Prezidenti qəzəbləndirən sual: “Nə mənim beynimi xarab eliyirsiz?”
23 dekabr 2024 17:10 (UTC +04:00)

Prezidenti qəzəbləndirən sual: “Nə mənim beynimi xarab eliyirsiz?”

Əvvəlki yazı

Böyük Manipulyator

5-ci hissə

Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...

Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.

Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.

Necə deyərlər, əlyazmalar yanmır...

Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:

İKİ ALEKSANDR

Fransa prezidentinin təyyarəsi Əlcəzairin hava limanında yerə enir. Airbus sürətini azaldır, aerodromla yavaş-yavaş irəliləyib, nəhayət, dayanır. Aşağıda Əlcəzairin məmurları, o cümlədən Baş nazir Əhməd Uyahya qırmızı xalçanın qarşısında dayanıb Emmanuel Makronu qarşılamağa hazırlaşırlar. Amma dəqiqələr keçir, ancaq təyyarədən heç kim çıxmır. Fransa prezidenti tələsmir. Əlcəzairin rəsmi nümayəndələrinin sifətində səbirsizlik və narahatlıq oxunur. Çünki Makronun 2017-ci il 6 dekabr tarixində Əlcəzairə etdiyi rəsmi səfər cəmi-cümlətanı iyirmi dörd saat davam edəcək. Bu möhtərəm qonağın vaxtı çox məhduddur. Nəhayət, xeyli keçəndən sonra Fransanın prezidenti, onun ardınca Fransız deleqatsiyasının üzvləri təyyarədən çıxıb, körpü-pilləkənlərlə yavaş-yavaş aşağı enirlər. Bu gəlişin ab-havası əvvəlki Fransa prezidentlərinin bura səfərindən tamamilə fərqlənəcək. Əlcəzairin hökumət nümayəndələri ilə görüşdən sonra Makron saat 14:00-da Fransa səfirliyində iki ölkənin iyirmiyə yaxın yazıçısı, ziyalısı, iş adamları və kommersiya liderləri, eləcə də QHT rəhbərləri ilə nahar edir. Masanın ətrafında Bualem Sansal və Kamel Daud kimi adlı-sanlı yazıçılar, eləcə də milyarder Ksaviye Niel kimi şəxsiyyət var. Fransanın Xarici İşlər naziri Jan-Yv Lö Drian, Daxili İşlər naziri Jerard Kollomb və İctimai hesablar komitəsinin sədri Jerald Darmanan da prezidenti müşayiət edirlər... Səfirliyin divarları arasında gözəl atmosfer və yaxşı əhval ruhiyyə var. Prezident hamı ilə həvəslə söhbət edir və qonaqlarla selfi çəkdirir. Nahar məclisi o qədər maraqlıdır, prezidentin başı söhbətlərə elə qarışıb ki, köməkçisi bir neçə dəfə ona yaxınlaşıb xəbərdarlıq edir, artıq getmək lazımdır. Çünki günortadan sonra Əlcəzairin 80 yaşlı prezidenti Əbdüləziz Buteflika paytaxtdan bir neçə kilometr aralıda yerləşən Zeralda iqamətgahında onu qəbul etməlidir. Ancaq Makron tələsmir, əksinə, xoşuna gəlir ki, onu gözləsinlər. Prezidentlə söhbətə gecikməyinə baxmayaraq, o, Əlcəzair paytaxtının küçələrində əhali ilə planlaşdırılan görüşdən imtina eləmir və kameraların qarşısında izdihamın içində camaatla söhbət edib, onlarla şəkillər çəkdirir. Fransanın vaxtilə Əlcəzairi müstəmləkə etməsi barədə ona sual verən bir gəncə Makron ötkəm bir tonla cavab verir: “Nə mənim beynimi xarab eliyirsiz? Siz də, sizin nəsliniz də gələcəyə baxmalısınız”.

Bu kiçik cümlə dərhal Fransanın və Əlcəzairin mediasında böyük əks-səda verir. Əvvəlcə, Əlcəzair tərəfi ümid edirdi ki, bu dövlət səfəri iki gün çəkəcək. Üstəlik, birinci xanım Brijit Makron da bu səfərdə iştirak etməliydi. Ancaq bu rəsmi səfərdən bir neçə həftə əvvəl Malidəki terrorizm məsələləri ilə bağlı Əlcəzairlə Paris arasında mübahisə düşdü. Ona görə də səfərin müddəti iki gündən iyirmi dörd saata endirildi. Səfərdən bir neçə saat əvvəl Əlcəzair tərəfi cəhd etdi ki, bəzi fransız jurnalistlərinin vizalarını bloka salsınlar. Ancaq buna müvəffəq ola bilmədilər. İki “dost” dövlətin arasındakı münasibətə bax da... – bilmirsən güləsən, ya ağlayasan... “Heç nəyi şişirtmək lazım deyil... belə şeylər tez-tez olur”, – deyə fransız diplomatlarından biri aranı sakitləşdirməyə çalışır.

Ola bilər, amma onu da unutmaq lazım deyil ki, bir neçə ay əvvəl, 2017- ci ilin iyununda əlcəzairlilər Parislə onların çoxdankı rəqibi Mərakeş arasındakı “isti” münasibəti həzm edə bilməmişdilər. Belə ki, Fransa prezidenti Makron Mərakeş kralının “xüsusi dəvətinə” müsbət cavab vermişdi. Yelisey sarayının mətbuat xidməti Əlcəzair tərəfin “könlünü almaq” üçün belə bir xəbər yaymışdı ki, bu çox “qısa formatda” olan bir səfərdir: “Prezident Makron və xanımı Brijit kral ailəsi birlikdə Ramazan ayının son günündəki iftar yeməyində iştirak edəcək – vəssalam”.

 

Ardı var...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1827
avatar

Oxşar yazılar

Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a  necə düşdü?

Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü?

20 dekabr 2024 , 17:10
“Onun üzündə şeytan təbəssümü var” - Böyük Manipulyator

“Onun üzündə şeytan təbəssümü var” - Böyük Manipulyator

18 dekabr 2024 , 15:00
“Prezidenti qorumaq üçün çox vaxt yalan danışıram” - Böyük Manipulyator

“Prezidenti qorumaq üçün çox vaxt yalan danışıram” - Böyük Manipulyator

16 dekabr 2024 , 11:13
“Prezidentin ətrafı həmişə zəhərli olur” - Böyük Manipulyator

“Prezidentin ətrafı həmişə zəhərli olur” - Böyük Manipulyator

13 dekabr 2024 , 10:40