Zirəddin Rzayev: “Generalın qətlilə bağlı nə isə deməyə qorxuram” – MÜSAHİBƏ
07 mart 2009 14:30 (UTC +04:00)

Zirəddin Rzayev: “Generalın qətlilə bağlı nə isə deməyə qorxuram” – MÜSAHİBƏ

Azərbaycanda nəşr olunan “Bizim yol” qəzeti ekstrasens Zirəddin Rzayevin müsahibəsini dərc edib. Lent.az-ın məlumatına görə, Z.Rzayev “Yeni Çağ” qəzetində haqqında yazılan ittihamları təkzib edib.
Yazılanlardan xəbəri olduğunu söyləyən ekstrasens “Yeni Çağ”ın hansı mənbədən məlumat aldığına diqqət çəkib: “Hansı mənbəyə, dəlilə əsasən belə bir yazı yazıblar? Əgər elədirsə, onda burada olan dostlarda mənə deyirlər ki, həmin qəzet ermənilərə işləyir. O zaman bu doğrudurmu? Bəli, mən Rusiyada kafelərdə oluram. Xanımım uşağımla Bakıda olduğu üçün işdən sonra evdə yemək hazırlamağa vaxtım və həvəsim qalmır. Ona görə də dostlarımla birgə çox vaxt kafedə, restoranda oturub yemək yeyirəm. Gecə saat 10-dan sonra məni heç bir kafedə, restoranda görmək mümkün deyil. Eyş-işrətlə məşğul olaramsa, gedərəm saunaya. Daha kafeyə niyə gedirəm ki?”.

Z.Rzayev satanistliklə heç bir əlaqəsinin olmadığını da bildirib: “KİV sağlam, dəqiq mənbəyə istinadən məlumat yaymalıdır. Mənim ana tərəfdən soy köküm xəlifəlilərə, imamlara gedib çıxır. Mən imam nəslindənəm. Əgər mən satanistəmsə, qoy məni imamların cəddi tutsun, belimi qırsın. Qəzet yazır ki, 2006-cı ildə Moskvadan Ermənistana getmişəm. Onu yazanlar bilməlidir ki, mənim Moskvaya gəlişim artıq bir ildir. O zaman necə ola bilər ki, iki il bundan əvvəl Moskvadan Ermənistana gedim? 2006-cı ildə Bakıda olmuşam. Qoy MTN araşdırsın mənim nəslimi, kökümü, fəaliyyətimi. Əgər ermənilərlə, satanistlərlə bir əlaqəm varsa, tutsunlar məni. Kimin şübhəsi varsa, gəlib Moskvada hansı universitetdə oxuduğumu müəyyənləşdirə bilərlər.
Artıq hüquqşünaslarla danışıqlar aparıram. O qəzet mənim barəmdə yalan, təhqir yazdığı üçün onları məhkəməyə verməyə hazırlaşıram”.

- Zirəddin bəy, bəs Bakıdan hansı təssüratla qayıtdınız?

- Doxsan faiz xoş təssüratla qayıtdım. İnsanların mənə inandığını və sevdiklərinin şahidi oldum. Amma mətbuatda mənim barəmdə heç bir dəlilə əsaslanmayan yazıların yazılması məni məyyüs etdi. “Yeni Müsavat”da yazmışdı ki, insanları seansı 1000 dollara qəbul edirəm. Bunlar hamısı ag yalandır.

- Bakıda olan zaman general Rail Rzayevin qətli ilə bağlı dövlətin sizi cağıraraq məlumat alması xəbəri də yayıldı...

- Düzdür, Bakıda olan zaman dövlətdə çalışan məmur dostlarımla görüşdüm. Amma generalın ölümü ilə bağlı dövlət məndən heç bir kömək istəməyib. Yalnız internet vasitəsilə generalın qohumları mənə müraciət ediblər. Mən isə cavab verdim ki, sizə heç nə deyə bilmərəm. Çünki qorxuram. Ancaq dövlət bu qətlin açılması ilə bağlı müraciət edərsə böyük məmuniyyətlə onlara köməklik edərəm.

- Azərbaycana qayıdacaqsınızmı?

- Azərbaycan mənim vətənimdir. Azərbaycanı və azəriləri çox sevirəm. Öz istedadıma, gücümə güvənirəm. Allahın izni ilə hər zaman vətənimə, millətimə kömək etməyə hazıram. Baxmayaraq ki, haqqımda xoşa gəlməyən şeylər yazırlar.

Xatırladaq ki, “Yeni Çağ” Z.Rzayevin Rusiya xüsusi xidmət orqanlarının agenti olduğunu yazıb: “Əvvəllər ekstrasenslərlə bağlı verilişlərə tamaşaçı kimi qatılan bu Zirəddin Rzayevin iki il öncə Rusiyaya getdiyi və orada Rusiya xüsusi xidmət orqanlarının nəzarətinə düşdüyü bildirilir”.
Qəzet daha sonra yazıb: “Moskvadakı dostlarımızdan alınan bilgilərdə isə bildirilir ki, “Zirəddin Rzayev Moskvada yaşayarkən, heç də dinlə bağıl adam olmayıb. O, əyyaşlıqla məşğul olub və bütün gününü satanist barlarda keçirirmiş”.
Qəzet iddia edib ki, ekstrasensin rus və erməni xüsusi xidmət orqanlarının təlimatı ilə satanist qrupların arasına salındığı və orada təlimini başa vurduqdan sonra Azərbaycana gələrək, burada satanist qruplar yaratmaq istədiyi barədə məlumatlar var: “Xüsusilə, 2006-cı ildə Moskvadakı erməni ekstrasens dostları ilə birlikdə İrəvana gizli səfər etməsi ilə bağlı məlumatların dolaşması şübhələri daha da artırır”.
# 1862

Oxşar yazılar