Tənzilə Rüstəmxanlı kimdir?  - Haqqında ən çox danışılan DEPUTATLIĞA NAMİZƏD
05 sentyabr 2024 14:08 (UTC +04:00)

Tənzilə Rüstəmxanlı kimdir? - Haqqında ən çox danışılan DEPUTATLIĞA NAMİZƏD

Lent.az  “Bioqrafiya” rubrikasında ictimai-siyasi fəaliyyətlə məşğul olan Tənzilə Rüstəmxanlıdan bəhs edir.

- Tənzilə Rüstəmxanlı harada və nə zaman anadan olub?

Tənzilə Yolçu qızı Rüstəmxanlı 1960-cı il noyabr ayının 28-də Qərbi Azərbaycanın Amasya rayonunun Əzizbəyov kəndindən anadan olub. 1969-cu ildə ailə vəziyyəti ilə əlaqədar Azərbaycan Respublikasının Balakən rayonunun Qazbinə kəndinə köçüb.

- Tənzilə Rüstəmxanlı harada ali təhsil alıb?

1969-ci ildə Qazbinə kənd orta məktəbin birinci sinfinə daxil olub və 1977-ci ildə məktəbin 8-ci sinfini bitirib. 1977-ci ildə Bakı şəhərində Bakı Ticarət Texnikumuna daxil olub, mühasibat uçotu üzrə ixtisasa yiyələnib. 1991-ci ildə Moskva Kooperativ İnstitutunun Bakı flialını iqtisadçı ixtisası üzrə bitirib. 2012-ci ildə Bakı Dövlət Universitetində Filologiya üzrə fəlsəfə elmlər doktoru elmi dərəcəsini alıb.

- Tənzilə Rüstəmxanlı kimlə evlənib?

O, Azərbaycan Respublikasının Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin sabiq deputatı Sabir Rüstəmxanlının həyat yoldaşıdır. Bu evlilikdən Cəmil və Aydan adlı iki övladı dünyaya gəlib. Bacısı Könül Rüstəmxanlı Sabir Rüstəmxanlının qardaşı Şahbaz Xuduoğlu ilə evlənib. O, 2015-ci ildə yol qəzasında vəfat edib.

- Onun ictimai fəaliyyəti necə keçib?

Tənzilə Rüstəmxanlı 1996-cı il may ayının 3-də Azəri Türk Qadınlar Birliyinin sədri seçilib. O, Dünya Azərbaycanlıların Konqresində sədr Sabir Rüstəmxanlının Türk Dünyası üzrə müşaviridir. Bir müddət o, Azərittifaq sədrinin 1-ci müavini vəzifəsində çalışıb, indi isə müavindir.

- Onun siyasi fəaliyyəti necə keçib?

Hazırda Vətəndaş Həmrəyliyi Partiyası sədri Sabir Rüstəmxanlının müşaviridir.

Tənzilə Rüstəmxanlı 2015-ci il parlament seçkilərində 42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə deputatlığa namizədliyini irəli sürsə də, namizədliyi qeydə alınmayıb.

Tənzilə Rüstəmxanlı 2024-cü il növbədənkənar parlament seçkilərində Vətəndaş Həmrəyliyi Partiyası üzvü olaraq 70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd olub və səsvermədə yüksək nəticə əldə edib.

- Tənzilə Rüstəmxanlının atası nə işlə məşğul olub?

"Biz ermənilərin içində yaşamışıq. Atam indiki Ermənistanda yanğınsöndürmə idarəsində işləyirdi. Çox qanunpərəst, ədalətli bir insan idi. Onu işdən çıxartmışdılar. Yadımdadır, Sovet dönəmində Vyetnama üzvlük haqqı verirdilər. Onda atam Kremlə, Leninin məzarına teleqram vurmuşdu ki, altı uşağım var, ailənin tək çörək gətirəniyəm, ermənilər məni işdən çıxarıblar, ona görə də sovet vətəndaşlığından imtina edirəm. Və neçə illərdi Vyetnama üzvlük haqqı vermişəm, gedib Vyetnamın vətəndaşlığını qəbul edəcəm. Moskvadan teleqram gəldi, 24 saat çəkmədi ki, atam işə bərpa olundu" - özü müsahibələrin birində atası barədə belə deyib.

- Tənzilə Rüstəmxanlı yeməyi özü bişirir?

Müsahibələrinin birində “Özüm, özüm… Özüm bişirirəm, oturub yeyirik. Biz məclisləri, restoranları zaman itkisi hesab edirik” deyə o bildirib.

- Tənzilə Rüstəmxanlı üçün din nədir?

"Millətlər, xalqlar müxtəlif dinlərə inanır, ona tapınırlar. Hər millət hansı dinə xidmət etməyindən asılı olmayaraq, mən buna sayğı ilə yanaşmışam. Şəxsən özüm çox inanclı biriyəm. Sovet dövründə bizim dinimizi qadağan etməyiblər, amma onu tam olaraq yaşamağa ehtiyatla yanaşıblar.

Mənim nənəmin namaz qıldığı yadımdadır. Ancaq hiss edərdim ki, bunu ehtiyatla edər. Nənəm türkiyəli idi. Babam radioya almünium məftildən antena düzəltmişdi. Babam onunla Türkiyə radio kanallarını tutmağa çalışardı ki, nənəm azan səsini duya bilsin, o səslə namaz qılsın. Amma SSRİ zamanında “sən müsəlmansan, bu dini yaşaya bilməzsən” deyə bir qadağa da yox idi. Ancaq hər halda bəzi sərhədlər var idi ki, ondan ehtiyat edirdilər" - o deyib.

- Tənzilə Rüstəmxanlı namaz qılıb, oruc tutub?

“Mənim oğlum da, qızım da namaz qılır. Özü də çox kiçik yaşlarından. Mən özümü namaza hazır biləndə bu ibadəti edəcəyəm. Amma bu dəqiqə özümü buna hazır görmürəm” – qeyd edib.

- Tənzilə Rüstəmxanlı hansı təltifləri alıb?

Tənzilə Rüstəmxanlı 2001-ci ildə Azərbaycanda keçirilən sorğunun nəticəsinə görə, “İlin Qadını” adına layiq görülüb. 2002-ci ildə “İlin vətənpərvər”i, 2003-cü ildə “Azərbaycanın tanınmış ziyalısı” və “Azərbaycanın tanınmış xanımları” beynalxalq layihəsinin qalibi, 2004-cü ildə isə “XXI əsrin tanınmış ziyalısı” diplomları ilə təltif olunub. Azərbaycan-Türk Dünyası ictimai əlaqələrinin inkişafında göstərdiyi fədakar xidmətlərinə görə, “Qız Qalası Milli Mükafatı ilə mükafatlandırılıb. Türkçülüyün təbliğində xidmətlərinə görə, 2006-ci ildə “Qızıl Buta” Müstəqil Milli Mükafata təltif görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11238
avatar

Fidan İlqar

Oxşar yazılar