibilliyə uzanan əl onu hara aparır?

Bir az sonra tanımadığı bir adam ona sığınacaq və yemək təklif edir. Buna sevinən Lopez tez razılaşır. Lakin... Onun daha dəhşətli günləri başlayır. “Xilasedici” uşağı evinə gətirib və bir neçə il onu kənara buraxmır. Lopez işgəncələrə məruz qalır, zorlanır və digər pedofillərə cüzi bir ödəniş qarşılığında “borca” (istismara-red.) verilir.

Kiçik yaşlı oğlan belə bir həyatdan xilas ola bilir. Bu dəfə onu yaşlı bir amerikalı ailə qəbul edir. Uzun müddətdən sonra o, ilk dəfə bir ailədə yaşamağın və əsas da ev yeməkləri ilə qidalanmağın dadını çıxarır.

...bu da uzun çəkmir. Bir az sonra təhsil almaq üçün Lopezi yetimlər evinə göndərdilər. Bədbəxtlik də onu qarabaqara izləyir. 12 yaşlı oğlan bu dəfə də yetimlər evindəki müəllimin cinsi istismarına məruz qalır. Oradan da qaça bilir. Yetkinlik yaşına çatana qədər Pedro həyatda qalmağın yolunu tapır - dilənçilik və xırda oğurluqla. O, eyni zamanda avtomobil hissələri satan mağazalar üçün maşın oğurlayır. Və artıq tək deyil. Ətrafında eyni çarəsiz vəziyyətdə yaşayan yeniyetmələr də var.

Sual – 6

Pedro Lopezi həbsxanaya aparan cinayəti nə idi?

Pedro Lopez ilk vəhşiliyini törətmək üçün çox gözləmir. 18 yaşı tamam olan kimi ağır bir cinayətə imza atır. Gənc oğlan öz qadın ustasına təcavüz edir və onun dərisini soyaraq öldürür. Bundan sonra da dayanmır. Lopez üç keçmiş müştərisini də eyni amansızlıqla zorlayıb öldürür.

Bu cinayətlər sübut olsa da məhkəmə ona ağır cəza vermir. Hakim hesab edib ki, Pedronun pedofillərin əlində keçirdiyi həyat yüngülləşdirici hal sayıla bilər. Cinayətlərə görə o, cəmi 8 il müddətinə azadlıqdan məhrum edilir.

Lopez dəmir barmaqlıqlar arxasında da sakitləşməyib. Cəzasını çəkərkən dörd kamera yoldaşının həyatına son qoyub. Lakin o, əməllərinə görə mühakimə olunmayıb, cinayət hadisəsi sübuta yetirilə bilmir. Beləliklə, Pedro Lopez səkkiz illik cəzasını çəkən kimi azadlığa buraxılıb.

Sual – 7

Həbsxana onu islah etdimi?

Həbsxana, hakimin onun barəsində yüngülləşdirici hal seçməsi Pedro Lopezi nəinki islah etdi, hətta qəddarlığının şiddətini bir az da artırdı.  O, cinayətlərinə qaldığı yerdən və daha amansızcasına davam edir. Lopez bu dəfə daha azyaşlı qurbanlar seçir. Yeniyetmə qızlara təcavüz edib, sonra isə onları boğub öldürür. Və uzun müddət onun bu əməllərindən heç kimin xəbəri olmur. Bir təsadüf hər şeyin üstünü açır...

Qatil nə qədər ehtiyatlı davransa da təsadüfən yerli sakinlərə yaxalanır. Ətrafdakı insanlar artıq qızların yoxa çıxmasından narahat idilər və Lopezi iş başında, gənc qızı qaçırmaq istəyərkən yaxalayırlar.

Manyak polisə aparılarkən heç nəyi gizlətmir. Hətta polisin məlumatı olmadığı qətllərini belə etiraf edir. O deyir ki, 300-ə yaxın qurbanı var. Cinayətləri də Ekvador, Peru və Kolumbiya ərazilərində törədilib. Polis əvvəlcə buna inanmır. Lakin sonra...

Bu hekayənin ən dəhşətli mənzərəsi...

Polisin ona inanmadığını görən Lopez qurbanlarını dəfn etdiyi yeri söyləyir. Və... Polis kütləvi məzarlıq aşkar edir. Üst-üstə dəfn edilmiş yeniyetmə, özü demişkən məsum qızların cəsədləri tapılır. Təkcə bir yerdən 53 cəsəd tapılıb. Hələ nə qədər də cəsəd ortaya çıxır... Məsələnin ən çox üzücü olanı isə tapılmayan qurbanlarla bağlıdır.  

Sual – 8

Məhkəmə Lopezi necə cəzalandırır?

Lopezin həmişə məhkəmə tərəfdən bəxti gətirir. Onun yaşadığı Ekvadorda ölüm cəzası yoxdur, buna görə də 1980-ci ildə mühakimə edilən Pedro Lopezə 20 il azadlıqdan məhrum etmə cəzası verilir. Lakin manyak 16 ildən sonra sərbəst buraxılır. Səbəb kimi bu göstərilir - kolumbiyalı müstəntiqlərlə əməkdaşlıq edib və nümunəvi davranış nümayiş etdirib. Lopez gizli şəkildə Kolumbiyadakı xüsusi xəstəxanaların birinə göndərilir və orada 3 il yaşayır.

Sual – 9

Pedro Lopez hazırda haradadır, sağdırmı?

Bu barədə bir çox versiya var. Müxtəlif mənbələr, müxtəlif fikirlər söyləyirlər. Bu qədər qurbanı olan insan təbii ki, açıq-aşkar şəkildə həyatına davam edə bilməzdi. O, özünü insanlardan gizlətməyə məcburdur. Məsələn, deyənlər var ki, Lopez Kolumbiyada yaşayır. Bununla belə, manyakın Şimali Amerikada məskunlaşa biləcəyi barədə fikir var. Amma başqa bir mənbə sübut etməyə çalışır ki, o başqa adla Ekvadorda həyatına davam edir. Bu yerdə onun istintaqa verdiyi ifadə yadıma düşür: 

Mən Ekvadordan olan qızları sevirəm. Onlar çox məsum, mülayim və insana daha tez güvənirlər”.

Sonda... Pedro Alonso Lopez bu gün də dünyanın ən qəddar manyakı hesab olunur.

Ardı var...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18213
avatar

Cavidan HUN

Oxşar yazılar