Lent.az-ın “Bizim filmlər” layihəsində “Bəyin oğurlanması” filmindən söhbət açacağıq.
1985-ci ilin filmidir - filmlərin də insanların da sevildiyi, dostluqların təmənnasız, yoldaşlığın sədaqətli olan vaxtlarının. Bu fikrə az sonra qayıdacağıq...
Ssenari xalq yazıçısı Mövlud Süleymanlınındır. “Bəylik dərsi” ssenarisinin də müəllifidir. “Köç” romanı 1995-ci ilin “Ən yaxşı romanı” olub. Dediyim odur ki, ssenari müəllifi balaca ad deyil, xalq yazıçısıdır, amma ssenarinin film üçün yararsız - yəni maraqsız olması ilə bağlı çox söz-söhbətlər gəzib. O söz-söhbətlərin səbəbinə də qayıdacağıq...
Hələlik onu deyim ki, söhbətimiz “Bəyin oğurlanması” filmi barədədir.
Müəllif bu ssenarini müğənni Sərxan Sərxan üçün yazıbmış. Yəni baş rolda, həm də bəy rolunda Sərxan özü oynamalı imiş. Həm də obraz kifayət qədər böyük olub, Sərxan Sərxan öz mahnılarını da ifa edəcəkmiş. Bir sözlə, film onun üzərində qurulmalı idi. Filmin çəkilişi isə rejissor Tofiq İsmayılova həvalə edilib. Hətta aktyorlar seçilib, bəzi çəkilişlər belə olub.
Görünür, “Azərbaycanfilm” kinostudiyasının rəhbərliyimi, nazirlikmi birdən qərarı dəyişiblər. Yəni Sərxan Sərxan heyətdən çıxarılıb. Gedib işinin arxasınca Moskvaya. Rejissor Tofiq İsmayılov da baş götürüb Türkiyəyə gedib. Yazılmış ssenari havada qalmasın, hayıfdır deyə, çağırıb veriblər film çəkmək üçün can yandıran iki gənc rejissora. Gənc deyəndə ki, orta yaşlarında olublar, artıq “Mozalan” satirik kinojurnalında özlərini təsdiq etmişdilər, kino çəkməyə hazır idilər, imkan yaradan yox idi. Bizim kinonun belə bir bəlası var - əvvəl film vermirlər ki, hələ gəncdilər, o vaxt verirlər ki, onda da artıq adamın qatarı getmiş olur - təcrübəsiz yaşlanır. Rəhmətlik Ceyhun Mirzəyevlə Vaqif Mustafayev üçün bu ssenari göydəndüşmə idi, amma istədikləri ssenari deyildi...
Ssenari də neynəsin, yazıldığı məqsəd-məram kiminsə hikkəsininmi, yoxsa eqosununmu qurbanı olub, qalıb ortada məqsədsiz-məramsız. Binəva ssenari düşüb kinostudiya rəhbərliyinin dəyişdiyi – Cəmil Əlibəyovun getdiyi, Eyvaz Borçalının gəldiyi vaxtlara.
İki gənc rejissor ssenarini oxuyub, başlayıblar aktyor seçimlərinə. Ən tanınmış, peşəkar aktyorları dəvət ediblər ki, onların hesabına ssenaridən bir nəsnə çıxartsınlar ortaya. O vaxtlar elə idi, əsas aktyor idi. Bir filmdə ki Həsənağa Turabov, Nəsibə Zeynalova, Mirzə Babayev, Muxtar Manıyev, Firəngiz Mütəllimova, Vidadi Həsənov, Şamil Süleymanov vardı, o kino olmasa da kinoya çevriləcəkdi. Hələ tanınmasa da istedadlı və yaraşıqlı aktyor Füzuli Hüseynov da Sərxan Sərxana qismət olmayan bəy roluna çəkilirdi. Onu Ceyhun Mirzəyev dəvət edəndə rol kifayət qədər böyük idi ssenaridə. Füzuli Hüseynov o vaxta qədər bir neçə filmin sınaqlarına dəvət edilib, amma təsdiq edilməyibmiş. Aktyor belə hal-qaziyyəni Ceyhun Mirzəyevə danışıb deyir ki, belə getsə kino ilə mənim aramda depressiv sədd yaranacaq. Ceyhun Mirzəyev ona söz verir ki, sınaqsız çəkəcək. Hətta fotolarda Füzuli Hüseynov istənilən kimi düşmədiyindən, Ceyhun Mirzəyev həmin şəkilləri cırıb, aktyorun şəkillərini özü yenidən çəkir. Sonradan onun oynayacağı obrazı qayçılayıb az qala, epizodik saxlasalar belə.
Ceyhun Mirzəyevlə Vaqif Mustafayev ssenari qoltuqlarında, çəkiliş heyəti ilə yollanırlar Şamaxı rayonun Məlhəm kəndində filmi çəkməyə.
Hə, bayaq dedim ha, yoldaşlığın sədaqətli, dostluğun təmənnasız vaxtlarında, onlar üçün deyirdim - Ceyhun Mirzəyevlə Vaqif Mustafayev üçün. Bir yerdə əl-ələ verib iki dost, bol-bol improvizələrlə, biri deyib, o biri təsdiqləməklə ərsəyə gətiriblər “Bəyin oğurlanması”nı.
İki yaradıcılıqla dolu gənc rejissor, üstəlik dost kinostudiyadan kənarda, heç kimin müdaxiləsi olmadan ssenarini qoyub kənara, improvizələrə meydan veriblər. Hər kadr yaradıcılıq məhsuludur.
Filmin əvvəli gecənin qaranlığında kənd yolunda yalnız maşınlardan düşən işıqlarının fonunda cırcıramaların səsi ilə Şamil Süleymanovun qəhrəmanının hasarı aşıb İsrafilin qızı Yasəmənlə görüşməsi səhnəsi ilə başlayır. Hasarın qırağında görüşən qızla oğlanın üzərindən kadr fırlanıb otaqda İsrafilin papağının üstündə dayanır.
Nəcibə Behbudova qızın nənəsini oynayır. İlk kadrlardan birində onun sözləri var.
- Neçə nəfərsiniz? - deyə, İsrafili razı salmaq və canlı toyu filmə çəkmək üçün gəlmiş çəkiliş qrupunu yoxlama hesab edib, soruşur.
- Biz çoxuq - deyə Siyavuş aslan cavab verir.
- Deyəsən bu dəfə bir sürü gəliblər. İt ilxısı, köpək sürüsü. Görüm sizi bu dağa-daşa salanın əli qurusun, dili qurusun, evi yıxılsın.
Bu yerdə də çiynində kamera daşın üstünə çıxan Hacı İsmayılov sürüşüb yıxılır və qalxıb - bəsdi qarğışladın də... - deyir.
Qadın isə öz rolundadır:
- Yazırlar, gəlirlər, yoxlayırlar, gedirlər. Elə zavmaqdı deyə, gərək hökmən bir zurna çalsınlar? Ancaq rəhmətlik atası əla tarçalan idi.
- Öz tarçalanımız var, oğluna deyərsən, gəlib bizi görsün.
- A bala, gəlin qonağımız olun da...
Bütün bunlar ssenaridə yoxdur. Gedişatda yaranan sözlər, dialoqlar filmin xeyrinə işləyib. Bu məntiqsiz, qarışıq sözlər, yersiz keçidlər o qədər təbii alınıb ki, elə bil ssenari elə buymuş.
Çəkilişlər 3-4 ay – yay və payız ayları aparılıb. Şamaxının Məlhəm kəndində qaboyçalan bir nəfərin evini icarəyə götürüblər, amma toy səhnəsi həmin evlə üzbəüz başqa bir evin həyəti geniş olduğundan orda çəkilib. Çəkilişlərdə kənd camaatı da iştirak edib. Xüsusilə kütləvi səhnələrdə. Məsələn, toya hazırlıq səhnəsi kənddə olan adi toy hazırlıqlarıdır. Yəni adamlar adi halda sabahkı toya hazırlaşıb, ət doğrayır, salat eləyir, hətta ciyəraxşamı edirlər. Bunlar hamısı filmin kadrlarına çevrilir.
Filmdə film çəkən rejissor Əsəd (Həsənağa Turabov) qərar verir ki, ssenari zəif olduğundan canlı toyu filmə salsınlar. Əslində onlar həqiqətdə baş verənlərdir. Kənd əhalisindən biri həqiqətən Həsənağa Turabovu elçiliyə aparıb, şirin çay içiblər.
Bəzi kadrlar kinostudiyanın həyətində lentə alınıb. Səyavuş Aslanın dillər əzbəri olmuş "Evdə uşaq da deyir atamız işə gedib" deyiminin yer aldığı səhnə, Əsədin müxbir qıza müsahibə verməsi, elçilik kinostudiyanın həyətində ekranlaşdırılıb.
Elçilik səhnəsində Əsəd, Mustafa və Tağı bir-birinin ardınca atalar sözləri işlədirlər. Ssenaridə həmin səhnə quru olduğundan, filmin canlı alınması üçün bu ideyanı rejissorlar verib.
Çəkiliş qurtaran kimi Ceyhunla Vaqif gecə səhərə qədər ssenarini dəyişir, səhər aktyorlara yeni vərəq verirmişlər ki, bu sözlərlə çəkəcəyik. İş prosesində baş verənlər də öz yerində.
Filmdə yaddaqalan kadrlardan biri də qocanın hava proqnozudur: "Sabah bir yağış yağacaq ki, tut ucundan, çıx göyə".
Yağış isə təbii ki, yanğınsöndürənlərin “yaradıcılığıdır”, yoxsa yağış yağmasını gözləmək uzun çəkərdi. Həm də təbii yağışdan texniki avadanlığı sığortalamaq mümkünsüzdür, üstünə yağsa, avadanlıq özü də sıradan çıxar, hətta insanı da çıxarda bilər.
Ramiz Əzizbəylinin ifasında “Tello” xalq mahnısı isə filmin koloritidir. Eldəniz Zeynalovun epizodik obrazı da çox maraqlı kadrdır.
- Necədir?
- Bir az emosiya azdır
- Mənim dayım oğludur e, İsabala, yaxşı demək olar?
- Lazım gəlsə, olar, niyə olmur...
Filmdə toy səhnəsində “İsrafil” deyə qışqırıb ortaya düşən obraz da improvizədir. Rejissorlar Muxtar Manıyevə tapşırıq verirlər ki, Səyavuşun xəbəri olmadan ona sillə vur, təbii alınsın. Alınmağına təbii alınır, amma Muxtar Manıyevi də Səyavuş Aslanın əlindən güclə alırlar.
Başqa bir improvizə obraz isə Arif Quliyevin oynadığı Mirişdir.
Aktyor həmin vaxt Şamaxı mədəniyyət evinə öz şou qrupu ilə qastrola gəlibmiş. Tədbirdən sonra gəlib ki, Ceyhun Mirzəyevlə görüşsün. Rejissor da düşünüb ki, elə öz ayağınla gəlmişkən, gəl sənə bir obraz düzüb-qoşaq. Elə də edirlər. Arif Quliyevin qaçhaqaçla gəlib onlarla görüşüb qayıtmaq istəyi obraza belə çevrilir.
Onunla qastrola gələn qız isə Mirişin sevdiyi qızın obrazı olur. Həmin aktrisa da Arif Quliyevlə qastrola gəlibmiş və aralarında olan macəra da filmə düşür.
Arif Quliyev: "Şamaxıda qastroldaydıq. Vaqifgillə hal-əhval tutmağa getdim. Nə isə, mənə rol verdilər, razılaşdım. Amma çəkilişlərə çox vaxt gecikirdim. Gecikməyimə səbəb isə Bakıdan mənimlə gələn qız idi. Onunla xeyli söhbətləşirdik, bir də görürdüm ki, çəkilişlərə gecikmişəm. Kollektiv baxırdı ki, içəri girdim. Əynimdəki köynəyi səhv geyinmişəm, düymələr də tərs bağlanıb. Çəkiliş truppası da bilmirdi ki, mən haradan gəlirəm. Yalandan deyirdim ki, idmandan gəlirəm, ona görə gecikmişəm. Firəngiz sonradan hara getdiyimi başa düşmüşdü. Bir dəfə gördü ki, qulağımın sağ tərəfindən pomada izi var. Rejissor da acıqlandı ki, "sən bura çəkilişə gəlmisən, ya pomadalanmağa". Bütün heyət gülməkdən birtəhər olmuşdu.
Filmin kadrarxası maraqlı epizodlarından biri ötən il 85 yaşında vəfat etmiş kənd sakini Rəhilə Əhmədova ilə aktyor Hacı İsmayılov arasında olan söhbətdir. Kütləvi səhnələrdə çox çəkilən bir qrup kənd sakinindən pasportlar yığılır və onların hər birinə pul hesablanır. Pullar verilərkən Rəhilə Əhmədova soruşur:
- Bəs mənim eşşəyimin pulu hanı? Axı, kino çəkəndə onu maşın vurmuşdu.
- Hə, düz deyirsən, gör necə yaddan çıxıb. - Hacı İsmayılov deyir. - Tez ol, get eşşəyinin pasportunu gətir, ona da pul hesablansın.
Bir əhvalat da yerli partiya təşkilatının katibi ilə Həsənağa Turabov arasında olub. Çəkiliş aparılarkən üzüm yığımının qızğın vaxtı imiş. Kütləvi səhnələrin birində katib gəlir və təsərrüfat işlərinə mane olduqları üçün çəkiliş qrupunu acılayır. Bərk mübahisə düşür, hətta tərəflər bir-birinə ağır sözlər deyirlər. Məsələ böyüyərək rayon partiya komitəsinə, milisədək gedib çıxır. Sonu xeyirliklə başa çatır və bu epizod da filmdə müəyyən mənada öz yerini tapıb.
Ələsgər Məmmədoğlu pirotexnik rolunu oynayır filmdə. Əslində aktyor elə çəkiliş heyətinə kömək edirmiş, yəni filmdə çəkilmirmiş. Yenə rejissorların təklifi ilə bəzi kadrları salırlar filmə. Ələsgərin stuldan yıxıldığı yeri isə məqsədli şəkildə qurublar. Yaradıcı qrup əvvəlcədən stulun ayağını kəsib ki, Ələsgər yıxılsın.
Bir sözlə, bütün heyət filmin alınmasına çalışıb ki, əli boş qayıtmasınlar Bakıya. Nəticədə maraqsız ssenaridən maraqlı film alınıb, həm də komediya. Hərçənd, göz önündə alınan ssenari komediya deyil, ayrı-ayrı faciəvi obrazların məcmuəsidir. Ən faciəvi isə Nəcibə Behbudovanın yaratdığı Bibixanımdır. Fədakar Azərbaycan qadını. Gecənin yuxusunu yatmır, İsrafilin-rəhmətə getmiş qızının həyat yoldaşının aldığı nəfəsin də qayğısını çəkir. Komediya, içində faciə, yaxud əksinə. Hər nədirsə, o əjdahadan yenə olsun... Olsaydı, 43 dəfə baxardıq.