Böyük Manipulyator
6-cı hissə
Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...
Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.
Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.
Necə deyərlər, əlyazmalar yanmır...
Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:
İKİ ALEKSANDR
Əlcəzairdə protokolu pozaraq özünü belə “kobud” aparmaqda Makronun bir məqsədi var: Onlara özünün kim olduğunu bildirsin. Göstərsin ki, burda şef kimdir! Xaricdə, xüsusilə də Əlcəzairdə özünü belə aparmaq, iki ölkə arasında dinc münasibətlər yaratmağın, bəlkə də, ən yaxşı yolu deyil. Bundan başqa, əlcəzairlilər on il əvvəl, 2007-ci ilin dekabrında Nikola Sarkozinin ölkələrinə rəsmi səfərini hələ də nifrətlə yad edirlər. O səfərlə bağlı acı xatirələr hələ də unudulmayıb.
Belə ki, o vaxt Raşida Dati, Fadel Amara, Smain və Didier Barbelivien (?) kimi adamların müşayiəti ilə Əlcəzairə səfərə gələn yeni seçilmiş prezident Sarkozi protokola o qədər də diqqət etməmişdi. Ona görə də Əbdüləziz Buteflika Sarkozinin beş illik hakimiyyəti dövründə onun bu hərəkətinə görə Fransa prezidentinə qarşı kin saxlayacaq. O vaxt Nikola Sarkozini ən çox Əlcəzairin iki düşməni – Müəmmər Qəddafi və Mərakeş kralı Məhəmməd VI maraqlandırırdı. Onu da qeyd edək ki, Fransa ilə onun vaxtilə müstəmləkəsi olan Əlcəzair arasındakı münasibətlər heç vaxt sadə olmayıb... Bu dəfə əlcəzairlilər Fransua Hollandın hakimiyyəti dövründə olduğu kimi Fransadan qisas almaq istəyirlər. Makron sosialist prezidentin (Holland) keçmiş əməkdaşı deyilmi? 2017-ci ilin mayında Əlcəzairin nazirlərindən biri demişdi ki: “Bunun (Makron) ipinin üstünə odun yığmaq olar”.
Əlcəzair çoxdandır Fransanın keçmiş İqtisadiyyat naziri (Makron) ilə maraqlanır. 2015-ci ilin sonunda Əlcəzairin yüksək rütbəli məxfi xidmət generalı “Mahfud” təxəllüslü Nurəddin Mekri İqtisadiyyat naziri Makronun çox gizli şəkildə prezident seçkilərinə hazırlaşdığını sezmişdi. O vaxt əlcəzairlilər prezidentliyə namizədliklərini irəli sürən iki nəfərlə daha çox maraqlanırdılar: Alan Jüppe və Emmanuel Makron. Bəs 2017-ci ilin dekabrında, cəmisi iyirmi dörd saatlıq Əlcəzair torpağına ayaq basan Fransa prezidenti bu ölkənin rəhbəri Əbdüləziz Buteflika ilə görüşməyində nə məqsəd güdür? Bu qısa səfər zamanı Emmanuel Makron vaxtının çox məhdud olmasına baxmayaraq, Əbdüləziz Buteflikanın qardaşı və məsləhətçisi, rejimin güclü simalarından biri olan Səid Buteflika ilə də görüşür. Protokol rəhbəri daş atıb başını tutsa da, özünü hamının gözünə soxmağı sevən Emmanuel Makron fikrindən dönmür. Qardaşlarla görüşdən sonra Makron əylənməyə gedir. Axşam saat 19:00-a yaxın Fransa nümayəndə heyəti Əlcəzair paytaxtının Əl-Biar adlanan hissəsində yerləşən, Zeytun Villası adlanan səfirliyə qayıdır. Fransa səfirliyinin geniş həyətində qurulan böyük bir çadırın altına, xüsusi dəvət olunmuş beş yüzə yaxın qonaq – əlcəzairlilər, fransızlar, franko-əlcəzairlilər, siyasi və iqtisadi xadimlər, eləcə də incəsənət adamları yığışıb. Bu bayram tədbirini təşkil edən Fransanın Əlcəzairdəki səfiri Ksaviye Driankurt adlı diplomatdır. Fransa Milli Administrasiya məktəbinin məzunu, Xarici İşlər Nazirliyində Alan Jüppenin müşaviri olan bu adam, Nikola Sarkozinin hakimiyyəti dövründə də bu vəzifədə işləmişdi. 2014-2017-ci illərdə Əlcəzairdə səfir olan təcrübəli diplomat Bernard Emie də vaxtilə Baş nazir Alan Jüppenin, sonra da prezident Jak Şirakın müşaviri olmuşdu. Şimali Afrika və Yaxın Şərq üzrə yüksək mütəxəssis olan bu şəxs, Əlcəzairdə xeyli əlaqə qurmuşdu. Məhz elə buna görə də Makron prezident seçiləndən az sonra onu Fransanın Xarici Kəşfiyyat Xidmətinin (DGSE) rəisi təyin etdi. Bernard Emienin bu çox həssas vəzifəyə rəhbər seçilməsini, prezidentə Fransua Hollandın hakimiyyəti dövründə təhlükəsizlik xidmətinin rəhbəri olan Bernard Bajolet tövsiyə etmişdi. Bu adam həm də Hollandın dostu idi. Ksaviye Driankurt və Bernard Emie bir-birlərinə yaxşı münasibət bəsləyirlər və hər ikisi Əlcəzairi əlinin içi kimi tanıyır. Təbii ki, bu iki nəfərin yaxın münasibətdə olması ümumi iş üçün faydalı ola bilər, həm də ki “ailənin” sirri “evdən” bayıra çıxmaz... ... Diplomatlarla xarici kəşfiyyat casusları arasındakı bu qəribə yaxınlıq iki ölkə arasındakı gərgin münasibətə yaxşı işarədir.
Ardı var...