Prezidentin gizli görüşü:  orada nələr danışılıb? - Böyük Manipulyator
24 yanvar 2025 16:55 (UTC +04:00)

Prezidentin gizli görüşü: orada nələr danışılıb? - Böyük Manipulyator

Əvvəlki yazı

Böyük Manipulyator

11-ci hissə

Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...

Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.

Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.

Necə deyərlər, əlyazmalar yanmır...

Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:

Makron həmişə belədir – simvollar heç vaxt biznesdən çox da uzaqda dayanmır. Seçki kampaniyası ərəfəsində Əlcəzairə səfəri zamanı prezidentliyə namizəd Makron hamıdan gizlin orada bir neçə iqtisadiyyatla məşğul olan məmurla görüşür. Foto və telekameralardan, eləcə də mətbuatın gözündən uzaqda təşkil olunan bu gizli görüşlər xüsusi əhəmiyyət kəsb edir. Nəticədə, yerli hökumətə sadiq olan Əlcəzair Ticarət və Sənaye Palatası (CACI) Makronun bura səyahətini təşkil edən adamlarla əlaqəyə girir. Fevralın 14-də El Orassi hotelinin terrasında Əlcəzair Biznes Liderlərinin Forumu Təşkilatının (FCE) nümayəndələri ilə onların səhər yeməyi təşkil edilir. Əlcəzairin çox məşhur iş adamı Əli Haddad dayanmadan dişlərini ağardır. Böyük bir tikinti sektorunun başında duran Əli Haddad Əlcəzair prezidentinin qardaşı Səid Buteflikanın çevrəsində olan adamlardan biridir. Bu səhər yeməyi zamanı əlcəzairlilər gülür, zarafat edir, əylənir, məzələnirlər. Adama elə gəlir ki, onlar Makronun iqtisadi inkişaf layihələrini o qədər də ciddi qəbul etmirlər. “Praqmatik” Emmanuel Makron isə qayğısız görünür, hamıyla söhbət edir və onunla şəkil çəkdirmək istəyənlərə mane olmur. Bu görüşdən sonra Makron yerli mətbuata uzun bir müsahibə verir. Bu müsahibədə prezidentliyə namizəd iddia edir ki, əgər prezident seçilsə, Əlcəzairlə bağlı bir sıra iqtisadi öhdəliklər götürəcək, xüsusilə bərpa olunan enerji sahəsində: “Bizə lazımdır ki, Əlcəzairə, onun müxtəlif sahələrdəki iqtisadi inkişafına kömək edək. Biz bu məsələ ilə bağlı təşəbbüs qaldıran ilk ölkəyik. Biz istəyirik ki, Fransa bu texnologiya sahəsində dünya liderliyini əlinə alsın...”.

Əslində, bu səfərdən bir neçə həftə əvvəl “Afrika üçün Enerji” fondunun prezidenti Jan-Lui Borlo və vitse-prezidenti Yamina Benqiqi Əlcəzairə bir neçə dəfə səfər edib, bu mövzuda ölkənin səlahiyyətli nümayəndələri ilə söhbət aparmışdılar. Prezidentliyə namizəd Əlcəzairə səfərə hazırlaşanda, onlar ikisi də təbii ki, Makrona və arvadı Brijitə tövsiyyə etmişdilər ki, bu haqda mütləq yerli mətbuata informasiya versinlər. Fransa və Əlcəzair arasında elə şeylər var ki, onlar haqqında ehtiyatla və hər şeydən əvvəl kiçik bir çevrədə danışmaq lazımdır. Məsələn enerji problemləri. Bu məsələ iki ölkə arasındakı, bəlkə də, ən böyük problemdir... təəssüf ki, əvvəlki ölkə liderlərimiz bu problemi görməzliyə vurublar. Başqalarından fərqli olaraq Makron bu məsələyə çox ciddi yanaşır. Hələ Yelisey sarayında baş katibin müavini vəzifəsində çalışandan hiss etmişdi ki, bu strateji sektorun əsas üstünlüyü ondadır ki, onunla nə media, nə də publika maraqlanır. Bu gün Fransada istifadə olunan qazın cəmi 10%-i Əlcəzairdən gəlir. 1980-ci illərin əvvəllərində Fransa Əlcəzairdən 30% qaz alırdı. 1982-ci ildə Əlcəzair Fransanın yeni sosialist hakimiyyəti ilə 20 illik qaz müqaviləsi bağlayır və prezident Fransua Mitt eran Əlcəzair qazına bazar qiymətindən 30% artıq pul ödəyir! O vaxtlar “Fransanın Qazı” şirkətinin çiçəkləyən dövrü idi. İndi Emmanuel Makron Əlcəzairdən daha çox qaz almağı planlaşdırır ki, rusların qazına möhtac qalmasın. 1990-cı illərin əvvəllərində Əlcəzair Mərkəzi Bankının sədri olmuş, tanınmış ekonomist və bankir Abderrahman Hacı-Nacer 2015-ci ildə müsahibələrinin birində etiraf etmişdi ki, Fransa ilə Əlcəzair arasındakı diplomatik soyuqluq, Fransa və Əlcəzair tamaşaçılarını əyləndirmək üçün bir kinodur. Bu iki dövlət bir-birinə düşmən deyir, amma aralarında yaxşı biznes var.

2017-ci ilin sonunda “Franko-Əlcəzair Birgə İqtisadi Komitəsi” təşkilatının yaranmasından bir neçə gün sonra, eləcə də Parisdə Fransa və Əlcəzairin Baş nazirlərinin sədrlik etdikləri “Yüksək səviyyəli hökumətlərarası komitə” iclasının nəticəsi olaraq Fransanın Total qrupu, Əlcəzairin milli Sonatrach şirkəti ilə Timimun qaz yatağının istismarı üçün nəhəng qaz müqaviləsi rəsmiləşdirir. Bu müqavilə dörd aylıq danışıqlardan sonra həmin ilin aprelində imzalanır və tərəflər qaz yatağının istismarına 1,5 milyard dollar sərmayə ayırırlar. Bu iki neft şirkəti (Total və Sonatrach) hətta günəş enerjisinin inkişafı və gələcəkdə birgə beynəlxalq layihələr üçün qlobal müqavilələr də planlaşdırır. İllərdən bəri bu iki şirkət arasında davam edən ticarət mübahisələrindən sonra, nəhayət, Total Əlcəzairə qalib kimi dönür. Digər tərəfdən başqa bir məşhur fransız şirkəti Engie də aralarındakı illər boyu gərginlikdən sonra Sonatrach ilə bir neçə müqavilə bağlayır. Yəni illər boyu davam edən soyuq iqtisadi münasibətlərdən və onlarca nəticəsiz mübahisələrdən sonra, nəhayət, 2017-ci ilin aprelində Fransa ilə Əlcəzair arasında bloka düşmüş maliyyə əlaqələri iki tərəfin razılığı ilə blokdan çıxır.

Ardı var...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 861
avatar

Oxşar yazılar