Bankda saxlanılan İNTİM GÖRÜNTÜLƏR  - Məmurlar belə ifşa oldu – CİNAYƏT DOSYESİ
02 fevral 2022 20:15 (UTC +04:00)

Bankda saxlanılan İNTİM GÖRÜNTÜLƏR - Məmurlar belə ifşa oldu – CİNAYƏT DOSYESİ

Cinayət DOSYESİ – 003

Əvvəlki yazı

Şəhərin bütün insanları şokda idi. Ən çox da məmurlar. Kiminin pulu getmişdi, kiminin isə sirri... Heç kimin ağlına gəlməzdi ki, bir gün ayılıb divarlarda məşhur məmurların çılpaq fotolarını görəcək. 

40 milyonluq soyğun 40 il gizli qalır...

Bu hadisəyə tarixdə çoxu “Əsrin soyğunu” dedi. Bankdan yalnız torbalarla pul aparılmadı, eyni zamanda məşhur məmurların intim fotoları çıxarıldı. Özü də heç kimə zərər vermədən, silahsız apardılar bu sərvəti. Necə? Soyğunun hekayəsi heyranlıqla, lap ağzı açıq izlədiyimiz bir çox filmi geridə qoyur.

Lent.az-ın “Cinayət Dosyesi” layihəsində bu dəfə sizə tarixin “ən möhtəşəm” soyğunlarından biri barəsində danışacağıq. Qarşınızda “yox artıq” deyilən cinslərə aid bir cinayət dosyesi var.

“Bankda saxlanılan sirlər”

Hadisə 20 iyul 1976-cı ildə Fransanın Nitsa şəhərinin mərkəzində yerləşən “Societe Generale” bankında baş verir. Bir gecənin içərisində yoxa çıxan pullar, qızıl-zinət əşyaları, məxfi sənədlər və intim fotoşəkillər. Bəli yüzlərlə insanın “bankda saxladığı sirləri” yoxa çıxmışdı. Hadisə elə bir rezonansa səbəb olmuşdu ki, bankın qarşısına insan seli gəlirdi. Nə baş verirdi bəs? Bir dəstə “fərasətli və hiyləgər uşaqlar” bu bankdan 50 milyon frankı (təxminən 40 milyon avro) elə çıxarmışdılar ki, heç kimin ruhu da inciməmişdi. Medianın bəh-bəhlə “Əsrin soyğunu” kimi təqdim etdiyi bu hadisə polisin kabusuna çevrilir. Onlar hadisə yerinə təzə gələndə təəccüblərini heç cür gizlədə bilmir, hadisənin şokunda idilər.

Banka axın edən insanlar

Bankda onlar belə bir mənzərə ilə qarşılaşırlar: döşəməyə səpələnmiş müxtəlif qiymətli zinət əşyaları, sənədlər, fotolar. Oğrular bunları tələsib götürməyiblər? İşi araşdıran istintaqçılar bu versiyaya inanmırlar - Heç inandırıcı deyildi, çünki onların qarət etdiklərini qablaşdırmaq üçün kifayət qədər zamanları vardı. Məsələnin mahiyyəti bu idi ki, onlar sadəcə xırda şeyləri özlərinə yük etməmək üçün kənara atmışdılar. Yol boyu müxtəlif məxfilik dərəcəsinə malik sənədləri döşəməyə səpələdilər. Və ən diqqət çəkəni bu oldu - ələ salmaq üçün bankın divarlarına Nitsanın məşhur məmurlarının çılpaq, intim şəkilləri asıldı. Bu fotolar da bəzi müştərilər tərəfindən bankda kirayələdikləri qutularda saxlanılırdı.

Soyulan bank

Məlum olur ki, soyğunçular iş başında kifayət qədər sərbəst və rahat olublar. Haradan bəlli idi? Hadisə yerinin təhqiqatından. Soyğun yerindən tapılan krakerlər, pizza və boş şərab şüşələrinin qalıqları onu göstərirdi ki, burada oğurluqla yanaşı möhkəm yeyib-içmək də olub.

Bu bəylər işlərini bitirdikdən sonra da uzun illər yaddaşlarda qalacaq bir plakata öz imzalarını atdılar:

“Silah, qisas, zorakılıq olmadan”.

Bankın ən zəif yeri hara olub?

Bu oğurluq həm də ona görə fərqli idi ki, bu işə həddindən çox zəhmət sərf edilmişdi. Yəni söhbət yalnız oğruların cəsarət və ya kobud desək həyasızlığından ibarət deyildi. Oğrular tuneli sadəcə qazmamışdılar, bura rəsmən oyulmuşdu. Özü də ətrafda heç kim səs-küy eşitməyib. Hansı ki, polis təhqiqatı zamanı tuneldən qazma alətləri olan kürək və külüng belə tapılmışdı.

Ən maraqlı suallardan biri də budur: bəs bankın siqnalizasiyasını necə həll edə bildilər? Çox sadə. Bankın ən böyük boşluğundan biri də o olub ki, yer altında həmin hissədə və əsas anbar olan yerdə siqnalizasiya, ümumiyyətlə olmayıb. Yerin altında diametri 1,8 metr olan bütöv bir tunel və divarı qazmaq kimin ağlına gələrdi ki? Bank oğrularının bütün planı da elə ağıla gəlməzliklər üzərində qurulur.

Banka burdan giriş olub

Həmin vaxt dəstə üzvlərindən yalnız biri yaxalanır - Albert Spaggiari. Bəs kimdir o, necə ələ keçir? 1932-ci ildə Laurens-Monteglen şəhərində anadan olub, 18 yaşına qədər artıq həbsxana həyatı yaşayıb. O evləndikdən sonra Nitsaya köçür. Orada foto studiya açır.

Möhtəşəm planın detalları

Bildirildiyinə görə, onun sakit həyatını Robert Pollokun yazdığı bir roman korlayır. Kitabda əsas süjet kanalizasiya vasitəsilə bankı qarət etmək idi. Romandan ilhamlanan kişi belə bir soyğun həyata keçirməyi planlayır. Bu planı düz 2 il ərzində qurur.

Albert “Societe Generale” bankında işləyən bir əməkdaşla münasibət qurur. Bir gün həmin əməkdaş sərxoş olduğu zaman ona siqnalizasiyadakı boşluqdan danışır. Bundan sonra Albert soyğunu reallaşdıracağına daha da əmin olur və bu iş üçün 13 nəfərlik dəstə yığır.

Albert Spaggiari

Böyük gün gəlir – 1976-cı il mayın 7-si. Dəstə üzvləri bu tuneli çox ustalıqla, aram-aram qazmağa başladılar. Arada böyük daşlarla rastlaşır elə olurdu 7 gün ərzində eyni yeri oydular.

Bir dəfə az qala yaxalanırdılar. Belə ki, ölkə prezidenti Nitsaya gəlir. Bu zaman təhlükəsizlik üçün polis bütün yolları, o cümlədən kanalizasiyaları belə yoxlayırdı. Amma sözügedən kanalizasiyadakı qazma işləri kimdəsə şübhə doğurmur. Ona görə də ara sakitləşən kimi dəstə tuneli qazmağa davam edir.  İndi əsas məsələ siqnalizasiyanın işləyib işləmədiyini öyrənmək idi. Bunu öyrənmək üçün dəstə üzvlərindən biri etibarlı müştəri adı altında bankda özünə hücrə (xüsusi nəzarətdə olan bankdakı qutular) alır. Ora gecə saatına qurulan zəngli saat qoyur. Gecə saat çalır, lakin bunu heç kim bilmir. Bununla da artıq siqnalizasiyanın olmadığından əmin olurlar.

Beləliklə 1976-cı il iyulun 20-də, saat 21:30-da bankın divarlarını uçura bilirlər. Dəstə üzləri çantalarla dolu pul, zinət əşyaları, məxfi sənədlər apara bilir.

Polis maddi subutları götürür

Polis şokdadır, heç bir dəlil, iz yoxdur. Hətta oğruların hadisə yerinə yazdığı mesajı qrafoloqlar analiz edə bilmir. Çünki bu mesajdakı hər hərifi dəstə üzvünün biri yazmışdı.

Səhəri gün polis üçün daha ağır idi. Mediada jurnalistlər quldurları qüsursuz planlarına görə bütləşdirərək onların istedadına və fərasətinə heyran olduqlarını yazırdılar. Polisi bu fonda çox zəif fiqur kimi təqdim edirdilər. Asayiş keşikçiləri başını elə itirmişdi ki, gücləri yalnız şəhərdəki xırda fırıldaqçılara çatırdı. Onları yaxalayır və sonra da buraxmalı olurdular.

Sirrin üstü necə açılır?

Bildirildiyinə görə, bu işdə qadın hikkəsi problemə səbəb olur. Belə ki, dəstə üzvlərindən birinin sevgilisi rəfiqəsinə "acıq vermək" niyyətində olur. Lovğalanır ki, sevgilisi onun üçün bütün bankı qarət edib.

Beləliklə, düyün açılmağa başlayır. Söhbət təşkilatçının adını bilməyə kimi gəlib çıxır. Albert Spaggiari isə o zaman Yaponiyada idi, özü də şəhərin nümayəndə heyətinin rəsmi fotoqrafı kimi. Səfəri o vaxt Nitsanın meri olan Jak Medsan təşkil etmişdi. Albert 27 oktyabrda geri dönür və həmin gün onu polis yaxalayır. Bu zaman mer də şokda olur.

Bu hadisə ilə bağlı çəkilmiş onlarla filmdən bir fraqment

İstintaq zamanı Albertin üzündə bir uşaq təəccübü vardı – guya nə olduğunu başa düşmürdü. O deyirdi ki, burada hansısa quldurluğa görə təqib olunduğunu tamamilə anlamır.

1977-ci il martın 10-da Albert məhkəməyə çıxarılır. Bu zaman o, hakimə oğurluqla bağlı məxfi məlumatları ehtiva edən bir kağız parçası verir. Hakim nədənsə mühafizədən kabineti tərk etməyi xahiş edib. Albert isə pəncərəni açıb tullanlr. Aşağıda isə onu artıq motosikletlə gözləyən bir sürücü var idi. Əlacsız qalan Fransa ədaləti onu qiyabi olaraq ömürlük həbsə məhkum edir. Məlumata görə, o, Argentinada gizlənirdi. Xarici görüşünün dəyişdiyini və hətta ABŞ kəşfiyyatı ilə iş birliyində olduğunu söyləyənlər var. 1989-cu il iyunun 8-də İtaliyada vəfat edib. Həyat yoldaşı onun boğaz xərçəngi olduğunu söyləyib.

Bildirilir ki, Albertin qaçmasında Fransanın o vaxt ki, hüquq-mühafizə orqanlarının əli varmış. Hətta şübhələr şəhər merinə kimi gedib çıxır.

Soyğunun “əsas qəhrəmanı” kimdir?

İllər sonra 2010-cu ildə isə bu əsrarəngiz soyğunun “əsl qəhrəmanı” Amiqo ləqəbi ilə ortaya çıxır. Amiqo Albertin bu işdə kiçik fiqur olduğunu söyləyir. Özü də necə? Roman yazaraq. Deyilənə görə, 74 yaşlı Jak Kassandri uzun illər boyunca Albertin kölgəsi altında yaşamaqdan bezir və istəyir ki, insanlar əsl təşkilatçının kim olduğunu bilsinlər.

Jak Kassandri

Beləliklə, “Əsrin quldurluğu”nun təşkilatçısı 40 ildən sonra lovğalığına görə ortaya çıxır.

Kassandri 2010-cu ildə 1976-cı il iyulun 20-də Nitsada törədilmiş “əsrin quldurluğu”nu təfərrüatlı şəkildə əks etdirən kitabını nəşr etdirir. Və hesab edir ki, oğurluğun üstündən xeyli zaman keçdiyi üçün artıq qanunən onu təqsirli hesab edə bilməzlər. Həqiqətən də onu bu hadisəyə görə mühakimə edə bilmirlər. Lakin Kassandri bir şeyi unudur. Soyğun cinayəti ilə bağlı zaman məsələsi olsa da, çirkli pulların yuyulması faktına görə Fransa qanunlarında belə bir güzəşt yoxdur. Beləliklə, o, oğurluğun özünə görə yox, “açıq-aşkar cinayət yolu ilə əldə edilmiş pulların yuyulmasına” görə saxlanılır.

Polis uzun illər bank oğurluğunda təşkilatçı kimi fotoqraf Alberti tanıyırdı. İndi ortada bir kitab var “Nitsadakı quldurluq haqqında həqiqət” (La Verite sur le casse de Nice). Kitabın nəşrindən sonra hər şey yenidən alt-üst oldu. Kitab “Amiqo” təxəllüsü ilə yazılıb. “Amiqo” iddia edirdi ki, Albert yalnız kənarda qalan bir fiqurdur, əsas təşkilatçı özüdür. Fransa mətbuatı yenə də bu mövzunu əsas xəbər kimi təqdim edirdi. Müstəntiqlərin özü belə quldurluğun yüksək səviyyədə təşkil edilməsini heyrətlə qarşılayırdı.

Jak Kassandri məhkəmədə

İstintaq belə nəticəyə gəlir ki, “Amiqo”nun və ailəsinin böyük sərvəti 1976-cı ildə bankdan oğurlanmış vəsaitlərlə bağlıdır. Müstəntiqlər müəyyən edir ki, Jak Kassandrinin çox böyük torpaq sahəsi, xeyli sayda evi, nəqliyyat vasitələri, qızıl külçələri və xeyli pulu var. Bir təqaüdçünün bu qədər pulunun olması hamının marağına səbəb olub.

Bütün bunlarla yanaşı onun var-dövlətini əlindən alıb banka verə bilmirlər. Çünki bank qanunlara əsasən hüquqi tərəf kimi prosesdə iştirak edə bilmirdi.

Nəticədə, cinayətkar yalnız 30 ay müddətinə azadlıqdan məhrum edilir. Dəstənin digər üzvləri isə heç vaxt yaxalanmayıblar.

Ardı var...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16056
avatar

Cavidan HUN

Oxşar yazılar