Polis nəzarətindəki şəhər qaranlıqları...

Günel Mövlud
Yay aylarının dadı bir ayrıdır. İlin doqquz ayı sümüyü qızmayan adam kimi, mən yayda özümü suda balıq kimi hiss eləyirəm. Hava isti, meyvə-tərəvəz bol, gecələr də saatlarla açıq havada gəz özünçün...

Bizə nə var ki, biz heç. Biz gecəyarıya qədər də gəzərik, lap ağlımıza verəndə sonradan üzümüz xalqımız tərəfindən it üzü kimi danlansa da, gecədən reportaj da yazarıq. Vay sütül, naşı gəncliyin halına. Xüsusilə sevgililərin, cütlüklərin...onların bir-birinə eşqnamə pıçıldayıb, hisslərini bir sığalla, bir öpüşlə, bir toxunuşla büruzə verməklərinin axırı, adətən çox qanqaraldıcı və xüsusilə qeyri-romantik nəticələnir. Adama elə gəlir ki, Bakı binə olandan buranın bulvarı, çimərlikləri, parkları, bağları, bütün sıx ağaclıqları, kolluqları polis nəzarəti altındadı. Özü də qanun keşikçisi polisin yox, namus-qeyrət, ana-bacı, mentalitet polisinin. Bu «mentalitet polisi» oğrunu, qulduru, küçədə qıza sataşanı, narkomanı-zadı buraxıb, ancaq bulvarda öpüşənlər, çimərlikdə mehribanlıq eləyənlər, kolluqda tumarlaşanlar üzrə, onları polis bölməsinə aparacağı, cütlüklərin ata-anasını işə cəlb edəcəyi, qohum-əqrəbanı bölməyə tökəcəyi ilə hədələməklə ixtisaslaşıb.
Gənclər üçün də işin ən qorxulu tərəfi budur – valideynlərin məsələyə qarışması. Axı ölkədə bütün gənclik «Dalğa»çılardan, postmodernistlərdən, demokrat övladlarından, ziyalı balalarından ibarət deyil. Qızını bölmədə görəcəyi halda başını kəsməyə hazır olan ata-ananın uşaqları yaşayır bu ölkədə. Və bütün bu qanunsuzluq, rüşvət, hüquqpozma mexanizmi bizim mentalitet qarovulçusu valideynlərimizin hesabına işləyir.
Üzüm ayağınızın altında, öpüşməklə bağlı bir «polisli» xatirəm olmasa da, bu vəziyyətlərə oxşar bir hadisə gəlib başıma. Gün o gün döyül, Allah həmin Allahdı, bir günü iki rəfiqəmlə Badamdardakı «Botanika bağı»nda görüşdük. Bağdakı bitkilərin yarpaqlarının «şaxəli damarlanan», «qövsvari damarlanan», «miləmil damarlanan» növlərini ayırd eləyəndən sonra, romantikliyimizə salıb, piknikvari bir şey eləmək fikrinə düşdük. Hava sərin, insanlar şən, özümüz həvəsli idik. Orda-burda, kolluqlada, ağacların altında qol-boyun oturmuş cütlüklər qumru quşları kimi şirin-şirin civildəşirdilər. Bağın ağaclardan seyrək, yaşıl otdan bol yerlərində ədyallarını sərib oturmuş ev arvadları, uşaqlar, şən gənclər süfrələrində allah verəndən yeyib, uzanışmışdılar. Bağın girəcəyindəki restoranlarda xalqımız yeyib-içir, deyib-gülür və yay aylarının sərin dadını çıxarırdı...

Uzun sözün qısası, biz də bir yer tapıb, süfrəmizi sərmək istədik. Rəfiqələrimdən biri siqaret çəkən olduğundan, biri ifrat utancaqlığı ilə seçildiyindən, gözdən-qulaqdan bir az uzaq yer tapmağa çalışdıq. Əhalinin əksinə, biz ağacların sıx yerini tapıb, süfrə saldıq.

Az keçmişdi, çox keçmişdi, bilmirəm. Qəfildən kolların arası ilə sinə-sinə gələn bir mühafizəçi gördük. Bığlı-mığlı, qara-qura oğlan idi. Oğlanın oğrun-oğrun gəlişi bir yana, bizi təəccübləndirən onun əlindəki tək qızılgül oldu. Oğlan onu gördüyümzü görəndən sonra, kolların arasından çıxdı və salam verdi. salamını alıb, özünü süfrəmizə dəvət elədik. Mühafizəçi təşəkkür eləyib, gülü aramızdakı ən gözəl qıza (o qız mən deyildim, sonra məni qeyri-təvazökarlıqda ittiham eləməyin) uzatdı. Rəfiqəm gülü aldı və hər üçümüz belə nəzakətlə davranan mühafizəçiyə təşəkkür elədik. Oğlan getdi. Sonra
qəfildən qarşımızda bayaqkı mühafizəçi oğlan, yanında da daha bir mühafizəçi peyda oldu. Və başladılar:
- Xanım, siz niyə belə gözdən uzaqda oturmusunuz?
Təəccüblə bir-birimizə baxdıq. Sonra rəfiqəm:
- Bura xoşumuza gəldi, nə olub ki? – dedi.
Mühafizəçi, süfrədəki qırmızı şəraba işarəylə:
- Burda spirtli içki içmək olmaz. – dedi. – Qalxın, süfrənizi də yığışdırın.
Nəzakətlə:
- Axı bağın içində restoran var. Orada spirtli içki verirlər. – dedik. – Əgər konkret olaraq burada olmazsa, onda niyə bildiriş yoxdur.
Oğlan həyasızca irişdi:
- Bildirişi neynirsiz? Mən sizə deyirəm ki, olmaz!
Özümü saxlamağa çalışsam da, alınmadı:
- Necə yəni siz deyirsinizsə, olmaz? Ümumiyyətlə, niyə bizim istirahətimizi korlayırsız? Sizə bu icazəni kim verib? Xahiş eləyirəm, gedin burdan. Bizə mane olmayın!
- Əşi, nətəhər yəni «mane olmayın»?! Siz qanunu pozmusunuz!
- Hansı qanunu pozmuşuq?
- Burda niyə gizlində oturmusunuz?! Mən nə bilim ki, siz içəndən sonra burada əxlaqa zidd hərəkət eləməyəcəksiz?
Rəfiqəm hirsindən güldü:
- Başınız xarabdı? Üç qız hansı əxlaqa zidd hərəkət eləyə bilər ki? Burada kişi xeylağı görürsüz?
- Kişi olmağı vacib deyil ki...qanunu pozanda elə qızlar da pozur.
Yavaş-yavaş partlayırdım:
- Qanunu pozmuşamsa, polis çağırın.
- Polis niyə çağırıram, mən sizə deyirəm, durun burdan!
- Mən də sizə deyirəm ki, biz burdan qalxmayacağıq!
Bayaq rəfiqəmə gül verən oğlan başını yellədi:
- Xanım, sizin xoşunuza gələr ki, qardaşınız burda içki içdiyinizi bilə?

Aha...məsələ məlumdu. Ata-qardaş, valideyn bilməsin, ailədə aləm bir-birinə dəyməsin deyə, biz güzəştə getməliyik...amma ölmüşdü Xankişi! Gülümsədim:
- Problem yoxdu. O qədər çox istəyirsinizsə, qardaşımı da bura dəvət edə bilərik. Hətta atamı da...
Mühafizəçi susdu. Rəfiqəm süfrədəki gülü götürüb, ona uzatdı:
- Alın, ayıb olsun sizə! Bizə gül bağışlayıb, sonra da belə hərəkət eləyrsiz!
Oğlan gülü alıb:
- Sizə ayıb olsun ki, qız xeylaqları içki içirsiniz! – dedi. Sonra o biri yoldaşına tərəf dönərək:
- Vapşe, düz deyirsən, aparaq bölməyə bunları. Orda ata-anaları gələr, ağılların başlarına yığarlar.
Rəfiqələrimin birinin rəngi ağardı. Tez vəziyyəti dəyərləndirdim:
- Onsuz da elə olacaq! Ya bölməyə gedəcəyik ki, görək biz hansı qanunu pozmuşuq, yada çıxıb gedəcəksiz.
Mühafizəçilər bir-birinə baxıb, getdilər. Rəfiqələrimdən biri yalvardı ki, gəlin, vəziyyəti qəlizləşdirməyək. Şərabı yığışdıraq, özümüz də qalxaq. Amma məsələ şərab yox, prinsip məsələsi idi. Elə biz bunu müzakirə eləyəndə, bayaqkı oğlanlar yanlarında iki kişi ilə qayıtdılar. Mülki geyimli, orta yaşlı iki nəfər özlərini buranın inzibatçıları kimi qələmə verərək, buradan qalxmağımızı, şərabı yığışdırmağımızı tələb elədi.
Demək olar ki, bayaqkı dialoq onlarla da təkrarlandı. Axırda yenə:
- İki variant var – ya biz burada oturub, şərabımızı içirik, ya hamımız polis bölməsinə gedib, kimin qanunu pozduğunu ayırd eləyirik – dedik.
Bu dörd nəfər əlləri ətəklərindən uzun, çıxıb getdilər. Bizsə mərasimimiz qurtarandan sonra bağdan çıxdıq. Bayaqkı mühafizəçilərdən, inzibatçılardan gözümüzə dəyən olmadı.
Bu hadisəni xatırlatmaqda məqsədim...Bizə hədə-qorxu gələn mühafizəçi də, polis də ən çox məsələni şişirtməklə, valideynlərimə bildirməklə qorxudurdular bizi. Bu hal təkcə botanika bağında deyil, hər yerdə – küçədə, parkda, gecə vaxtı şəhərin ortasında da baş verir. Əlbəttə, min dəfə əlbəttə ki, biz ictimai yerdə, insanların gözü qarşısında ədəbsizlik həddinə çatan hərəkətlərin qəti şəkildə əleyhinəyik... Amma axı tutaq ki, parkda skamyada öpüşmək qanunla qadağan olunmayıb! Və bunun qarşısını almaq da polisə həvalə olunmayıb!
«Əxlaq polisi» anlayışının olmadığı bir ölkədə, heç bir qanun küçədə öpüşməyi, spirtli içki içməyi, gecəyarısı şəhərdə gəzişməyi qadağan etmədiyi halda, polis bu ölkənin gənclərini gözüqıpıq eləyir. Bölmədən oddan qorxan kimi qorxan gənclər, valideyni məsələni bilməsin deyə, iş ailə üzvlərinə çatmasın deyə, güzəştə gedir, rüşvət verir, eşitdiyi təhqiri udur, qanunsuzluğa kömək eləmiş olur.
Qanun pozmadığı halda bölməyə düşsə, valideyninin onun tərəfində olacağını, dəstək göstərəcəyini bilsə, heç bir gənc rüşvət verməz, onu təhqir eləyən polisə güzəştə getməz.

LENT

25 May 2019

Digər xəbərlər >>>