Böyrəyimi satıram

İlqar Əlfioğlu
Yox. Məni qara basmırdı...
Bu sözləri deyən qadın da düz qarşımda dayanmışdı...
İki böyrəyindən birini satmaq istəyən qadın...

* * *

Nədənsə yazı-pozu adamlarına dərdini açan, şikayətini dilinə gətirib çarə uman çox olur.
Mən də belə şikayətlərə çoxdan öyrəncəliyəm - hələ Dövlət Televiziyasının "Dalğa" proqramında aparıcılıq edəndən...
Düzdür, deyirlər ki, sevinci böləndə - artır, dərdi böləndə - azalır, amma neçə-neçə adamın dərdinə şəriklik etmək də ağır işdir.
Elə buna görə də mətbuatda çalışan çoxlarının qulağı belə dərdlərlə tez dolur, ürəyi qısa müddətdən sonra daşa dönür. İstəsə də, istəməsə də içində bir biganəlik cücərir...

Bizim proqram da bağlananda bircə şeyə sevindim: şükür, daha dərdini mənə söyləyib kömək uman olmayacaq...

Buna əmin idim. Amma yaman yanılırdım.
O "müdhiş" "Dalğa" hələ idealist olan cəmiyyətimizə elə soxulmuş, onu elə silkələmişdi ki, yaranışında bircə barmaq iştirakı olanlar artıq ömürlük məhkum idilər - çarəsizlərin dərdini getdikcə əpriyən çiyinlərində daşımağa məhkum...
Mən də bu baxımdan istisna deyiləm - düz 1988-ci yanvarından məni görənin dərdləri düşür yadına...

İşdən çıxandan sonra, təzə-təzə yaman bezirdim, deyirdim ki, daha televiziyada deyiləm, əlim heç yana çatmır. Sonra gördüm ki, bu insanlar dərdlərinin çarəsindən çox özlərinə həmfikir, həmdərd, havadar axtarırlar. Çünki bayaq xatırlatdığım həqiqəti - bölüşəndə dərdin yüngülləşdiyini onlar da yaxşı bilir...

* * *

- Böyrəyimi satıram...

Qarşımdakı qadın qətiyyən dəliyə oxşamırdı. İri, qara gözlərini yerə dikmişdi. Amma sözlərinin məndə doğurduğu təəssüratı öyrənmək üçün baxışlarını qaldıranda bəbəklərinin zülmətindən süzülən çarəsizlik havası içimi ürpətdi... Dinmədim - daha doğrusu, məqama uyğun bir söz tapıb deyərək özümü toparlamaq üçün vaxt da qazana bilmədim. Qadına isə elə gəldi ki, onun nə dediyini anlamadım...

- Sənin xaricdə tanışların çoxdur, fikirləşdim ki, yaxşı müştəri tapmağa köməyini əsirgəməzsən... Burda on min dollara istəyirlər, amma deyirlər ki, Türkiyədə, İranda lap otuz minə də satmaq olar... On min azdır... Çox az... Mənə heç olmasa, iyirmi altı min lazımdı... Özü də tez... Sələmçiyə borcum var - on faizlə... Ayın axırı artacaq... Zalım uşağı!... Dirəniblər ki, pullarını kom verim. Bir-iki aya heç otuza da satsam, düzəlməz... Belə problem olmasaydı, tələsməzdim - gör nə vaxtdan faizlərini verirəm... Dörd aydan sonra iki il olacaq...

Beynimi çalışdırdım: iyirmi altı minin aylığı iki min altı yüz; on ayda iyirmi altı min; üstəgəl ikiaylıq beş min iki yüz - bir ilə cəmi eləyər otuz bir min iki yüz... Altı ayı da on beş min götürsək nə qədər eləyir?

QIRX ALTI min!
İyirmi altı minə qarşı qırx altı min!

Başımı bulamaqdan başqa çarə yox idi...

- Sakit oturmuşdular - aybaay faizlərini alırdılar. Elə ki eşitdilər borcuma görə böyrəyimi satıram, düşdülər əl-ayağa. İndi deyir ki, pulu kom qaytar. Yəqin qorxurlar böyrəyimi çıxaranda öləm, pulları bata... Yaman həyasız arvadlardır... Adamda abır-ismət qoymurlar... Deyirəm qaytarmağa imkanım yoxdur, deyir ki, pul sahibi səni də öldürər, bizi də. Yalan-doğru, deyir ki, vəzifəli adamdır... Özüm cəhənnəm, barı uşaqlarıma dəyməsinlər...

* * *

Həmin axşam qulaqlarımda qadının son sözləri cingildəyirdi:
"...Özüm cəhənnəm, barı üşaqlarıma dəyməsinlər..."

Hirsimdən boğulurdum. Gərək ona deyəydim ki, ay yazıq, uşaqlar onların nəyinə gərəkdir - onsuz da iki ildir damarlarındakı qanı da sümürüblər... Yenə pula gedəcəyinə əmin olsaydılar, başqa məsələ. Yoxsa iki dənə qaçqın balası onların nəyinə dərman olacaq?...

* * *

Gecə yuxuda Cəhənnəmi gördüm - sözün məcazi deyil, maddi anlamında...
Kadrın mərkəzində iri planda bir şiş kabab vardı - yağı şişdə cızıldayan əsl böyrək kababı...
Kadr arxasından həmin şişi iki qadına uzadırdılar, onlar da ikrahla üz-gözlərini bürüşdürüb yemək istəmirdilər...
Qeybdən gələn, göy gurultusunu andıran amiranə bir səs isə deyirdi:
- Yeyin! Niyə yemirsiniz?! Sizə böyrək satdıranlarınkıdır - o yekə, piylilər pul yiyəsinin, xırdaları sələmyığanlarınkı - nuş edin ki, bundan artıq qəzəbə gəlməyəsiniz!

Qadınların birini tanımadım, amma ikincisi yüz faiz böyrəyini satmağa çalışan, halına dinməz acıdığım həmin o fağır qadın idi...
Bu dünya kimi, o dünyada da sələmçilərlə qonşuydu...

* * *

Bu yazdığım nağıl deyil.
Kimə nağıl kimi gəlirsə, yanbızından yağlı bir çimdik götürüb yaşadığı nağıllar dünyasının şirin röyasından ayılsın...
Və gözlərini açıb görsün ki, mənim yazdığım həqiqətlərimizin ən çılpağıdır!

P.S.

Mən Tanrının qulu deyil, özü olsaydım, böyrəyini satan arvadı heç vaxt cəhənnəmə yollamazdım, fikirləşərdim ki, bu dünyada çəkdirdiklərim bəsidir...

Amma yenə də... məsləhətinə şükür, İlahi!

LENT

26 Aprel 2019
25 Aprel 2019

Digər xəbərlər >>>